Ermənipərəst Aleksandr Duqinin azərbaycanlı köməkçisi – O, KEÇMİŞ MTN ƏMƏKDAŞIDIR - ÖZƏL

Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndinin dinc sakinlərini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Haqqın.az xəbər verir ki, Rusiya KİV-lərində dərc edilən məqaləsində A.Duqin Alxanlı hadisəsinin müharibənin başlaması üçün triqqer ola biləcəyindən bəhs edib. O, daha sonra əmin olduğunu bildirib ki, “Moskva Dağlıq Qarabağda sülhün təminatçısdır”. Hətta politoloq onu da vurğulayıb ki, “Azərbaycan artıq fərqindədir ki, Rusiya regionda torpaq bütövlüyünün qarantıdır”. Dəyərli oxuculara bəllidir ki, bu da birbaşa və ya dolayı yolla “Rusiya Azərbaycanın ərazi bütövlüyünün qarantıdır” anlamını verir.   
Rusiyalı ictimai-siyasi xadimin bu fikirlərinə münasibət bildirmədən öncə, qeyd edək ki, Avrasiyaçılıq tərəfdarı olan A.Duqin Moskvanın ideoloqlarından biri hesab olunur. Təsaüdfi deyil ki, o, son vaxtlar tez-tez Dağlıq Qarabağ və Cənubi Qafqazda gedən proseslərlə bağlı şərhlər verməkdə, Rusiyanın, o cümlədən ermənilərin maraqlarını müdafiə etməkdədir. Doğrudur, zaman-zaman mətbuatda Azərbaycan haqda müsbət fikirlər də səsləndirib. Amma bütün bu fikirlərin boğazdan yuxarı söyləndiyi kimsədə şübhə doğurmur.
Xatırladaq ki, may ayında Azərbaycana səfər edən Aleksand Duqin birbaşa İsmayıllı rayonunun İvanovka kəndinə yollanmışdı. O, səfər zamanı rus icması barədə xoş təəssüratlarını bölüşmüşdü: “Dövlətin qayğısını hər zaman hiss etdiklərini dilə gətirən İvanovka sakinləri mənə bildirdilər ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi əmin-amanlıq yoxdur. Onlar hətta gecələr öz uşaqlarını küçəyə təkbaşına buraxdıqlarına görə narahat olmadıqlarını dedilər... İnsanlarla söhbətim və müşahidələrim zamanı gördüm ki, Azərbaycanda yığcam şəkildə yaşayan ruslar Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq buradan köçüb getmək istəmirlər. Onlar bu barədə heç düşünmürlər, əksinə, vaxtilə buradan köçüb gedənlər yenidən geri qayıdırlar. Ruslar bu gün bir çox üstünlüklərə görə, Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”.
Səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan politoloq Aleksandr Duqin demişdi: “Bakıda və İsmayıllıda keçirdiyim görüşlər zamanı mənə bir daha aydın oldu ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində münaqişə tərəfdarı deyil və sülh istəyir. Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir. Lakin müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır. Rusiya bu münaqişənin tezliklə həll olunmasına kömək etmək istəyir”.
Lakin proseslərin gedişi göstərdi ki, Duqinin Azərbaycan haqda fikirləri diplomatik fırıldaqdan başqa bir şey deyil və onun əsas məqsədi cəmi bir cümləni – “Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir” – fikrini dünya ictimiayyətinə çatdırmaq olub. Hansı ki, ondan az sonra Rusiyanın ideoloqlarından daha biri – Aleksandr Proxonov da Bakıya səfər edərək, Aleksandr Duqinin səsləndirdiyi bu fikri genişləndirməyə cəhd etdi. Belə ki, Birinci vitse-prezidentlə görüşdən sonra onun adından təxribat olduğu güman edilən “biz ermənilərlə yenə şərab içəcəyik” ifadəsini səsləndirməsi heç də təsadüf deyildi.
Bu iki açıqlamanın ardınca Aleksandr Duqinin dünən “Rusiya Azərbaycanın ərazi bütövlüyünün qarantıdır” fikrini qeyd etməsi Kremlin rəsmi Bakıya diplomatik təzyiq vasitəsindən başqa bir şey deyil. Görünən odur ki, Kreml 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Odur ki, qarşıdakı 1 il ərzində rus ideoloqlarının hələ bir çox təxribat xarakterli açıqlamalarının, Rusiyda hazırlanan məkrli planların şahidi olacağımızı gözləmək olar. Bu baxımdan xalqımız Rusiyanın bütün çirkin niyyətlərinə qarşı həssas olmalı, təxribatlara uymamalıdır...
Daha bir maraqlı fakt isə odur ki, sən demə, Aleksandr Duqinin köməkçisi azərbaycanlı imiş. Bu haqda Türkiyədəki mənbələrimizin verdiyi məlumata əsasən, həmin şəxs keçmiş MTN əməkdaşı olub və iki ilə yaxındır A.Duqinin köməkçisi vəzifəsində çalışır. Mənbəmiz, hətta onun Duqinlə birgə fotosunu da Muxalifet.az-ın redaksiyasına göndərib.  
Rusiyalı politoloqun Dağlıq Qarabağ və Cənubi Qafqazda baş verən proseslərlə bağlı hər zaman azərbaycanlı köməkçisi ilə məsləhətləşdiyi haqda bilgilər var. Amma Aleksandr Duqinin ermənipərəst mövqeyini nəzərə aldıqda, keçmiş MTN əməkdaşı olan köməkçisinin ona nə kimi bilgilər verdiyi maraq doğurur...

Muxalifet.az

P.S. Tezliklə Aleksandr Duqinin azərbaycanlı köməkçisinin kimliyi və onların ortaq fəaliyyəti haqda geniş açıqlama verəcəyik. Bizi izləyin.