Ermənistana daha bir ZƏRBƏ - Bakının böyük uğuru, İrəvanın ÇÖKÜŞÜ

Baxış sayı:
10630

İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə dair səsləndirilmiş fikirlər, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamənin qəbul edilməsi işğalçı Ermənistanın diplomatik məğlubiyyətlər seriyasına daha birini yazdı. Bundan öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda Qarabağ münaqişəsinin həll edilməsi üçün real addımların atılacağı ilə bağlı dedikləri, Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə yardımını iki dəfədən çox azaltması və digər proseslər işğalçı ölkənin bütün diplomatik cəbhələrdə məğlub olduğunu göstərir.

Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Ermənistanın məğlub olmasının başlıca səbəbi Azərbaycanın və Azərbaycan lideri İlham Əliyevin düşünülmüş uğurlu siyasətidir.

“Beynəlxalq qurumlar, dünya dövlətləri zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın işğalçı siyasətini pisləyən bəyanatlar səsləndirir, bununla bağlı müxtəlif qərarlar qəbul olunur. Hərçənd, 90-cı illərdə biz daha çox bunun əksini müşahidə edirdik. Belə bir nəticə təsadüfən əldə olunmayıb. Bu, Azərbaycan lideri İlham Əliyev uzun illər ərzində gərgin əməyinin, uğurlu siyasətinin nəticəsidir”, - deyə o bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, hətta bu gün Azərbaycana qarşı çıxmaları ilə tanınan təşkilatlar, bizə dost olmayan ölkələr də ərazi bütövlüyümüzü dəstəkləyən fikirlər səsləndirirlər: “Azərbaycan öz iqtisadiyyatını güclənidirir, daxili sabitliyi möhkəmləndirir. Bu gün ölkəmiz dünya problemlərinin müzakirə edildiyi beynəlxalq platformaya çevrilib. Bütün bunlarla yanaşı, uğurlu xarici siyasət aparılır. Nəticədə işğalçı ölkənin məğlubiyyət seriyası hər keçən gün daha da artır. Bu siyasətin nəticəsidir ki, 1988-ci ildən işğalçı ölkəyə bu və ya digər formada dəstək verən, Ermənistana “qida borusu” kimi baxan İran da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət dilə gətirdikləri fikirləri əməli olaraq da həyata keçirsinlər. Lakin inanırıq ki, Azərbaycan liderinin siyasəti nəticəsində yaxın gələcəkdə ərazi bütövlüyümüz bərpa olunacaq”.