Ermənistan Rusiyadan imtina etsə, yox olacaq - Duqin

Baxış sayı:
2413

Ermənistanda hazırda çox ciddi məsələ - Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra yeni siyasətin necə olacağı həll edilir.
 
Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.
“Ölkədə hazırda yeni mövqelər əldə edən bir neçə qüvvə mövcuddur. Bunlardan biri Moskva ilə ittifaqa cəhd edən Köçəryan və Serj Sərkisyanın malik olduğu Qarabağ klanıdır. Klanın hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, o hələ də mövqeyini qoruyaraq müəyyən qüvvəni təmsil edir.
Bu məkana yeni oyunçular daxil olmağa cəhd edir. Birinci növbədə Paşinyanın, inqilabın arxasında dayanan qərbyönlü qüvvələrdir. Bu qüvvələr ənənəvi olaraq, ABŞ və Qərbi Avropadakı böyük erməni diasporunun vasitəsilə Ermənistanı Moskvadan qoparmağa çalışır. Moskvadan fərqli olaraq Qərb Ermənistana heç nə təklif edə bilməz. Biz görürük, o, necə asanlıqla Gürcüstan, Ukrayna kimi müttəfiqlərini qurban verərək, onları rahat şəkildə vətəndaş müharibəsinə itələyir ki, Rusiya ilə konfliktli situasiya yarada bilsin. Ermənistana gəlincə isə burada da eyni ssenarini reallaşdırmaq istəyirlər. Qərbyönlü kursun erməni tərəfdarlarının sayı çoxdur. Biz bilirik ki, ABŞ-ın Avrasiyadakı ən böyük səfirliyi İrəvanda yerləşir. Yəni Qərb bu istiqamətdə fəaliyyət aparır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qərbin müxtəlif fondları Ermənistanda Rusiyaya qarşı “Sasna Tsrer” kimi millətçi qruplardan yararlanmağa çalışırlar:
“Ermənistanda həmçinin “Sasna Tsrer” kimi süni millətçilər də baş qaldırırlar. Bu, 2016-cı ilin yayında İrəvan polis binasını ələ keçirən silahlı antirusiya qruplaşmasıdır. İndi “Sasna Tsrer” Paşinyana dəstəyini, silahlı mübarizə ideyasından imtina etdiyini və partiya formalaşdırdığını elan edir.
Belə təxmin irəli sürmək olar ki, “Sasna Tsrer” Soros və Qərb fondları tərəfindən dəstəklənir. Bu fondlar bir tərəfdən millətçiliyin bütün ünsürlərinə qarşı çıxış edirlər, digər tərəfdən isə millətçilik Rusiya və ya hansısa başqa düşmənlərinə qarşı yönələndə neonasist qüvvələrdən istifadə edirlər. Mənim fikrimcə, əgər Sasna Tsrer partiya formalaşdıra bilsə, bu onun məhz bayaq dediyimiz layihəni təmsil etdiyinin göstəricisi olacaq”.
Rusiyalı ideoloq İrəvanın hər vasitə ilə Moskvayla müttəfiqliyini qoruyub saxlamağa məcbur olduğunu söyləyib:
“Bütün bu faktorlar Ermənistandakı indiki situasiyanı yaradır. Hazırda hansı paradiqmanın qalib gələcəyi həll ediləcək. Serj Sərkisyanın saxladığı geosiyasi status-kvonu - Rusiya ilə müttəfiqliyi Ermənistan rəhbərliyi hər şeyə rəğmən qorumağı bacarmalıdır. Bu, Ermənistanın hər mənada mövcudluğunun vacib şərtidir. Hətta qərbyönlü demokratlar, liberallar və ya hətta millətçilər belə Ermənistanın bu və ya digər formada mövcudluğunun Rusiyanın dəstəyindən asılı olduğunu düşünürlər. Bu formanın dəyişməsi respublikada situasiyanın pisləşməsinə səbəb olacaq. Əgər yeni Ermənistan rəhbərliyi (Paşinyanın hakimiyyətdə qalmayacağı istisna edilmir – A.Duqin) bundan sonra da KTMT çərçivəsində Avrasiya geosiyasi paradiqmasını izləməyə davam etsə, o zaman situasiya müəyyən edilə bilən istiqamətdə inkişaf edəcək. Lakin biz millətçilik, antirusiya tendensiyasının artmasını görürük. Bu göstərir ki, situasiya fəlakətli ssenari əsasında irəliləyə bilər. Situasiya qeyri-müəyyən olacaq, daxili siyasi müxalifətə güclü geosiyasi faktor əlavə olunacaq. Bu, Rusiya üçün də pis olacaq. Ən azından ona görə ki, Ermənistan Rusiyanın məsuliyyət zonasındadır. Ukrayna təcrübəsi göstərir ki, Rusiya passiv şəkildə oturmamalıdır, əks təqdirdə, bu, Moskvaya çox baha başa gələcək. Rusiya imkan verməyəcək ki, məsul olduğu bölgədə bu cür fəlakətli situasiya yaransın. Bu regiondakı qüvvələr balansına da təsir edəcək”.