​Ermənilərin “Gülüstan” qalasını “mənimsəmək” cəhdinə imkan verilmədi

Baxış sayı:
226

Xəbər verdiyimiz kimi, bu gün “Vikipediya”da ermənilər Azərbaycanın Goranboy rayonunda yerləşən Gülüstan qalasını mənimsəməyə cəhd edib.
Oxu.Az xəbər verir ki, artıq bu cəhdin qarşısı alınıb. 
Məsələ ilə bağlı saytımıza Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru müavini Elnur Eltürk açıqlama verib.
O bildirib ki, xaricidilli “Vikipediya”da ölkəmizlə bağlı bu kimi saxtakarlıqlar qeydə alınır:
“Maksimum çalışırıq ki, elmi əsası olmayan və təxribatçı məlumatların qarşısını alaq. Ümumiyyətlə, Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzi olaraq Azərbaycandilli “Vikipediya” idarəçiləri və viki-icma ilə daima ünsiyyətdəyik. Çalışırıq ki, təxribatçı hərəkətlərin qarşısını birgə alaq”.
E.Eltürk vurğulayıb ki, Gülüstan qalası ilə bağlı ingilisdilli “Vikipediya”da məqaləni Azərbaycandilli “Vikipediya”nın idarəçisi Toğrul Rəhimli yaradıb:
“Toğrul Rəhimli Azərbaycandilli “Vikipediya”ya səmərəli töhfəsi ilə yanaşı, bu günə qədər ingilisdilli “Vikipediya”da tariximiz, mədəniyyətimizlə bağlı məqalələr yaradıb və ya redaktə edib.
Sadəcə olaraq, həmin məqalədə erməni istifadəçisi tərəfindən məlumatlar məqsədli şəkildə dəyişdirilib. İdarəçinin özü məqaləyə müdaxilənin qarşısını alıb və məqalədə qalanın Azərbaycan tarixinə aid olması ilə bağlı faktlar idarəçi tərəfindən istinadlarla zənginləşdiriləcək”.
Qeyd edək ki, Gülüstan qalası Azərbaycanın Goranboy rayonu ərazisində yerləşir. Tam şəkildə dövrümüzədək çatmasa da, müəyyən bürcləri qalıb. Tədqiqatçılar qalanın tikilmə tarixini Qafqaz Albaniyası dövrünə aid edir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub.