Ermənistanın odla “oyunu” - Qarabağla bağlı kritik gəlişmə

Baxış sayı:
6601

Atəşkəs rejimi sonsuzadək sürməyəcək - İrəvanın vaxt limiti bitir; politoloq: “Ermənistan danışıqları sıfır nöqtəsinə qaytarmaq xətti yürüdür...”

Ermənistanın Dağlıq Qarabağ məsələsində destruktiv, sülhü deyil, müharibəni yaxınlaşdıran mövqeyi baş nazir Nikol Paşinyanın İran səfəri zamanı da özünü göstərdi. N.Paşinyanın Tehranda erməni icması ilə görüşündə qaldırılan ermənicə “Qarabağ Ermənistanındır və son!” təxribatçı şüarı buna şübhə yeri saxlamadı. Eyni zamanda, bununla cənub qonşumuz İranın Azərbaycana, Qarabağa münasibətdə riyakar siyasəti ortaya qoyuldu. Ancaq bu ayrı yazının mövzusudur.    

Erməni baş nazir həmin görüşdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini anons edib. Ancaq onu da deyib ki, görüşdə “konkret gündəm olmayacaq”. Yəni bununla əslində o, daxildəki opponentləri və cəmiyyəti sakitləşdirməyə çalışıb ki, Ermənistan rəhbərliyi hər hansı güzəştə hazırlaşmır.

O zaman bu danışıqların və yeni görüşlərin, görəsən, hansı anlamı qalır? Daha doğrusu, anlam odur ki, rəsmi İrəvan, yeni erməni hökuməti də atəşkəs rejimini süni şəkildə uzatmağı hədəf seçib. Bunu həm də ondan görmək olar ki, Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda iştirakı barədə mövqeyini Tehranda da təkrarlayıb. Amma bir qədər diplomatik üslubda.

Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri Qarabağın “subyektliyinin səviyyəsinin artırılmasıdır”.“Azərbaycan prezidenti ilə görüşməliyik. Bu, gündəmsiz görüş olacaq, amma onun əsas istiqaməti danışıqlar formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılığa gəlməmişik, indiyə qədərki təmasları rəsmi danışıqlar adlandırmaq olmaz”, - deyə o qeyd edib. Bu xüsusda erməni baş nazir bir daha bəyan edib ki, o, Ermənistanın baş naziridir və Dağlıq Qarabağın adından danışmır, “Dağlıq Qarabağın öz hakimiyyəti var”.

*****

Beləcə, 10 aya yaxındır ki, Ermənistanın təzə hökuməti Dağlıq Qarabağa dair ciddi danışıqlardan yayınmaq üçün bəhanələr ortaya atır, absurd və heç vaxt reallaşmayacaq tələb-təkliflər irəli sürür. Problem isə gec-tez öz həllini tapmalıdır. “Qarabağ Ermənistanındır və son!”, “Bir qarış da torpaq verməyəcəyik” şüarları ilə işğalçı ölkə heç nəyə nail ola, işğalı rəsmiləşdirə bilməyəcək. Bunu bacarsaydı, 30 ildə bacarardı.

Demək, Paşinyan da bacarmayacaq. Odur ki, düşmən tərəf nə qədər tez reallıqları dərk eləsə, bir o qədər onun özü üçün yaxşı olar. Əks halda, işğalçı ölkənin ağır blokada durumu davam edəcək və üstəlik, fəlakətli müharibə ehtimalı onun başı üzərindən “Domokl qlıncı” kimi asılı qalmaqda davam edəcək. Əfsus ki, N.Paşinyan da sələflərinin uğursuz yolunu davam etdirməkdədir.       

Bu arada məlum olub ki, Ermənistan parlamenti yaxın zamanlarda Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər üzrə komissiyalarında separatçı ünsürlərin iştirakı ilə Qarabağ konfliktinin həllinə dair dinləmələr təşkil etməyə hazırlaşır. Dinləmələrdə əsas müzakirə mövzusunun separatçı bölgədəki cinayətkar rejimin danışıqlar masası ətrafına qaytarılması ilə bağlı olacağı bildirilir.

Yəni yenə o məqama qayıdırıq ki, düşmən tərəf, onun yeni siyasi rəhbərliyi də mövcud sərt gerçəyin dərki ilə yox, Qarabağ müharibəsində mifik “qələbə”nin eyforiyası ilə yaşamaqda davam edir. “Məğlub” Azərbaycanın guya nə vaxtsa öz qanuni ərazisindən imtina edəcəyi düşüncəsi və illüziyası ilə yaşayır. Əslində isə özləri üçün, Ermənistan üçün daha böyük fəlakəti yaxınlaşdırırlar.

*****    

Qabil Hüseynli ile ilgili görsel sonucu

“Ermənistan birmənalı olaraq danışıqlar prosesini pozmağı qarşısına məqsəd qoyub və bunun üçün də müxtəlif siyasi əllaməliklərə əl atır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu axar.az-a Ermənistan parlamentində Qarabağ məsələsinin həllinə dair gözlənilən dinləmələrlə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, beynəlxalq hüquq baxımından Azərbaycanın ərazisi olan bir qurumun nümayəndələrinin Ermənistanın ali qanunverici məclisində dinləmələrə çağırılması hüquqi nonsensdir və bütövlükdə dünya düzəninə qarşı saymazlıqdır: “Açıq-aşkar hüquqi nihilizm nümayiş etdirən Nikol Paşinyan hökuməti bu taktikası ilə Azərbaycanı özündən çıxarmağa və sülh prosesini düyünə salmağa çalışır. Çünki sözügedən dinləmələrin keçirilməsi faktiki olaraq danışıqlar prosesinə heç bir töhfə verə bilməz. Ermənistan rəhbərliyi açıq-aşkar danışıqlarda qət edilmiş məsafənin üstündən xətt çəkmək və prosesi tamamilə sıfır nöqtəsinə qaytarmaq xətti yeridir”.

Q.Hüseynlinin sözlərinə görə, işğalçının digər bir niyyəti hər vəchlə vaxt udmaq və bu müddət ərzində işğal prosesi ilə bağlı öz xeyrinə olan prosedurları həyata keçirməkdir. “Ermənistan çox təhlükəli bir mövqe tutub. Bu, belə bir qənaətə gəlməyə imkan verir ki, məsələnin yeganə həll yolu məhz müharibə variantıdır. Görünür, Ermənistanın bu cür qeyri-konstruktiv addımı onun himayədarları tərəfindən də şirnikləndirilir”, - deyə politoloq əlavə edib.

*****

Şübhəsiz, politoloqun dediyi bu təhlükəli xətt dəfələrlə vurğulandığı kimi, ən əvvəl erməni xalqlına yeni və böyük faciələr bəxş edəcək, Ermənistan adlı qondarma və süni dövlətin olan-qalan iqtisadi dirçəliş şansının da üstündən xətt çəkəcək. Ancaq bu, Azərbaycanın problemi deyil. Erməni toplumu və onu yönəldənlərin, ilk növbədə Paşinyan iqtidarı və erməni lobbisinin problemidir.

Yəni seçim həmişəki kimi, ermənilərindir. Azərbaycanın, Azərbaycan xalqının kiməsə əlavə torpaq bağışlamaq lüksü yoxdur. Ermənilər ötən 100 ildə məkrli üsullarla, xalqımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirməklə kifayət qədər tarixi torpaqlarımızı zəbt edib, üstündə “Ermənistan” adı saxta dövlət qurublar.

Ərazilərimizdə ikinci qondarma erməni dövlətinin yaradılmasına əsla imkan verilməyəcək. Bunu rəsmi Bakı Azərbaycan xalqının adından ən yüksək səviyyədə bir neçə dəfə bəyan edib. Onu da bəyan edib ki, bunu gözləyənlər (ermənilər və onların havadarları nəzərdə tutulur) boşuna gözləyirlər.

Görünür, düşmən Azərbaycan xalqının səbrinin sonsuz olduğunu zənn edir. Ancaq əbəs yerə. Atəşkəs, işğal rejiminin sonu gələcək.../musavat