Ermənilərin Bakıya ayaq açması sərt ETİRAZ DOĞURDU

Akif Nağı: “Onların ölkəmizə səfər etməsi hökumətin zəifliyindən xəbər verir”

Bakıya daha iki erməninin gəlişi gözlənilir. Belə ki, gələn ilin martında Azərbaycan paytaxtında keçiriləcək AŞ PA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında erməni nümayəndə heyətinin də iştirak edəcəyi dəqiqləşib. Təcavüzkar ölkəni iclasda AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.
İki ay öncə isə Bakıda keçirilən “Avronest” Parlament Assambleyasının iclasında iştirak adı ilə Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda olmuş, hətta qaldıqları hoteldə içki məclisindən fotolar çəkib paylaşmağı belə unutmamışdılar.
Yayılan xəbərlərin ardından Azərbaycan ictimaiyyətindən etirazlar gəlməyə başlayıb. Hər hansı tədbirə görə gəlmələrindən asılı olmayaraq, heç bir halda düşmən ölkənin təmsilçilərinin gəlişinə icazə verilməməsi daha doğru sayılır. Lakin beynəlxalq protokol qaydalarını önə çəkərək, erməni deputatların gəlişinin qarşısını almağın mümkünsüz olduğunu düşünənlər də var.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ermənilərin gəlişində Azərbaycan hökumətini günahlandırdı: “Ermənilərin ölkəmizə səfər etmələri hakimiyyətin zəifliyindən xəbər verir. İqtidar bu cür tədbirlərdə ermənilərin iştirakının qarşısını almaq üçün qətiyyətli mövqe tutmalı, öz mövqeyini də əsaslandırmalıdır. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və işğalçı dövlətin nümayəndələri heç bir halda Bakıda keçirilən tədbirlərə qatıla bilməzlər. Ortaya qoyulmaldıır ki, bu səbəbə görə ermənilər ölkəmizə gələ bilməzlər. Hansısa bir protokol qaydası olsa belə, Azərbaycan tərəfi geri çəkilməməlidir. Təəssüflər olsun ki, böyük yanlışlığa yol verilir. Ermənilər də bundan istifadə edirlər. Çünki onların təhlükəsizliyi ciddi şəkildə qorunur. İki ay öncə erməni deputatlar Bakıya gələndə Milli Məclisin qarşısında ciddi aksiyamız oldu. Üzvlərimizə tədbir keçirilən yerə heç yaxınlaşmağa belə imkan vermədilər. Ən azından cəmiyyətin bu səfərlərə etirazına şərait yaradılmalı idi. Burada kimlərlə kəskin şəkildə etiraz edirsə, onun qarşısını ala bilirlər, amma ermənilərin Bakıya gəlişlərinin qabağını ala bilmirlər.
Azərbaycan konkret şərtini ortaya qoymalıdır ki, burada keçirilən tədbirlərdə ermənilər iştirak edə bilməzlər. Əgər o şərt qəbul edilməzsə, o zaman belə tədbirlərin Bakıda keçirilməsinə icazə verilməməlidir. Bir də ki o tədbirlərdəki müzakirələrə Azərbaycanın heç marağı da yoxdur. Bizim mövqeyimiz bundan ibarətdir. Deyirlər ki, ermənilər bura gəlib Bakının inkişafını görürlər. Amma unutmaq olmaz ki, internet vasitəsilə ilə də inkişafı görmək olar. Hər gəlib getdikdən sonra ermənilər həyasızcasına qıcıqlandırıcı bəyanatlar verirlər. Özü də martda ölkəmizə gələcək Naira Zohrabyan Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı ən sərt, kəskin, yalan mövqedən çıxış şəxslərdən biridir. Belə bir adamın Bakıda meydan sulamasına heç bir halda yol vermək olmaz. İki ay öncəki ”Avronest" tədbirində Aşotyan çıxış etdi ki, gəlin hər şeydən danışaq, təkcə Qarabağdan yox. Erməni deputat bu sözləri Bakıda deyirdi. Onların siyasəti budur ki, onlar bura, bizimkilər də ora getsinlər, hər şeyi müzakirə etsinlər, Qarabağda unudulub getsin. Onlara şərait yaratmaqla siyasətlərinə xidmət etmiş oluruq. Qarabağ Azadlıq Təşkilatı olaraq mövqeyimiz hər kəsə bəllidir. Nə qədər maneələr yaratsalar da, yenə də aksiyalarımızı keçirəcəyik. Xatırlayırsınızsa, 2004-cü ildə üzvlərimiz "Avropa" hotelinə daxil oldular, konfransı pozdular. Ona görə bizi həbs etdilər, üç aydan çox həbsdə saxladılar, sonra da cəzalar kəsdilər. Sonradan cəzalar ləğv edildi. Belə bir addımı yenidən atmağa bizi məcbur edirlər. Ölkənin daxilində bu cür qarşıdurmanın olmaması üçün Azərbaycan iqtidarı düzgün mövqe tutmalıdır".
QAT sədri marta qədər ermənilərin gəlişlərinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edəcəklərini də söylədi: “Belə müraciəti edəcəyik. Sizin mətbuat vasitəsilə də müraciət edirəm. Tədbir yaxınlaşdıqca müraciətlərimizin sayı çoxalacaq. İndiyə qədər dəfələrlə müraciət etmişik. Mümkündür ki, bu dəfə də prezidentə, Milli Məclis rəhbərliyinə, Xarici İşlər Nazirliyinə müraciət edək. Amma istənilən halda, səfər gerçəkləşərsə, aksiyalarımız olacaq. Biz çalışırıq ki, ermənilərə görə cəmiyyətimiz daxilində qarşıdurma olmasın. Digər tərəfdən, istəmirik ki, orada xoşagəlməz nəsə bir hadisə yaşansın, beynəlxalq qurumlar da bundan istifadə edib, ölkəmizə təzyiq etsinlər. Ölkəmizin imicinə zərbə dəyməsini heç bir halda istəmərik. Amma ölçü götürülməsə, lazımi addımlarımızı atmağa məcburuq”./musavat.com/