Ermənilərin məşhur "Yerevan" mahnı-himni "Arşın mal alan"ın plagiatı çıxdı - VİDEO

Baxış sayı:
1855

Məlum olduğu kimi ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, işğal edib, həm də mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adına çıxarmağa çalışıb və bəzən də nail olub. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarları əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır.
Bu cür nümunələrdən biri də ermənilərin fəxrlə ifa etdikləri, A. Xaçaturyana məxsus olan məşhur "Yerevan" mahnı-himnidir. Hələ sovet dövründə Xaçaturyanın əsərləri, mahnıları ətrafında müzakirələr gedirdi. Çünki yazdıqları bütövlükdə Azərbaycan musiqi irsini təşkil edirdi və məşhur musiqişünaslar onun həm Azərbaycan xalq mahnılarını, həm də aşıq poeziyasını tamamilə təkrar etdiyini bildirirdi.
Bu barədə söz düşəndə isə Xaçaturyan deyirdi: "Müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj vardır.” 
Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan" mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan" operettasından "Əsgərin mahnısı"nın eynisidir. Bunu zamanında Sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.
Bir faktı da qeyd edək ki, Xaçaturyanın "Armenin rəqsi", "Karen və Nunenin rəqsi", "Erməni-kürd rəqsi" və digər rəqslərin əslində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.
Beləliklə ermənilərin məşhur "Yerevan" mahnısının əslində "Arşın mal alan" əsərindəki "Əsgərin mahnısı"nın plagiatı olduğunu təsdiqləyən videonu təqdim edirik./musavat