​Ermənistanın İranla “böyük layihəsi” fiaskoya uğradı

Baxış sayı:
8161

“Ermənistanda növbəti və daha böyük, daha rüsvayçı bir skandal yetişir. Bu, İranla sərhəddə Azad İqtisadi Zonanın (AİZ) yaradılması barədə layihənin fiaskosu ilə bağlıdır”
Bunu “Eurasia Daily” beynəlxalq informasiya agentliyi yazıb. 
Ermənistan Polisinə və baş nazir Nikol Paşinyan hökumətindəki mənbələrinə istinad edən agentlik bildirir ki, sən demə, Serj Sarkisyanın prezidentliyi və Ovik Abramyanın baş nazirliyi dövründə erməni məmurlar AİZ-lə bağlı layihədən əvvəlcədən xəbər tutub korrupsiya yolu ilə Ermənistan-İran sərhəddindəki əraziləri tələm-tələsik mənimsəyərək öz adlarına keçiriblər. Məqsəd isə daha sonra həmin torpaqları dəyərindən artıq daha yüksək qiymətə dövlətə satmaq olub. 
“Eurasia Daily” yazır ki, Azad İqtisadi Zona layihəsinin tikintisi Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlikləri və rəsmi Tehran səviyyəsində razılaşdırılmışdı. Lakin daha sonra üzə çıxıb ki, ermənilər məmurlar öz şəxsi maraqları üçün xalqın rifahını, dövlətin inkişafını və imicini qurban verərək AİZ-in inşa ediləcəyi Sünik əyalətinin Karçevan kəndini 2014-cü ildə tamamilə əllərinə keçiriblər. 
“2014-cü ilin iyulunda Ermənistanın Daşınmaz Əmlakın Kadastrı Komitəsinin keçmiş rəhbəri, onun müavini, həmçinin, Sünik əyalətinin və Mehri şəhərinin kadastr departamentinin sədrləri Karçevan kəndinə baş çəkiblər. Səfərləri zamanı onlar kənd icmasının rəhbərinə deyiblər ki, tezliklə İranla Azad İqtisadi Zonanın tikintisi məhz bu kəndin ərazisində olacaq və layihə baş nazir Ovik Abramyanın təşəbbüsü ilə həyata keçirilir. Bu mənada, Ermənistanın Daşınmaz Əmlakın Kadastrı Komitəsinin keçmiş rəhbəri özünün və baş nazirin adından Karçevan kənd icmasının başçısına təlimat verib ki, dərhal kənd ərazilərinin müsadirəsinə və “ESİEY” şirkətinə təhvil veriməsi prosesinə başlasın” – Ermənistan Polisinin məlumatında deyilir. 
Daha sonra isə hər şey adi korrupsiya sxemi üzrə - saxta hərracın təşkili, formal iştirakçılar və sənədlərin saxtalaşdırılması yolu ilə yerinə yetirilib. 
“Hətta kənd icmasının rəhbəri yüksək vəzifəli erməni məmurların gözləntilərini aşaraq, guya məsələ ilə bağlı kəndin Ağsaqqallar Şurasının iclasını keçirməsi barədə feyk sənədlər hazırlayıb və şura üzvlərindən birinin saxta imzasını qoyub. Bu sənədlər əsasında da saxta hərrac keçirərək kəndin 32 hektar torpağını cəmi 5 min dollara “ESİEY” şirkətinə satıb. Nəticədə, dövlətə əhəmiyyətli dərəcədə ciddi ziyan vurub.” 
Lakin Ermənistan Polisi qeyd edir ki, kənd icmasının rəhbəri bununla da kifayətlənməyib və məmurların xoşuna gəlmək üçün gələcəkdə Azad İqtisadi Zonanın inşa ediləcəyi ərazinin 1,3 hektarını da 4 min dollara öz qohumuna satıb. Bütün bu faktlar üzrə cinayət işi açılsa da, hələ ki istintaq prosesində bir irəliləyiş yoxdur. 
Hazırda Paşinyan hökumətindəki mənbələr bildirir ki, sabiq məmurların bu cür qanunsuz əməlləri üzündən İranla sərhəddə Azad İqtisadi Zona layihəsinin taleyi ciddi sual altındadır. 
“Bəs layihənin PR kampaniyası vaxtilə olduqca təsiredici idi axı. Biznesmenlərin və qonşu ölkələrin məmurlarının əraziyə səfərləri təşkil olunurdu, Ermənistan, Rusiya, Gürcüstan və İran kütləvi informasiya vasitələrində (KİV) yaradılacaq Azad İqtisadi Zona barəsində silsilə məqalələr yazılırdı. İrəvandakı rəsmi vəzifəli şəxsləri isə İranla sərhəddə tikiləcək Azad İqtisadi Zonanı Ermənistanın iqtisadi vizit kartı kimi təqdim edirdilər. Potensial investorlarla keçirilən bütün görüşlərdə bu layihə barəsində ağız dolusu məlumat verilirdi. Gözlənilirdi ki, layihəyə 150 milyon dollaradək investisiya qoyulacaq, Mehridə 50-70 müəssisə və təşkilat fəaliyyət göstərəcək və işsizliyin pik həddə çatdığı Ermənistanda 1500 yeni iş yeri açılacaq. Eləcə də, Azad İqtisadi Zonanın fəaliyyətə başlaması sayəsində Ermənistan ixracının həcminin 250 milyon dollar artması proqnozlaşdırılırdı. Lakin banal korrupsiya mexanizmi nəticəsində indi həmin ərazidə yalnız “Mehri Azad İqtisadi Zonası” yazılan quru stend, bir bina və avtomobillər üçün park yeri var, başqa heç nə... Qalan hər şey keçmiş məmurlar tərəfindən çoxdan ələ keçirilib” – Nikol Paşinyanın yaxın ətrafındakı hökumət rəsmisi “Eurasia Daily”ə bildirib. /Azvision