Ermənistanın NATO təlimində olması rusları qıcıqlandırıb...

“Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”.
 
Bu sözləri erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.
Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.
Erməni şərhçi bildirir ki, bir neçə Rusiya nəşri açıq şəkildə Ermənistan hakimiyyətinin Moskvaya sədaqətini şübhə altına qoyur. O, Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerovın erməni mətbuatına açıqlamasını da xatırladıb.
 Sarkis Artsruni bildirir ki, Moskva Dağlıq Qarabağda yeni müharibənin başlanması üçün qanuni əsas tapıb. Onun sözlərinə görə, bu, Ermənistanın öz xarici siyasətinə yenidən baxmasına cavabdır.
“Yəni, Moskva anlatmağa çalışır ki, əgər Ermənistan NATO ilə əməkdaşlığı davam etdirəcəksə və ya NATO ilə yeni razılaşmanı imzalayacaqsa, onda onlar məsuliyyəti bizim “qərbyönümlü” hakimiyyətin üzərinə qoyaraq yeni müharibəyə “yaşıl işıq” yandıracaqlar”, - Sarkis Artsruni yekunlaşdırıb.