Ermənistanda siyasi EHTİRASLAR– Qarabağ klanı Paşinyana əks-həmləyə keçdi

Baxış sayı:
5341

Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi yeni hökumətlə Qarabağ klanı arasında çəkişmələr davam edir. Robert Koçaryanın həbs olunması ilə ciddi zərbə alan Qarabağ klanı Serj Sarkisyanın müalicə adı ilə getdiyi İtaliyadan geri dönməsini səbirsizliklə gözləyirdi.

Keçmiş prezidentin İtaliyadan dönən kimi anasını ziyarət adı ilə işğal altındakı Xankəndinə getməsi əslində Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq məqsədi daşıyırdı. Sarkisyan Xankəndində yerli rəhbərliyin sadiqliyinə və mövcud vəziyyətdən narazı qaldıqlarına əmin olduqdan sonra əks-hücum planları qurur.

Müxtəlif maraqlar güdən Qarabağ klanını birləşdirən əsas amil Robert Koçaryanın həbsidir. Çünki 2008-ci ilin 1 mart hadisələrində Koçaryan və Sarkisyanın Qarabağdan olan yerliləri də aktiv iştirak etmiş, etirazçılara zor tətbiq etmişdi.

1998-2018-ci illərdə 20 il Ermənistanda hakimiyyəti əlində saxlayan klan Serj Sarkisyanın son illərdəki səriştəsiz siyasətindən narahat idi. Bu narahatlıq Koçaryanın zaman-zaman hökuməti tənqid etməsi ilə müşahidə olunurdu.

Buna baxmayaraq, Sarkisyan 1mart hadisələri zamanı etirazçılara atəş açılması əmrini verən Koçaryanın bunu məhz onun hakimiyyəti əlinə alması üçün atdığını anlayırdı. Məhz buna görə hazırda həbsdə olan sələfinin azad olunmasına dəstək olmuşdu.

Ermənistan parlamentinin deputatlarının Koçaryanın azadlığa buraxılması üçün Baş Prokurorluğa kollektiv müraciətindən sonra Qarabağdakı separatçı deputatların da analoji addımı atması, Qarabağ klanının ilk həmləsi sayılırdı.

Bununla onlar Paşinyan hakimiyyətinə cəmiyyətdə Koçaryanın həbsinə qarşı olanların da olduğunu göstərmək istəyirlər. Serj Sarkisyan öz sələfini xilas etməklə, əslində özünü xilas etmək istəyir. Və ona “səni tək qoymayacam” deməklə əslində Koçaryanın istintaqda ona qarşı ifadə verməməsinə çalışırdı.

Qarabağ klanı nəzarəti altındakı KİV, hakim strukturlarda vəzifələrini qoruyub-saxlaya bilmiş tərəfdarları və maliyyə gücləri hesabına Nikol Paşinyandan revanş almaq niyyətindədir. Bu işdə onlara bütün ermənilərin katolikosu II Qaregin də yardımçı olacaq. Koçaryan dövründə katolikos seçilən Qaregin Qarabağ klanına daim dəstək verib. Təsadüfi deyil ki, o, Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib və onun qurduğu hökumətə şübhə ilə yanaşır.

Əks-hücumun yaxınlaşdığını hiss edən Nikol Paşinyanın avqustun 17-nə çağırdığı mitinq əslində onun xalqdan dəstək almasına hesablanmışdı. Amma bu gün Yerevan məhkəməsinin Robert Koçaryanı toxunulmazlıq hüququna malik şəxs kimi azadlığa buraxması siyasi reallığı dəyişdi. Bu hadisə Qarabağ klanının hələ də güclü olduğunu göstərdi və Paşinyanın siyasi gələcəyinə ciddi təhlükə olub.

Siyasi proseslərin hansı məcrada inkişaf edəcəyini qarşıdakı hadisələrin axarı göstərəcək.