Ermənistanda yas mərasiminə basqının təfərrüatları məlum olub

Ermənistanda yezidilər yaşayan Şamiram kəndində qanlı hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 
Avqustun 1-də kəndin qəbiristanlığı ərazisində mərhumların xatirəsinin yad edilməsi günü münasibətilə tədbir zamanı naməlum silahlı şəxsin hücumu nəticəsində 4 nəfər ölüb, 7 nəfəri yaralanmışdı.
İlk məlumatda 8 nəfərin yaralandığı bildirilirdi.
Ermənistan İstintaq Komitəsi Ağır Cinayətlər Baş İdarəsində "bir çox insanın həyatı üçün təhlükəli üsulla iki və artıq şəxsin qətli faktı" üzrə cinayət işi açılıb.
Kənd sakinlərinin jurnalistlərə dediyinə görə, hücum edən şəxs "Niva" markalı ağ avtomaşınla gəlib.
Ermənistan polisinin məlumatına görə, silahlı hücumda şübhəli bilinən Ermənistanın Armavir vilayəti Myasnikyan kəndində yaşayan 50 yaşlı Telman Kalaşyandır.
O, hadisə yerindən dönərkən qəzaya uğrayıb, və maşınını yolda qoyub qaçmışdı, istintaq bildirir.
Bəzi hadisə şahidləri avtomatdan atəş açıldığını deyir, lakin polis Telman Kalaşyanın öz adına yazılmış "Sayqa" markalı ov silahından istifadə etdiyini bildirir.
Hələlik qanlı hadisənin səbəbi kimi pul borcu nəzərdən keçirilir.