“Ermənistana qarşı azadlıq müharibəsinə başlansın…" – Yekun BƏYANAT

Baxış sayı:
748

"Azərbaycanla Ermənistan arasında imzalanmış rüsvayçı atəşkəs sazişinin 25 illik "yubileyini” və bu sazişin hələ də qüvvədə qalmasını qəzəb və nifrət hissi ilə qeyd edirik. Həmin sazişin həmin dövrdə imzalanması bəlkə də müəyyən şərtlərdən irəli gəliridi, lakin bu qədər vaxt ərzində qüvvədə saxlanılması yolverilməzdir və Azərbaycanın maraqalrına cavab vermir”.
Mia.az-ın məlumatına görə, bu, Qarabağ Azadlıq Təşkilatının (QAT) Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişinin 25 illiyi ilə bağlı bəyanatında əks olunub.
QAT bildirir ki, bu üzdəniraq saziş 25 il ərzində Ermənistanın işğalçı və ilhaqçı niyyətlərinin həyata keçirilməsinə şərait yaradıb: "Bu saziş beynəlxalq təşkilatların, bəzi dövlətlərin Azərbaycana qarşı yeritdikləri məkrli siyasətin göstəricisidir. Beynəlxalq təşkilatlar bu sazişin qorunub saxlanılması ilə işğalçı Ermənistanı himayə edir, status-kvonun dəyişdirilməsinə imkan vermirlər”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyətinin bu rüsvayçı atəşkəs rejiminə hələ də əməl etməsi Qarabağın azadlığı işinə xidmət göstərmir: "25 il atəşkəs olmaz, bu, anormal haldır. Dünya praktikasında bu qədər müddətdə davam edən atəşkəs rejimi olmayıbdır”.
QAT hesab edir ki, beynəlxalq təşkilatlar, birinci növbədə ATƏT Minsk qrupunun həmsədr ölkələri cavab verməli, aydınlıq gətirməlidirlər ki, nə üçün 25 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail ola, Ermənistanı işğalçı hərəkətlərindən çəkindirə bilməyib və ya istəməyiblər.
"Biz hesab edirik ki, Azərbaycanın tam haqqı var ki, atəşkəs rejiminin fəaliyyətinə xitam versin. Ona görə də Azərbaycan hakimiyyətindən tələb edirik ki, birtərəfli qaydada atəşkəs sazişindən çıxsın və işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlasın”, - deyə QAT-ın bəyantında bildirilir.