ERMƏNİNİN “BİC BALASI”: ARTSAX… - Və ya qud bay, Minsk qrupu, qud bay!

Baxış sayı:
1174

Xalqa məlum gecə müraciətində, Prezident İlham Əliyev vacib bir mesaj verdi. Dedi ki, o qədər təzyiqlər var, zamanla bəzilərinin üzərindən pərdəni, bəlkə götürdüm.  Bir də ona işarə etdi ki, bəzi yerlərin bələdiyyə sədrlərinə qondarma Artsaxın müstəqilliyini tanıtdırırlar. 
Xatırlayırsınızsa, belə ismarıcın biri Fransadan, biri Italyadan gəlmişdi. Ermənilər də buna “uğur” deyib öyünürdü. Ermənistan XIN-in sabiq başçısının müharibənin qızğın dönəmində müəmmalı, qısamüddətli xarici səfərlərini yəqin çoxu xatırlayar. Bu “uğurlar”  o görüşlərin, o səfərlərin nəticəsi idi, istisna olunmur.
Ermənilər bilir ki, havadarları hələ də Azərbaycanı hədələyir. “Dayan, yoxsa biz bu məkirli məqsədin “bic balasınə” Artsaxı, yavaş-yavaş hamıya  tanıdaracağıq”.
Düşünürəm, istiqamətləri şərh etməyə lüzum yoxdur. Savaşı yarımçıq dayandırmaq həvəsi kimdə yox idi ki, amma otuz il əvvəl erməniyə dayan demək həvəsi, heç kimdə yoxdur. Sadəcə erməniyə dünyada və qonşuluqda münasibətlər dəyişib ki, buna da Azərbaycanın güclənməsi, doxsanlardakı Azərbaycan olmaması səbəb olub. Bir vacib məqam da bu ki, doxsanıncı illərdə Ermənistana dayanma deyənlərin özləri də indi dünya güc sistemində həmin güclü qol deyil. Odur ki, postsovet məkanı və Cənubi Qafqazda nüfuzunu saxlamaq istəyən bütün güclərin bu günki siyasi durumda bir variantı var, əməkdaşlığa getmək. Demək olar ki, Azərbaycanı sevdi, sevmədi, fərq etmir bu gün dünya Azərbaycanladır, xırda istisnalar olmaqla. Türkə və erməniyə tarixi münasibəti bəlli olan Fransa bu müstəvidə istisna təşkil edir.

Niyə?

Fransa, ermənilərin çoxluq təşkil etdiyi ölkələrədən biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanları var. Baxmayaraq bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Fransanın müəyyən rəsmi dairələri bu reallığı qəbullanmaqdan imtina edir. Bu Azərbaycanın ərazi bütövlüyünə təhdiddir. Terrorun qarşısında deyil, yanında dayanmaq göstəricisidir. O da aydındır ki, bunu Fransanın dövlət rəhbərləri bilməmiş deyil. Yəni atdıqları bütün addımları şüurlu şəkildə anlayırlar. Deməli, Fransa dövləti, fransız xalqının gələcək taleyini də təhlükə altına alır. Gələcəkdə fransızların terrora dəstək verən dövlətin vətəndaşları kimi xarakterizə olunmasına şərait yaradır.

Paris merisayısının qondarma Artsaxın müstəqilliyini tanımaq barədə məsələni müzakirəyə çıxarması bu mənada fransızların və Fransanın özünə sərfəli variant deyil. Fransa Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktı ilə heç cür barışa bilmir. Görünür bu təkcə Azərbaycan deyil, həm də Türkiyəyə Prezident Makronun şəxsi münasibətindən qaynaqlanır. Ancaq ağlı başında siyasətçi, lider, fərdi, şəxsi nifrətini dövlət siyasəti səviyyəsinə qaldırmaz. Xalqını açıq hədəfə çevirməz.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in Minsk qrupundakı “sülməramlı” imajını gərək ki, unutmayaydı Fransa. Özü də o məqamda ki, Ermənistan rəsmi kapitulyasiya imzalayıb, müharibə məğlubiyyətini qəbul edib.
Gələk qondarma Artsaxı tanıyan, Paris meri Ann İdalqoya. O, açıq ermənipərəst mövqeyi ilə seçilən siyasətçilərdəndir.  Bu ilin mart ayında Fransada keçirilən bələdiyyə seçkilərinin birinci turunda respublikaçı rəqibi Rəşidə Datiyə qalib gələ bilməyən Ann İdalqo, ikinci tur ərəfəsində yerli mediaya müsahibəsində ermənilərin dəstəyini qazanmaq üçün Azərbaycanın və Türkiyənin ünvanına ağlasığmaz ittihamlarla çıxış etmişdi. Yəni ikinci turda ermənilərdən tam dəstək almışdı. Ann İdalqo Ermənistanla və erməni diasporu ilə münasibətlərinin maraqlı dərinlikləri var.
2015-2018-ci illərdə o,  Serj Sarqsyanla 4 dəfə görüşüb. Ermənistanda yaradılmış TUMO “Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib. Hətta TUMO-nun Xankəndidə qanunsuz fəaliyyət götərən ofisində olub. Fransa ermənilərinin təşkil etdiyi bütün tədbirlərdə iştirak edib. Qondarma erməni soyqırımı ilə bağlı dəfələrlə tvitlər paylaşıb. Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızı Anuş Toronyanı özünə müavin təyin edib və sair...
Amma o, bir vacib məqamı unudur. Tanıdığı qondarma Artxası, Ermənistan rəsmən tanımır. Bu beynəlxalq hüquqa zidddir və Ermənistan üçün çox ağır nəticələrə gətirəcək. Ancaq proses ona gedir ki, Ermənistanın ardıyca bütün dünyanın müdafiə etmədiyi, reaksiya vermədiyi bir məsələdə, belə təhlükəli addımları sonra deyəsən elə Fransanın özünün başında çatlayacaq.
Daha bir vacib məqam. Unutmayaq Fransa DQ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, rəhbərlərindən biri idi. Yavaş-yavaş bəlli olur ki, əslində prosesə ziyan vuran dövlətlərin başında duran elə Fransa imiş. Sual oluna bilər ki, bunu Azərbaycan indimi kəşf edib? Əsla ! Bu Azərbaycanın illərlə bildiyi bir məsələ idi. Sevindirici odur ki, Azərbaycan artıq özü ətrafında informasiya blokadasını yara və mənzərəni artıq dünyaya təqdim edə və onu inandıra bilib.
Bu məqamda, ovqat üçün prosesi musiqi dilinə də köçürmək mümkündür. ”Qud bay, may, layf, qudbayyy”... Məhşur mahnıdır, hamı bilir. Və indi də hamı biləcək ki, o misranı “qud bay, Minsk qrupu, qud baaayyy” kimi “oxuyan” və oxutduran da elə Fransa oldu. Oxuyun, arada onu da oxuyun ki, Fransan dünyada, Qafqazda, habelə İslam dövlətləri qarşısında nüfuzuna görə, oxuya-oxuya haradan idi, hara düşdü...
Jalə MÜRƏLLİMOVA
18.11.2020