Ermənistan əks-inqilab astanasında - Paşinyan onu iqtidar etmiş xalqı hədələdi

Baxış sayı:
2836

Hökumət qüvvələri ilə toqquşmada ilk dəfə qan töküldü; erməni baş nazirdən narazı kütləyə təhdid: “Güc tətbiq edəcəyik!..”; erməni mediası: “İnqilabçılar etirazçılara çevrilir...”

Ermənistanda 8 may 2018-ci il inqilabı ilə bağlı məyusluq artır. Nikol Paşinyan hökumətindən normal iş yerləri, yaxşı güzəran gözləyən əhali indi heç vaxt olmadığı qədər xəyal qırıqlığı yaşamaqdadır. Bu xəyal qırıqlığı getdikcə özünü hökumətə qarşı daha fəal etiraz aksiyalarında göstərməyə başlayıb. Necə deyərlər, Paşinyan iqtidarı  “gerisayım” mərhələsinə girib.

Belə etirazların birində - Paşinyanın doğulduğu İcevanda srağagün yerli vətəndaşlarla polis arasında toqquşma olub. Xəbər verdiyimiz kimi, 600 nəfərə yaxın nümayişçi mərkəzi yolu kəsərək nəqliyyatın hərəkətini dayandırıb. Həmin yol Gürcüstan-Ermənistan dövlətlərarası magistral olduğundan polis dərhal hərəkətə keçib və bu zaman da qarşıdurma yaşanıb. 13 nəfər yaralanıb. Ermənistanın İstintaq Komitəsi olayla bağlı cinayət işi qaldırıb, bir neçə nəfər saxlanılıb. Daha 6 nümayişçidən başqa yerə getməməklə bağlı iltizam alınıb.

Qeyd edək ki, narazı kütlə İcevandakı taxta-şalban sexlərinin işçiləri olub. Etirazçılar hökumətdən meşələrdə ağac kəsilməsinə qoyulan qadağanın ləğvini tələb ediblər. Çünki buradakı əhalinin yeganə gəlir mənbəyi məhz bu sexlərdir.

Vəziyyətin gərginliyi Ermənistan hökumətini də hərəkətə gətirib. Baş nazir Nikol Paşinyan aksiyaya və daha sonra baş verənlərə sərt münasibət bildirib. “Dünənki insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi cəzalandırılacaqlar”, - deyə o, facebook səhifəsində yazıb və ötən il onu hakimiyyətə gətirmiş kütləni faktiki şəkildə ilk dəfə hədələyib. “Heç bir qanunsuz kompromis olmayacaq və bunu hamının bilməsi vacibdir. Bu vəzifəni hüquq-mühafizə orqanları qarşısında dəqiq şəkildə qoyuram. Heç kim hökumətlə şantaj dilində danışmaq haqqına sahib deyil”, - deyə baş nazir bildirib.

*****

İcevan insidenti ile ilgili görsel sonucu

İcevan insidenti ölkədə ciddi rezonans doğurub. Əksər təhlilçilər bunu inqilabdan sonra hökumətlə xalq arasında ilk böyük, qan tökülməsi ilə müşayiət olunan olay kimi qiymətləndiriblər. Bu xüsusda 1in.am saytının analitiki Sərkis Arsruninin şərhi diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, müəllif öncə hadisəni Ermənistanda inqilabın qələbəsindən sonra vətəndaşla polis arasında ən böyük toqquşma adlandırır. “Ölkədə inqilabdan sonra talançılığın yolu bağlanıb. Lakin İcevan əhalisinin böyük əksəriyyəti boş-bekar və yoxsulluq içindədir, faktiki, meşənin hesabına yaşayır. Bu da keçən ilki inqilabi prosesin iştirakçılarını etirazşılara çevirib”, - deyə o qeyd edib.

Erməni analitik daha sonra yazır: “Aksiyada yüzlərlə adam iştirak edib. Bunun özü ən azından, onu göstərir ki, ölkədə hazırda olduqca aşağı keyfiyyətli idarəçilik var və hökumət tədricən reallıqdan qopmaqdadır. İcevanda dünənki (srağagünkü-red.) dramatik hadisələr inqilab komandasında ciddi böhran indikatorudur. Üstəlik, hakimiyyət məhz Paşinyanın vətənində simvolik bir şillə yedi. Məsələ ondadır ki, əgər ölkədə baş verən inqilab özü ilə yeni dəyərlər sistemi gətirmirsə, o zaman təbii ki, belə vakuumlar yaranır - hansı vəziyyətdən ki, bir yandan keçmiş korrupsİonerlər, digər tərəfdən isə marginallar istifadə edə bilərlər. Romantizm mərhələsi artıq bitib. Bundan sonra insanlar çətin ki, Paşinyan və komandasının gözəl şüarlarına qulaq assınlar. Əgər düzgün nəticə çıxarılmasa, yaxın zamanlarda kortəbii etirazlar qaçılmaz olacaq. Özü də böyük miqyasda”.

*****

İcevan insidenti ile ilgili görsel sonucu

“İyulun 17-də Ermənistan başqalaşdı. Həmin gün hakimiyyətlə əhali arasında çat sürətlə böyüməyə başladı və bu çat göstərdi ki, cəmiyyətin Paşinyan hökumətindən gözləntilərinin çin olması mümkün deyil. Məlum olur ki, ötən il xalq diktatoru devirib, ölkə rəhbərliyinə təkcə diletant və populist birisini deyil, həm də diktator xüsusiyyətlərindən xali olmayan birisini gətirib”.

Bunu isə armenianreport.com-da siyasi icmalçı Tevoş Arşakyan İcevan insidentini şərh edərkən yazıb. “O gün 2018-ci ilin aprelindən bu yana hakimiyyətlə xalqın ən iri toqquşması baş verdi. Ötən il hakimiyyəti özü zorla ələ keçirən hökumət etirazçıların üzərinə repressiv qurumları göndərdi. Halbuki, belə vəziyyətdə Paşinyan şəxsən hadisə yerinə getməli, insanlarla söhbət eləməli, hamını qane edən kompromis tapmalı idi”, - deyə erməni şərhçi qeyd edib.

ermənstanda inqilab ile ilgili görsel sonucu

Şərhin bundan sonrakı hissəsində Paşinayan qarşı daha sərt ittihamlar yer alıb: “Paşinyanın yaddaşı qısadır. Ötən il o, Sərkisyan rejimini devirəndə hökumətlə şantaj dilində danışmağı özünə rəva bilə bilirdi. Ona görə ki, arxasında kütlənin gücünü hiss edirdi - hansı kütlə ki, yoxsulluq və dərəbəylik illərinə görə Serji və komandasını parça-tikə eləməyə hazır idi. İndi isə situasiya sürətlə dəyişir - özü də inqilabçıların xeyrinə yox. O səbəbə Paşinyan açıq-aşkar narazılarla hədələyici, diktator dilində danışmağa keçir: ”İmkan verməyəcəyik", “Cinayət məsuliyyətinə cəlb edəcəyik”, “İnqilab düşmənləri məhv ediləcək” və s. Bunu o, zorən edir, çünki ürəyində başa düşür ki, İcevanda adamlar küçələrə çıxılmazda qaldıqları üçün axışıblar: əgər onlara meşəni qırmaq yasaq edilsə, o zaman yüzlərlə ailə çörəksiz qalacaq və sonuncu mövcudluq vasitəsini itirəcək. Bəs onlar bundan sonra necə yaşasınlar? Axı son il ərzində sıravi erməninin həyat şəraiti zərrəcə yaxşılaşmayıb. İnqilabçı hakimiyyət hələ də sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağı, ölkəyə sərmayələr cəlb eləməyi və yeni iş yerləri açmağı bacarmayıb".

*****

Beləcə, cəmi bir il öncə bəh-bəhlə “məxməri inqilab” edib qurtulduqlarını düşünən ermənilər təzədən küçələrə axışmağa başlayıblar. Çünki qurtuluş üçün üsyan, inqilab, hakimiyyət dəyişikliyi yox, ilk növbədə Dağlıq Qarabağ problemini həll edib qonşu Azərbaycan və Türkiyə ilə anlaşmaq lazımdır. Əks halda, Ermənistanda inqilablar, əks-inqilablar hələ çox silkələyəcək.../musavat