"ERMƏNİSTAN HİBRİD MÜHARİBƏYƏ KEÇİR” - Prezidentin köməkçisi sensasiyalı faktlar açıqladı

Baxış sayı:
1914

Döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan tərəfindən Azərbaycana qarşı assimetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olmaqdadır”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bizdə olan məlumata görə, onlar Azərbaycana qarşı assimetrik formada müharibə aparmağı planlaşdırırlar. Bu, bilavasitə terror vasitəsilə müharibənin aparılması metodudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən dövlətlər döyüş meydanında uğursuzluqla üzləşdiyi təqdirdə onlar assimetrik və hibrid müharibələr kimi taktikalardan istifadə edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı bu metodun istifadə edilməsi istiqamətində müxtəlif planlar və niyyətlər var”, - o vurğulayıb.

“Ermənistan öz ənənələrinə sadiq qalaraq Azərbaycanın işğal olunmuş ərazilərində muzdluların yerləşdirilməsi və onlardan Azərbaycana qarşı istifadə edilməsinə davam edir” - deyə  Hikmət Hacıyev deyib.

O bildirib ki, muzdluların əksəriyyəti erməni əsilli olsalar da, onların sırasında digər etnik mənsubiyyətə mənsub şəxslər də var: “Bununla yanaşı, terror təşkilatı kimi elan olunmuş “VoMa” adlı terror təşkilatı internet vasitəsilə müxtəlif ölkələrdə olan muzdluları Ermənistana cəlb edir və bunun müqabilində maddi mükafatlar vəd edir.

Hazırda bu təşkilatda 300-dən çox müxtəlif ölkələrdən olan insanlar qeydiyyatdan keçiblər. Onlar muzdlu kimi Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək və ölkəmizə qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətindədirlər.

Əldə etdiyimiz məlumatlara görə, hazırda Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan tutmuş, Avropa İttifaqı ölkələrinə, eləcə də, Kanadaya qədər bir çox ölkələrdən olan muzdlular xidmət göstərir.

H.Hacıyev qeyd edib ki, bu yaxınlarda Fransa mətbuatına müsahibə verən Fransa ermənisi ASALA terror təşkilatının üzvü olmuş, əvvəllərdə Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş Jilbert Minasyan 15 nəfərlik dəstə ilə Azərbaycanın işğal altında olan ərazilərinə gəldiyini bəyan edib.

“Ermənistan tərəfi öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində muzdluların, hansısa üçüncü ölkənin hərbçilərinin iştirak etməsi ilə bağlı yalanlar və fantaziyalar irəli sürürlər”- deyə Prezidentin köməkçisi vurğulayıb.

Onun sözələrinə görə, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur: “Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığını layiqincə yerinə yetirir”.

“Ermənistan tərəfi münaqişəyə dini don geyindirməyə çalışır, lakin bu, əsassızdır. Bu münaqişəsində heç bir dini komponent yoxdur" - deyə Hikmət Hacıyev vurğulayb.

O bildirib ki, Şuşada Gövhər Ağa məscidinə ziyan vurulmasına dair məlumatlar paylaşılır: “Burada heç bir dini məsələ ola bilməz. Ermənistanla Azərbaycan arasında münaqişənin tarixi inkişaf tendensiyası da bunu bariz şəkildə sübut edir.

Bu münaqişənin əsasını Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təşkil edir. Azərbaycanın Ermənistanı sülhə məcburetmə əməliyyatının əsas məqsədi işğalçıları bizim torpaqlarımızdan çıxarmaqdır.

Gövhər Ağa məscidi Azərbaycanın Şuşa şəhərində olan tarixi abidəsidir və dəyərlidir”.

Hikmət Hacıyev bildirib ki, Ermənistanın müharibə şərtlərini pozması barədə beynəlxalq təşkilatlar məlumatlandırılacaq: "Gəncə, eləcə də Bərdə düşmən tərəfindən ballistik raketlərdən atəşə tutulub. Nəticədə, mülki şəxslər həlak olub. Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə edərək mülki şəxsləri hədəfə alması ilə bağlı məqamlar barədə məlumatlar beynəlxalq təşkilatlara təqdim olunacaq".

"Beynəlxalq media orqanları bu məsələ ilə bağlı hazırladığı obyektiv materiallara görə erməni lobbi dairələrinin təzyiqlərinə məruz qalırlar. Biz bunu kəskin şəkildə qınayırıq” - Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan öz işğalçılıq siyasətini apardığı uğursuz informasiya mübarizəsi ilə ifşa edir: “Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin sülh yolu ilə həllini istədiyini desə də, sülh yolu ilə həllə gedən bütün istiqamətləri məhv edir. İnformasiya mübarizəsində Ermənistan rəhbərliyinin çıxışları, eləcə də, beynəlxalq mediaya erməni lobbisinin təzyiqləri bunu göstərir”.

"Ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində Azərbaycan ordusunun fəaliyyəti davam etdirilir. Bu gün də Ermənistanın cəbhənin müxtəlif istiqamətlərdən Azərbaycana qarşı hücumlarının qarşısı alınır”. - deyə  Hikmət Hacıyev qeyd edib.

O bildirib ki, 30 ildən çoxdur davam edən işğal siyasətinə layiqli cavab verilir: “Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik addımlarının nəticəsidir. Azərbaycan öz siyasətində daim beynəlxalq norma və prinsiplərə sadiqliyini qoruyub. Bu çərçivədə Azərbaycan Ermənistanı sülhə məcburetmə əməliyyatını davam etdirir”.

Hikmət Hacıyev bildirib ki, bu gün Ermənistanın cəbhənin müxtəlif istiqamətlərdən Azərbaycana qarşı hücumlarının qarşısı alınıb. Qubadlı və Zəngilan istiqamətində dövlət sərhədində Ermənistanın təxribatları davam edir. 

Ermənistan bu ərazilərin azad edildiyini və dövlət sərhədi olduğunu dərk etməlidir. Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 8-də Füzuliyə fosforlu mərmi düşüb və ANAMA onu neytrallaşdırılıb. Həmçinin Ermənistan tərəfindən Şuşa meşələrinin, Topxana meşələrinin yandırılması üçün fosforlu mərmilərdən istifadə edilir: “Ermənistan tərəfindən Xocavənd istiqamətində böyük fosfor maddəsi gətirilməsi barədə kəşfiyyat məlumatı var. Ermənistan bu silahdan istifadə etməklə Azərbaycan Ordusuna və mülki əhaliyə zərbə vurmaq istəyir. Ağ fosforlu silahlardan istifadə edilməməsi BMT-nin 1982-ci ildə qəbul etdiyi sənəddə, o cümlədən Cenevrə Konvensiyasında əksini tapıb. 1997-ci ildə Ermənistanın qoşulduğu Konvensiyaya əsasən də bu silahdan istifadə qadağandır. Ermənistan ballistik silahlara malikdir və ağ fosfordan da bu silahlarda istifadə edə bilər”.

Hacıyev qeyd edib ki, Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə edərək mülki şəxsləri hədəfə alması ilə bağlı məqamlar barədə məlumatlar beynəlxalq təşkilatlara təqdim olunacaq. Ermənistan məğlubiyyətlərini, həqiqətləri gizlətməklə öz ictimaiyyətini aldadır. Bununla yanaşı, Ermənistan öz işğalçılıq siyasətini apardığı uğursuz informasiya mübarizəsi ilə ifşa edir: “Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin sülh yolu ilə həllini istədiyini desə də, sülh yolu ilə həllə gedən bütün istiqamətləri məhv edir. İnformasiya mübarizəsində Ermənistan rəhbərliyinin çıxışları, eləcə də, beynəlxalq mediaya erməni lobbisinin təzyiqləri bunu göstərir”.

O bir daha qeyd edib ki, Azərbaycan Ordusu mülki insanları və obyektləri hədəf seçmir, işğalçını sülhə məcburetmə əməliyyatı aparılır.

“Ermənistan Xankəndi və digər yaşayıq məntəqələrində mülki obyektlərə zərbə endirilməsi barədə yalan məlumat yayır. Biz mülki insanlarla müharibə aparmırıq, yalnız oradakı legitim hərbi hədəflərə zərbə endirilir. Azərbaycanda əsirlikdə olan erməni hərbçilər də hər hansı fiziki, psixoloji təzyiqlərdən kənardır. Biz bu sahədə üzərimizə düşən beynəlxalq öhdəliklərdən çıxış edirik. Azərbaycanla Ermənistan arasında olan əsas fərq də bundan ibarətdir. Elə humanitar siyasətin nümunəsi olaraq bir müddət əvvəl Azərbaycanda olan 30 erməni hərbçinin cəsədinin də Ermənistana verilməsi təmin olunub”,- Hacıyev bildirib.