Ermənistandan Putinə terror ittihamı - KREMLİN CAVABI AĞIR OLACAQ

Baxış sayı:
7402

Elxan Şahinoğlu: “Putinin bundan mütləq şəkildə xəbəri var idi”

Erməni KİV-lər Müdafiə və təhlükəsizlik məsələləri üzrə Milli Şuranın daimi komissiyasının iclası barədə şok məlumat yayıblar.
Teleqraf.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, iclas 27 oktyabr 1999-cu il hadisələrinə həsr olunub. İclasda Ermənistanın Baş naziri Nikol Paşinyaının yaxın silahdaşı, hakim partiyanın deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryan sensasion açıqlama verib.
“27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib”, - erməni mediası Köçəryana istinadən bildirib.
Məlumat üçün bildirək ki, o zaman bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sərkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyiblər.
Onu da bildirək ki, Ermənistan parlamentinə edilən hücum zamanı V.Putin Rusiyanın baş naziri idi, eyni zamanda prezident səlahiyyətlərini icra edirdi.
Ekspertlərin A.Köçəryanın fikirlərinin nədən qaynaqlandığı, bunun Ermənistana baha başa gəlib-gəlməyəcəyi yönündə fikirləri müxtəlifdir. Bu istiqamətdə bəzi iddialar da meydana çıxıb. İddialardan biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Belə iddia olunur ki, 1999-cu ildə erməni tərəf işğal etdiyi ərazilərin bir hissəsini qaytarmağa razılıq verdiyi üçün Kremldən gələn sifariş əsasında parlamentin gülləbaran edilməsi mümkün idi.
Elxan Şahinoğlu ile ilgili görsel sonucu
“Atlas” Araşdırmalar Mərkəzinin Elxan Şahinoğlu bu ittihamın real ola biləcəyindən söz açdı: “Ermənistanın hakim partiyasının üzvü, baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryanın ”27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib" açıqlaması əsl sensasiyadır. Hakim partiyanın deputatının ittihamı ciddidir. Söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləbaran olunmasından gedir. Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirildilər.
Birincisi, o illərdə Dağlıq Qarabağ danışıqları intensivləşmişdi. O zaman belə xəbərlər yayılırdı ki, ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişi imzalana bilər. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də Ermənistan parlamentinin gülləbaran edilməsində Rusiya izi haqqında bu günə qədər danışılır.
İkincisi, Vladimir Putin gülləbaran zamanı cəmi bir ay idi ki, baş nazir vəsifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu o deməkdir ki, əgər Rusiyada Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa, Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə, burada iki məsələ var. Ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o, hazır olan plana razılığını verib".
Politoloq 20 il öncə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi proseslərin getdiyinə də toxundu: “Əsas sual budur: Ermənistan parlamenti gülləbaran olunmasaydı, sülh sazişi imzalanacaqdımı? Belə bir ehtimal var idi. Parlamentdə öldürülənlərin əksəriyyəti sülh sazişi imzalamağa üstünlük verirdi. Bu gülləbarandan əvvəl Azərbaycan prezidentinin 3 yaxın tərəfdarı vəzifələrindən istefa verdilər. Söhbət prezidentin köməkçisi Eldar Namazov, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarovdan gedir. Bu onların birgə verdiyi qərar idi. Onlar hesab edirdilər ki, bu istefa ilə Azərbaycan üçün əlverişsiz olan sülh sazişinin İstanbulda imzalanmasının qarşısını alacaqlar. Ancaq Ermənistan parlamentinin gülləbaran olunması daha erkən olsaydı, adıçəkilən rəsmilər bəlkə də istefa verməzdilər. Çünki onsuz da Ermənistan parlamentinin gülləbaran olunması İstanbulda mümkün razılaşmanı əngəllədi.
Ermənistanın hakim partiyasının deputatının Putinin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğurmalıdır. Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyasının nümayəndəsindən deyil, hakim partiyasının deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var. Moskvadan bu açıqlamaya görə təzyiq olsa Ermənistanın baş naziri Nikol Paşinyan ya deyəcək ki, bu onun və partiyasının mövqeyi deyil, lap böyük təzyiq olacağı halda isə bəlkə də açıqlamanı səsləndirən deputatı partiyasından və ya komitə rəhbərliyindən xaric edəcək"./musavat