Ermənilərin Tərtər tərəfdən atdığı mərmi Goranboyun Xanqərvənd kəndinə düşə bilərmi?! - “BU ŞƏXS SADƏCƏ OLARAQ İŞLƏMƏK İSTƏMİR...”

Baxış sayı:
7471

Goranboy rayonunun Xanqərvənd kənd sakini Fuad Səlimovun evi üç ildir ki, qəzalı vəziyyətdədir. Deyir ki, 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin artilleriya zərbələrindən, kəndə düşən mərmilərdən evin tavanında və divarlarda iri çatlar yaranıb. Virtualaz.org xəbər verir ki, F. Səlimovun öz problemi ilə bağlı videomüraciəti sosial şəbəkələrdə yayılıb. Xanqərvənd sakini iddia edir ki, neçə ildir bu evdə yaşamağın təhlükəli olması haqda aidiyyati orqanlara şikayət etsə də, kömək edən yoxdur: “2016-cı ilin aprel ayında baş verən döyüşlər zamanı atılan mərmilərdən evimdə çatlar əmələ gəlib. Evin hər tərəfi partlayıb, yarğanları palazla doldurmuşuq ki, içəri ilan keçməsin. Amma hər yer o vəziyyətdədir, nəinki ilan, hər heyvan keçə bilər. Goranboy Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişəm, kömək edən yoxdur. Yoldaşım da, özüm də xəstəyik, bilmirik kimə şikayət edək”, - sakin müraciətində bildirir. Qeyd edək ki, prezident İlham Əliyev 2016-cı ilin aprel döyüşlərində cəbhəboyu yaşayış məntəqələrində zərər çəkmiş evlərin təmir-bərpasının dövlət hesabına həyata keçirilməsi üçün göstəriş verib və yerli icra hakimiyyətlərinə zəruri vəsait ayırıb. Bu baxımdan həmin şikayətçinin evinin niyə indiyə qədər təmir edilməməsi sual doğurur. Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb qəzalı vəziyyətdə olan evin niyə dövlət hesabına təmir olunmaması ilə maraqlandıq. Goranboy RİH başçısının birinci müavini Ceyhun Həsənov virtualaz.org-a bildirdi ki, sakinin iddiaları əsassızdır. Onun sözlərinə görə, əslində Xanqərvənd kəndi ilə Aprel döyüşlərinin getdiyiTərtər rayonu arasında 30-40 kilometr məsafə var. “Bu şəxsin evinə Aprel döyüşlərində necə zərər dəyə bilər? Hamının evində çat var. Bu şəxs sadəcə olaraq, işləmək istəmir. Biz ona DOST mərkəzdə, pambıq məntəqələrində iş təklif edirik. Deyirik ki, 300-500 manat əmək haqqı al, evinin çat yerlərini bərpa elə. O isə şantajla məşğuldur. Siz xəritəni qoyun, baxın görün Xanqərvəndlə döyüşlər gedən ərazi arasında nə qədər məsafə var. Ora mərmi düşə bilməz. Bu şəxs ümumiyyətlə, imkansız adam deyil”, - C. Həsənov bildirir. İcra başçısının müavini həmçinin deyir ki, F. Səlimov əslində Xanqərvənddən deyil, Yeniyol kəndindəndir. Hansısa səbəbdən öz kəndini Xanqərvənd kimi təqdim edir...