Etibar Pirverdiyev 1 milyon manat rüşvət almaqda ittiham olunur

Qarabağ əlili "Azərenerji" prezidentinin onu intihar həddinə çatdırdığını deyir

Eldəniz Həşimov: “Mənim intiharımla bağlı bütün məsuliyyət Etibar Pirverdiyevin üzərinə düşəcək”

Dünən 2- ci qrup Qarabağ Müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu tərəfindən muxalifet.az saytının elektron poçtuna şikayət məktubu daxil olub. E.Həşimov "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevdən şikayətçidir. “Mən üzləşdiyim qanunsuzluqdan, süründürməçilikdən bezmişəm, əgər buna görə intihar etsəm, bunun məsuliyyəti "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək” – deyən məktub müəllifi yazır:

“Vətənini, torpağını, xalqını sevən hər bir Azərbaycan vətəndaşından, vicdanlı insanlardan mənə yaxından kömək etməyi xahiş edirəm. Mən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, əlil olmuşam. Buna görə fəxr edirəm, qürur duyuram. Vətənimə, elimə-obama canım qurban. Ancaq vətənin torpaqlarının azadlığını yox, başqasının qanunu torpağını satıb mənimsəməyi düşünən bəzi saxtakar vəzifəli şəxslər var ki, 1 ildən çoxdur mənə zülüm verirlər”.

E.Həşimob deyir ki, 2007-ci ildə  Bakı şəhəri Binəqədi bələdiyyəsindən 20 sentyabr tarixli 561 saylı qərarı ilə 600 kvadrat metr ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi alıb. Həmin torpaq sahəsinin təxminən 50 metrliyində möhtəşəm villalar olub və, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçib. Həmin villaların sahbləri küllü miqdarda pul verib elektrik xəttinin yerini qanunsuz olaraq dəyişdirərək 50 metr qarşı tərəfə, onun torpaq sahəsinin üzərinə yerləşdiriblər: “Sizə təqdim etdiyim fotolardan yüksək gərginlikli elektirik xəttinin əvvəlki yeri, yerdəyişmə vaxtı (yerə aşırdılmış böyük elektirik dirəyi) mənə məxsus torpağın üzərindəki hazırki şəkili tam aydın görünür. Bütün proseslərin fotosunu çəkmişik. Bu qanunsuzluğu şəxsən "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin tapşırığı ilə ediblər. Çünki həmin villaların sahibləri buna görə 1. 000. 000 ( bir milyon) manat pulu Etibar Pirverdiyevə veriblər. Mənim çoxsaylı şikayətlərimdən sonra Abşeron Regional Elektirik Şəbəkəsi tərəfindən başdan sovdu araşdırma aparıb, mənə əsassız cavab verdilər ki, guya, yüksək gərginlikli elektirik xəttinin yerini dəyişəndə Reyestr Xidmətindən cavab alınıb ki, həmin ərazidə mülkiyyət yoxdur. Ancaq, əslində bu yerdəyişməni etməməzdən əvvəl həmin ərazi üzrə bələdiyyədən, Torpaq və Xəritəçəkmə Komitəsinin Binəqədi rayon şöbəsindən qanunu qaydada öyrənilməli idi ki, bu ərazidə kimə məxsus mülkiyyət var. Verilən 1.000.000 manat rüşvətə görə mənim torpağımı Etibar Pirverdiyev qanunsuz olaraq zəbt etmişdir. Qanunlara riayət etməsə də, azından Qarabağ müharibəsi əlili olmağıma, keçdiyim döyüş yoluna hörmət qoyardın, ay cənab Etibar Pirverdiyev! Siz pulu var-dövləti sevib, qanunsuz əməllərlə məşğul olduğunuz kimi, məndə vətənimi canım qədər sevirəm və vətən torpağının azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram. Düz bir ildir ki, süründürməçiliyə məruz qalmışam. Artıq cana doyub-bezmişəm. Belə olur ki, Qarabağ Müharibəsi əlilləri intihara əl atırlar. Saxtakar, rüşvətxor məmurlar qanunsuz, özbaşına  əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar”.

Şikayətçi bildirir ki, o, Etibar Pirverdiyevin qanunsuz əməli barədə prezident İlham Əliyevə, xanımı Mehriban Əliyevaya, PA rəhbəri Ramiz Mehdiyevə, Baş Prokuror Zakir Qaralova , Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Ombudsman Elmira Süleymanovaya və.s. aidiyyatı orqanlara ərizə ilə müraciət edərək, onlardan qanun çərçivəsində kömək istəyib. “Əgər mənim qanuni torpağım özümə qaytarılmasa və yaxud eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə, mən özümü yandırıb intihar edəcəyəm. Qaradan artıq rəng olmaz. Mətbuat vasitəsi ilə də cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirəm ki, 1.000.000 manat rüşvət hesabına torpaq sahəmi zəbt etmiş "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin barəsində qanuni tədbirlər görəsiniz, mənim torpaq sahəmin özümə qaytarılmasına və yaxud da başqa ərazidə torpaq sahəsinin verilməsinə kömək edəsiniz. Etibar Pirverdiyev küllü miqdarda rüşvətə görə mənim torpağımı zəbt edib, mən isə vətənimi canım qədər sevirəm, vətənimin azadlığı, suverenliyi uğrunda canımdan keçməyə həmişə hazıram. İnanıram ki, prezident İlham Əliyev və Mehriban xanım Əliyeva mənə kömək edəcəklər. Əgər mən intihar edərəmsə, bunun məsuliyyəti birbaşa  "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin üzərinə düşəcək”.

muxalifet.az

Fotolar yazıya əlavə edilir.

REDAKSIYADAN: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.