Evə gec gələn arvadını ağır cəzalandıran kişi azadlıqda – Hökm

Baxış sayı:
2392

Bakıda arvadını bıçaqlamaqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Səxavət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Muxalifet.az xəbər verir ki, Nərimanov rayonu ərazisində kirayədə yaşayan Səxavət Piriyev bu ilin fevralın 8-də həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səbinə Səfərovanın bıçaqlayıb. Yaralı təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ona vaxtında yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaqa ifadəsində Səxavət Piriyev deyib ki, arvadını evə gec gəldiyi üçün bıçaqlayıb.

Fevralın 8-də axşam saatlarında qadının işdən evə gec gəldiyini deyən Səxavət Piriyev bildirib ki, bu səbəbdən mübahisə ediblər. Arvadı ona kobud cavab verib. Səxavət Piriyev bıçağa əl atıb.

İstintaq orqanı tərəfindən Səxavət Piriyevin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığına ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səxavət Piriyevə qarşı istintaq orqanı tərəfindən verilən 126.2.3-cü maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edilib.

Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edib.

Səxavət Piriyevə təyin edilmiş 2 il 11 ay 29 gün müddətə cəza şərti hesab edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bu hökmdən prokurorluq narazı qalıb və iş üzrə çıxış edən prokuror apelyasiya protesti verib.

Prokuror protestində Səxavət Piriyevin barəsində olan hökmün ləğv edilməsini, onun həbs edilməsini tələb edib.

Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Sahibxan Mirzəyevin icraatına verilib.

Məhkəmə baxışı sentyabrın 13-nə təyin edilib.