Ermənistanda polislə toqquşma - 6 polis hospitala aparıldı, 13 nəfər həbs edildi

Baxış sayı:
426

Etirazçılar Gürcüstana gedən yolu kəsdilər, ara qarışdı
İyulun 17-si, axşam saatlarında Ermənistanda vətəndaşlarla polis arasında toqquşma olub. Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, bir qrup nümayişçi İcevanda mərkəzi yolu kəsərək hərəkəti dayandırıblar. Nəticədə yüzlərlə maşın yolda qalıb və uzun tıxac yaranıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman qarşıdurma baş verib. Etirazçılar onlara meşələrdən ağac kəsməyə icazə verilməsini tələb ediblər.
Polis əvvəlcə canlı divar quraraq, yolda hərəkətin məhdudlaşdırılmasına əngəl olmağa çalışıb. Lakin etirazçılar müqavimət göstəriblər. Bundan sonra toqquşma başlayıb, polisə daşlar atılıb. Belə olduqda polis geri çəkilib. Yaralananlar olub. Bundan sonra yol yenidən bağlanıb. Xəsarət almış 9 polis isə hospitala aparılıb. Mitinq iştirakçıları Tavuş vilayətinin qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıb.
Vəziyyətin gərgin olması Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan da qanunsuz ağac kəsənlərin keçirdiyi aksiyaya və daha sonra baş verənlər münasibətini bildirib. “Dünən baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsənlərin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaq”, Paşinyan Feysbuk səhifəsində yazıb.
Son məlumata görə, Ermənistanın İstintaq Komitəsi baş verənlərlə bağlı cinayət işi qaldırıb, artıq 13 nəfər həbs edilib, toqquşma iştirakçısı olan daha 6 nəfərdən başqa yerə getməməklə bağlı iltizam alınıb.