“Ermənistan bu barədə düşünməlidir” – XİN

Baxış sayı:
271

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-i nazir Elmar Məmmədyarovun “İzvestiya” qəzetinə müsahibəsini şərh edərək guya ki, Azərbaycanın “Kazan sənədi”ndən imtina etməsinə münasibət bildirib.

NazirliyinMətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Report”aaçıqlamasında məsələnintarixçəsihaqqında danışıb. O, qeyd edib ki, hazırkı proses 2004-cü ildə Praqada Ermənistan və Azərbaycan XİN-ləri səviyyəsində aparılan danışıqlarla başlayıb və 2007-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən “Madrid prinsipləri” kimi tanınan təkliflərin işlənib-hazırlanmasına gətirib çıxarıb.

Belə ki, 2009-cu ildə bu təkliflər təkmilləşdirilərək, “Yenilənmiş Madrid prinsipləri” adı altında təqdim olunub: “Bu təkliflərə əsasən, 2009-2013-cü illərdə ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin başçıları münaqişənin həllinin əsas konturlarını göstərən birgə bəyanatlarla çıxış ediblər. Məhz bu məntiq həmsədrlərin sonrakı fəaliyyətlərində əsas götürülür və bəyanatlarında, o cümlədən cari ilin 9 martın tarixli bəyanatlarında öz əksini tapıb. Ermənistan Xarici İşlər Nazirliyinə bu bəyanatların bütün müddəalarını yaddaşlarında yeniləmələrini tövsiyə edirik”.

“Kazan sənədi”nə gəldikdə isə, L. Abdullayeva bildirib ki, sənəd BMT-nin Nizamnaməsi və Helsinki Yekun aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri və digər beynəlxalq təşkilatların müvafiq qərarları əsasında tərtib edilib.

“Azərbaycan isə beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi, işğal olunmuş ərazilərimizin azad olunması və bu torpaqlardan didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını təmin edən bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib. Ermənistan tərəfinin bu kimi cılız və gülünc açıqlamalarla çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin, belə yaramaz cəhdləri davam etdirmək əvəzinə, Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməli və bölgədəki sülh və təhlükəsizliyi, eləcə də işğalçı ölkənin özünün qeyri-konstruktiv mövqeyi səbəbindən düşdüyü dalandan çıxmasını təmin edə biləcək addımlar atmalıdır”.