ERMƏNİSTAN NÖQTƏNİ QOYDU: Azərbaycanın Qarabağı azad etməsinə nə mane olur?

Baxış sayı:
8305

Ermənistan işğal olunmuş ərazilərlə bağlı yeni təxribatçı planı işə salır; ekspert: “Rusiya çalışır ki, Qarabağda ”nə hərb, nə də sülh" olsun..."

İşğalçı Ermənistanın Azərbaycan ərazilərindəki həyasızlıqlarının miqyası getdikcə artmaqdadır. İrəvan bugünlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bununla da işğalçı Qarabağı Ermənistana birləşdirən üçüncü yolun reallaşmasına və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına nail olmaq istəyir. Bu dəfə işğalçılar Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır.

Belə görünür, baş nazir Nikol Paşinyanın Xankəndində “Qarabağ Ermənistandır. nöqtə” sərsəmləməsindən sonra işğalçılar daha da irəli getməkdədirlər. Hesab olunur ki, Ermənistan rəhbərliyi ölkəsinin təcavüzkar olduğunu etiraf etməklə əslində Azərbaycan torpaqlarını hərbi yolla azad etmək şansı yaradıb. Lakin indiki durumda yenə də rəsmi Bakı proseslərə təmkinli yanaşmağın tərəfdarı olaraq çıxış edir. N.Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə onun konstruktiv mövqe sərgiləyəcəyinə ümidlər var idisə, artıq son bəyanatının ardınca bu ümidlər də torpağa gömüldü. Xalqların sülhə hazırlanması barədə anlaşmaya cavab olaraq İrəvandan kəskin cavabın gəlməsi də bu ilin reallıqlarındandır. Ermənistanın müdafiə naziri David Tonoyan ilin əvvəlində dedi ki, “ərazi qarşılığında sülh” şüarı “yeni ərazilər üçün yeni müharibələr” şüarı ilə əvəz ediləcək. Bu cür həyasız mövqenin ardınca danışıqlardan nəsə gözləməyin mənası qalmır.

Azərbaycan böyük ehtiyatlara, insan resurslarına, güclü orduya sahibdir. O halda ortaya sual çıxır: Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə nə mane olur?

“Hər hansı bir dövlət müəyyən bir qərar verərkən arxayın olmalıdır ki, verdiyi qərar nəticə verəcək. Məncə, bu illər ərzində müharibədən çəkinməyimizin səbəbi qan tökmədən torpaqların geri qaytarılmasına, danışıqlara müəyyən ümidin olmasıdır. Həm də sonuna qədər bu prosesi aparmağa çalışmışıq ki, beynəlxalq təpki ilə rastlaşmayaq”.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi.

Ekspertə görə, ermənilərin arqumenti odur ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisini yox etmək, buradan çıxarmaq istəyir: “Biz də dünyaya göstərmək istəmişik ki, əslində məqsədimiz o olmayıb, əksinə, bu əraziləri Ermənistan işğal edib və faktiki olaraq erməni ordusu buradadır. Demək, danışıqlar prosesində haqlı tərəf olaraq qəbul edilməyə ümidimiz olub. Amma dünyada heç də həmişə ədalət zəfər çalmır, kim güclüdürsə, onun sözü keçir. Bu işi həll etmək üçün gücə əl atmaqdan başqa yol olmadığını dilə gətirməyə məcbur olmuşuq. Dünya isə bu mövqeyimizi məsələni zorla həll etmək kimi qəbul edib və bizə basqılar başlayıb ki, Azərbaycan təhdid ritorikası ilə çıxış edir... Onsuz da dünya Azərbaycanın torpaqlarını azad etmək üçün başqa yolunun olmadığını bilir və biz hər cür beynəlxalq təpkilərə əhəmiyyət vermədən bu işin dalınca düşməliydik”.

Q.Çaxmaqlı görülməsi zəruri olan işlərdən bəhs etdi: “Mən dəfələrlə demişəm, biz öz torpaqlarımızda qayda-qanunu bərpa etmək istiqamətində addımlarımızı münaqişənin əvvəlindən atmağa başlamalıydıq, burada separatçı qüvvələri zərərsizləşdirməyə yönəlik tədbirlər görməliydik. Ermənilər işğal zonasında rahat yaşaya bilməməliydilər. Heç kəs bizi buna görə bizi qınaya bilməzdi. Axı dünya qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və burada erməni işğalçı qüvvələri var. BMT qətnamələr qəbul edib ki, erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Bütün bunlar əlimizi gücləndirən, bizə hətta Dağlıq Qarabağda partizan müharibələri belə aparmağa imkan verən cəhətlər idi. Çox təəssüf ki, bunları etməmişik. Zənnimcə, biz ayrı-ayrı ölkələrin bu işi həll edəcəyinə sadəlövhcəsinə inanmışıq. Hələ də deyənlər var ki, Qarabağın ”açarı" Rusiyadadır. Ağılsızcasına özümüzü inandırmağa çalışmışıq ki, biz məsələni güclə həll etməyə girişsək, Rusiya bizi cəzalandırar. Konkret olaraq Qarabağ məsələsini həll etməyə mane olan bizim qərarsızlığımızdır".

Ekspert deyir ki, Paşinyan hakimiyyətə gələndən sonra ona ümid etmək də sadəlövhlük olub: “Siz şahidsiniz ki, mən onun daha təhlükəli erməni olduğunu söyləyirdim. Hər zaman bu mövqedə olmuşam ki, Ermənistanın başına kimin gəlməsindən asılı olmayaraq, işğalçılıq siyasəti davam edəcək. Qarabağı Ermənistana birləşdirmək üçün daha fərqli addımlar da atıla bilər və mən bunu gözləməkdəyəm”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə isə qəzetimizə açıqlamasında xatırlatdı ki, Qarabağ münaqişəsi Cənubi Qafqazda hazırda maraqlı dövlətlərin xüsusilə ABŞ və Rusiyanın maraqlarını toqquşduğu həlli mümkün olan münaqişədir:“Təəssüf ki, münaqişə regional münaqişədən beynəlxalq konfliktə çevrilib. Burada savaş regionda yeni situasiya yaradacaq, üçüncü dövlətlərin burada iştirakına səbəb olacaq. Əsasən Rusiyanın nəzarətində olan münaqişənin həllində sülh və diplomatik danışıqlar nəticə vermir. ABŞ bizim mövqeyimizə çox yaxın həll formulunun dəstəkləyir. Rusiya isə əksinə. Paşinyanın işğal olunmuş ərazilərdə ”miatsum" bəyanatı əslində hərbi əməliyyatları başlamaq üçün Azərbaycana “kart-blanş” verirdi. Bu, danışıqların sonu və Minsk Qrupunun vasitəçiliyini sonu demək idi. Amma proseslər elə vəziyyətdədir ki, Azərbaycanın müharibəyə başlaması birbaşa Rusiyanın təzyiqləri ilə üzləşməsinə səbəb olacaq. Rusiya çalışır ki, Qarabağda “nə hərb, nə də sülh” olsun. Bu status-kimi onun regionda maraqlarına xidmət edir. Azərbaycan üçün Rusiya faktoru hələ ki çəkindiricidir".

Ancaq politoloq Azərbaycan üçün fürsət yaranacağı qənaətindədir: “Hesab edirəm ki, yaxınlaşan Rusiya-Türkiyə əlaqələrindən istifadə edib, Moskva ilə daha da diplomatik danışıqları sıxlaşdırıb hərbi yolla əraziləri azad edə bilərik. Moskva bu gün Suriyada, Ukraynada ciddi beynəlxalq nizamı dəyişən müharibələrin müəllifidir. Ona görə də hazırda Qarabağda hərbi əməliyyatların keçirilməsində əsas mane Moskvadır. Azərbaycan yoxsa 10 gün ərzində torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Məhz Ermənistan məcbur olub, bizimlə sülh anlaşması bağlayar. Paşinyan ilk gələndə praqmatik siyasətçi kimi özünü göstərirdi. Regionda sülhün əldə olunması və Ermənistanın inkişafını münaqişənin ədalətli həllində görürdü. Məhz onun Azərbaycan prezidenti İlham Əliyevlə şifahi razılığı, bu il yanvarda İtaliyada ATƏT xarici işlər nazirlərinin zirvə görüşündə birgə bəyannamənin qəbulu göstərirdi ki, Paşinyan Rusiyanın təsirini azaltmaq və ölkəsində demokratik sistemin qurulmasına gedə bilər. Amma daxildə ciddi siyasi basqılar, Moskvanın demarşları Paşinyanın geri çəkilməsinə gətirdi. Başa düşdü ki, o, bununla hakimiyyətini itirə bilər. Ona görə də konkret olaraq sələflərinin yolunu getməyə qərar verdi. Hesab edirəm ki, bu siyasətlə Paşinyan ölkəsində demokratik bir sistem qura bilməyəcək və Qarabağ münaqişəsi erməni cəmiyyətinin inkişafının qarşısını alan ”Domokl qlıncı"dı. Bunu siyasilər daha da hiss edirlər. Azərbaycan ilk növbədə öz strateji seçimində addımlarını qətiləşdirməlidir. Həqiqətən yeni dünya nizamında ciddi dəyişikliklər baş verir. ABŞ daha da hərəkətə keçsə, Ermənistanı sıxışdırsa, Rusiyanın bu ölkədə mövqeləri zəifləyər, münaqişəsinin nizamlanması mümkün olar"./musavat.com