Ermənistan üzərindəki “Domokl qılıncı” - həlli uzanan Qarabağ problemi

Baxış sayı:
8296

Rəsmi İrəvanın məsələni arxa plana keçirmək cəhdi işğalçı ölkəyə yalnız yeni problemlər vəd edir; Nikol Paşinyanı sələflərinin taleyi gözləyir, əgər...; erməni siyasi şərhçi: “Baş nazir ciddi siyasi qərarlar əvəzinə özünün piarı ilə məşğuldur...”

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki “miatsum” sərsəmləməsindən sonra Bakı və İrəvan arasında sülh danışıqlarının nə vaxt bərpa ediləcəyi müəmma olaraq qalır. Sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Məclisinin növbəti illik sessiyası başlayacaq. Zəif olsa da, belə ehtimal var ki, sessiya çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrləri tərəflər arasında xarici işlər nazirləri səviyyəsində görüşə cəhd edə bilərlər. Hərçənd məntiqlə ona qədər İrəvan rəsmilərinin sülh prosesini mənasız edən son bəyanatlarına həmsədrlər hansısa şəkildə reaksiya verməlidirlər. 

Bu reaksiya həm də ona görə vacibdir ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquq, BMT Nizamnaməsi kimi norma və sənədlərə tüpürməyə özündə asanca  cəsarət tapa bilməsin, Nikol Paşinyan və onun güc nazirləri verdikləri avantürist, təxribatçı bəyanatların məsuliyyət yükünü və onların mümkün nəticələrini dərk eləsinlər.

*****

Əlbəttə ki, işğalçı ölkə rəhbərliyinin özünü bunca arxayın aparması və cəzasız hiss eləməsi ilk növbədə Rusiyaya görədir. Rəsmi Moskvanın hələ də işğalçı ilə işğala məruz qalanı öz adı ilə çağırmaması, üstəlik, Ermənistana hərbi-siyasi dəstək verməsi, silahlanma məsələsində təcavüzkar ölkənin Azərbaycandan geri qalmaması üçün əlindən gələni etməsi və ona vaxtaşırı ucuz qiymətə silahlar satmasıdır. Halbuki Kreml istəsəydi, Dağlıq Qarabağ münaqişəsinin dinc həllini sürətləndirə bilərdi. Təəssüf ki, postsovet məkanındakı münaqişələrlə, o sırada Qarabağ ixtilafı ilə bağlı hələlik belə bir hal qeydə alınmayıb.

“Rusiya regionda konfliktin nizamlanması və Dnestryanı bölgənin suveren, neytral və bloklara qoşulmayan Moldovanın tərkibinə qayıtmasının tərəfdarı kimi çıxış edir”. “Yeni Müsavat”ın Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ümumrusiya Gənclər Təhsil forumunda çıxışı zamanı deyib.

İlk baxışda praqmatik yanaşmadır. Moskvanı həmişə ən çox narahat edən məsələ onunla həmsərhəd postsovet ölkələrin Qərb bloklarına (Avropa Birliyi, NATO) qoşulmasınadan yanadır. Gürcüstan və Ukrayna timsalında bunun əyani şahidiyik. Lakin konkret olaraq, Azərbaycan daim Rusiyanın maraqlarını nəzərə alıb, heç bir bloka qoşulmayıb, hətta forpost Ermənistandan fərqli olaraq, Avropa Birliyi ilə assosiativ saziş də imzalamayıb hələ ki.

Bununla belə, Moskvanın Moldovaya (Dnestryanı məsələyə) yanaşması, göründüyü kimi, Azərbaycana və Qarabağ məsələsinə yanaşmasından fərqlənir - təbii ki, mənfi istiqamətə və Azərbaycanın ziyanına. Belə “ikili standart” isə ən çox status-kvonu uzatmağa çalışan Ermənistana sərf edir. O sırada Moskva ilə sələflərindən fərqli olaraq, bir elə isti münasibəti olmayan Paşinyan Rusiyanın obyektiv olmayan vasitəçiliyinə arxayınlaşaraq, vaxtaşırı Qarabağ mövzusunda populist və destruktiv bəyanatlar verir. Bununla özünün inqilabsonrası reytinqinin zəifləməməsinə çalışır.

Lakin Ermənistanın “inqilabçı rəhbəri” də sələfləri kimi anlamaq istəmir ki, onun reytinqi qısa zamanda düşməyə məhkumdur, çünki vəd olunan iqtisadi islahatlar Qarabağ məsələsində ciddi dönüş olmadan, blokada rejimi və müharibə təhlükəsi aradan qalxmadan, qonşu Türkiyə və Azərbaycanla əlaqələr qaydaya salınmadan mümkün deyil. Paşinyan isə inadla bunun əksini sübut eləməyə çalışır. Nəticə ortadadır: hakimiyyətdə olduğu 15 ayda, erməni ekspertlərinin özlərinin də qeyd etdikləri kimi, ölkədə sosial-iqtisadi durum, əhalinin güzəranı yaxşıya dəyişməyib, Ermənistandan kütləvi köç azalmayıb.   

*****

karabakh osce ile ilgili görsel sonucu

“Ermənistanın inqilabçı hökumətinin əslində nə ilə məşğul olması sualı dünən ortaya çıxmayıb. Verilən vədlər çox idi: iqtisadi inkişaf, korrupsiya ilə mübarizə, həmvətənlərin öz tarixi vətənlərinə repatriasiyası, nəhayət, Qarabağ nizamlanmasında sıçrayış. Ancaq istənilən dəyişiklik və islahat üçün sabitlik lazımdır - hansını ki, inqilabi hərəkatın respublikanın hüdudlarından kənara yayılacağına ümid edən baş nazir Nikol Paşinyan xalqa vəd eləmir”.

“Yeni Müsavat”ın məlumatına görə, erməni siyasi şərhçi Mamikon Babayan “Vestnik Kavkaza” portalında “Ciddi siyasət əvəzinə piar” sərlövhəli təhlili məqaləsində belə yazır.

Məqalədə daha sonra deyilir: “Paşinyanın reytinqi tədricən düşməkdədir. O da özünün əvvəlki populyarlığını qaytarmaq üçün həm də piar-aksiyalardan istifadə edir. Bu xüsusda Paşinyanın az öncə İrəvanda iş vaxtı xarici turistlərlə avtobusda gəzintiyə çıxması erməni cəmiyyətində açıq-aşkar məyusluq doğurdu. İnsanlarda həm də şübhə yarandı ki, baş nazir işsizlikdən əziyyət çəkir, yaxud elə həmin o turizm sektorunda islahatlar aparmaq əvəzinə, ”Aykakan Jamanak" qəzetindəki redaktor təcrübəsindən yararlanaraq, özünün siyasi karyerasını “redaktə” edir"".

Müəllifə görə, Ermənistanda mürəkkəb klan sistemi mövcuddur və onu adlamaq üçün Paşinyan elitaların dəstəyini qazanmaq lazımdır. “Ancaq baş naziri belə sadə olmayan məsələdə dəstəkləmək istəyənlər çox deyil. O səbəbdən də o, xalqın dəstəyinə ümid edir. Köhnə rejimin mirasları çoxdur - yüzlərlə, hətta minlərlə aparat işçisi artıq özünü yaratma mexanizmi işləyib hazırlayıb. Ona görə də Nikol Paşinyana hətta Nazirlər Kabinetinin başçısı ola-ola ölkə parlamentində özünü müxalifətdən olan baş nazir kimi təqdim eləmək daha məqbuldur, nəinki qeyri-populyar qərarlar qəbul eləmək. Başqa yandan, aktual problemlərin həllindən yayınmaqla Paşinyan özü üçün vaxtilə devirdiyi adamlara çevrilmə riski yaradır”, - deyə erməni təhlilçi sonda vurğulayıb.

Bu perspektivdən qaçmağın yeganə yolu isə Ermənistanı “Qarabağ problemi” adlı böyük yükdən xilas eləmək, yəni işğalçı ölkənin inkişafı önündə əsas əngəli götürüb iqtisadi inkişafın önünü açmaqdir. Əks halda, Paşinyanı sələflərinin taleyi gözləyir. Qarabağ problemini kamifuljay edib kənara qoymaq, yaxud guya artıq belə bir problemin mövcud olmadığı, hər şeyin bitdiyi görüntüsünü yaratmaq Ermənistanın vəziyyətini daha acınacaqlı edəcək. Qarabağ məsələsi artıq çoxdan Ermənistan iqtisadiyyatı üzərində “Domokl qılıncı”na çevrilib.../musavat