​Ermənistanda parlament seçkiləri təxirə salına bilər

Ermənistan prezidenti Serj Sarkisyan bu il aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınmasının əleyhinə olmadığını açıqlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə S.Sarkisyan rəhbərlik etdiyi partiyanın toplantısında bildirib.
“Son günlər ölkənin siyasi səhnəsində parlament seçkilərinin aprelin 2-də keçirilməsi ilə bağlı fikir ayrılıqları var. Bizim hüquqşünasların bunun hüquqi nöqteyi-nəzərdən effektiv qərar olmasına dair əsasları var. Bununla bağlı ekspertlərin rəyi təqdim olunacaq.
Eyni zamanda, parlament seçkilərinin bir neçə gün sonra keçirilməsinə heç nə mane olmur", - deyə o qeyd edib.
Qeyd edək ki, müxalif Erməni Milli Konqresi (EMK) parlament seçkilərinin iki səbəbdən 21-30 aprel aralığında keçirilməsini məqsədəuyğun sayır.
Birincisi, EMK-nın qənaətinə görə, seçkilərin tarixi Konstitusiyaya zidd olaraq təyin edilib.
İkincisi, aprelin 2-də ötən il cəbhə xəttində baş vermiş irimiqyaslı toqquşmaların ildönümüdür. EMK hesab edir ki, həmin döyüşlərdə ölən hərbçilərin yaxınları aprelin əvvəllərində anım mərasimləri keçirəcək, bu isə seçki prosesinə mane olacaq.
S.Sarkisyan da partiyanın iclasındakı çıxışında aprel döyüşlərində ölən hərbçilərin anım mərasimlərində iştirak edəcəyini bildirib.