"Ermənilərlə görüşə gecə saatlarına qədər hazırlaşmışdıq" - Günay Məmmədzadə

Baxış sayı:
210

Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb.

APA-nın məlumatına görə, şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov jurnalistlərə açıqlamasında qazanılan bürünc medalı ölkə idmanının böyük uğuru kimi qiymətləndirib: "Qadın şahmatçılar əzmkarlıq və ustalıq göstərdilər. Son turda Ermənistan komandası üzərində parlaq qələbə bürünc medal qazanmağımızda həlledici rol oynadı. Milli gümüş medal da qazanmağa yaxın idi. Sadəcə sonda üçüncü yerlə kifayətlənməli olduq. Ümumilikdə, zərif cinsin nümayəndələrindən razıyıq. Qızlarımız sözün əsl mənasında ölkə şahmatı tarixində yeni səhifə açdı".

Avropa çempionatında son turda Ermənistanla görüşdə birinci lövhədə qələbə qazanan Günay Məmmədzadə bürünc medalı karyerasının önəmli nəticəsi adlandırıb: "Karyeramda önəmli nəticədir. Bu uğurun qazanılmasında komandamızın hər bir üzvünün rolu var. Federasiyanın qayğısı, üstəlik məşqçilərin zəhmətini qeyd etməliyəm. Son turda hər bir şahmatçının mühüm tapşırığı var idi. Gecə saatlarına qədər hazırlaşmışdıq. Mən qələbə qazanandan sonra komanda yoldaşlarım mütləq bərabər vəziyyəti qorumalı idi. Sonda qazandığımız qələbə yığmamıza Avropa çempionatında üçüncü yeri təmin etdi".

Avropa çempionatının bürünc medalçısı Türkan Məmmədyarova Batumidəki uğurun gələcək karyerasına təsirsiz ötüşməyəcəyini bildirib: "Həmişə kişi komandasından uğur gözləyirlər. Bundan sonra hər iki komandamıza inam olacaq. Ümumiyyətlə, biz həmişə iddialı olmağa çalışmışıq. Son illər göstərdiyimiz nəticə medala yaxın olduğumuzu göstərirdi. Həmişə əmsallara görə 3-5, 3-6-cı yerləri tuturduq, medalın bir addımlığında dayanırdıq. İndi bürünc medala layiq görüldük".

Milli komandanın şahmatçısı Gülnar Məmmədova həyəcanlı olduğunu söyləyib: "Dəstəyə görə hamıya təşəkkür edirik. Bürünc medal barədə danışmaq asan deyil. Komanda yarışlarında bir yumruq kimi mübarizə aparmaq lazımdır. Bu dəfə millimiz birləşərək bütün oyunlarda maksimum gücünü ortaya qoydu. Bürünc medal qarşıdakı uğurların başlanğıcıdır".

Batumidə milliyə dəstək olan Zeynəb Məmmədyarova qadın şahmatçılara gələcəkdə də dəstək olmağın vacibliyindən danışıb. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün hazırlıq planı tərtib olunmalıdır.

Qeyd edək ki, Batumidə komandalar arasında Avropa çempionatında qadın şahmatçılarımız böyük uğura imza ataraq, bürünc medal qazanıblar. Bununla da, Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra qitə çempionatında üçüncü yerə layiq görülüb.