​Ermənistanın sərsəm arzusu və avstraliyalı ermənilərin Qarabağa... - Deputat AÇIQLADI

Baxış sayı:
4930

“Ermənilər ancaq işğal etdikləri torpağı özününküləşdirməklə məşğuldur. Onların tarix boyu “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm bir arzusu olub”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "Sidney" adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bununla Ermənistan həm Azərbaycan, həm də beynəlxalq qanunları pozur:
“Ermənilər tarixən bizim torpaqlarımızda məskunlaşdılar, dövlət yaratdılar və dövlətin ərazisini genişləndirmək məqsədilə də bu işğalı törədiblər. Bu gün də Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu Azərbaycana qaytarmaq istəmirlər. Əvvəl Ermənistandan Kəlbəcərə Laçına yol çəkilmişdi. İndi də avstraliyalı ermənilərin pulu hesabına Araz boyu istiqamətdən yol çəkir, tikinti işləri aparırlar, müəssisələr açırlar. Özləri kimi Azərbaycan, eləcə də beynəlxalq qanunları pozan təşkilatlar tapırlar və işbirliyi yaradırlar, ərazimizi, təbii sərvətlərimizi talayırlar. İllərdir onlar dünyanın müxtəlif əraziləri, müharibə zonalarından, Suriyadan insanları Azərbaycan torpaqlarına köçürürlər. İllərdir davam edən bu prosesin qarşısı alınmır. Ərazi işğalçı Ermənistanın nəzarətində olduğundan biz bu hallara mane ola bilmirik. Lakin bu barədə beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna məlumat verib, etirazımızı bildiririk. Onlar da sanki işğalçılarla həmfikir, həmrəydirlər, çünki bu vaxta qədər prosesin qarşısını almaq üçün heç bir tədbir görməyiblər”.
Millət vəkili onu da vurğulayıb ki, Ermənistan tərəfindən atılan bu addımlar hazırkı rəhbərliyin özündən əvvəlkilərdən də aqressiv, işğalçılıq siyasətini davam etdirmək fikrində olduğunu göstərir:
“Sülh, danışıq yolu ilə Azərbaycan torpaqlarında işğalçılıq siyasətlərinə son qoymaq istəmirlər. Onların bütün hərəkətləri, danışıqları Azərbaycan torpaqlarını işğal altında saxlamaq niyyətlərindən xəbər verir. Nə beynəlxalq qurumlar, nə də Minsk qrupu üzvləri onlara qarşı sanksiya tətbiq edir. Düzdür, zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və ona hörmətlə yanaşdıqlarını bəyan edirlər. Ərazi bütövlüyünü tanıyırlarsa, nə üçün işğalçı cəzalandırılmır, 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinə niyə son verilmir? Əskinə Ermənistana kömək göstərilir. Bütün bu hallar isə Azərbaycanı son nəticədə hərbi gücünü tətbiq etməklə torpaqlarımızı işğaldan azad etməyə vadar edəcək”.