Ermənilərin Azərbaycanda kəşfiyyat-informasiya agentliyi

Başqa dövlətin ərazisindən jurnalisti əli-qolu bağlı ölkəyə gətirən Azərbaycan hakimiyyəti niyə bu qədər təhlükəli bir faktı görməzdən gəlir?
 
Azərbaycanda bir sıra media qurumlarının və jurnalistlərin təqibə məruz qaldığı hazırkı dövrdə “Sputnik.az” İnformasiya Agentliyi maneəsiz fəaliyyət göstərir. Bu, “Sputnik.az” saytının yalnız  kifayət qədər maliyyə və maddi-texniki təminata malik olması ilə bağlı deyil. Çünki adı çəkilən kütləvi informasiyasa vasitəsinə lazımi şərait yaradılıb. Daha doğrusu, onu “yuxarı”dan, yəni Kremldən tapşırıblar.
ABŞ-ın və Avropanın informasiya dəstəyi verdiyi media qurumlarından fərqli olaraq, “Sputnik.az” Azərbaycanda sərbəst fəaliyyət göstərə bilir. Ona görə də bu xəbər portalına heç kim toxunmur. Yəqin ki, bunun Azərbaycan oxucularının əksəriyyətindən gizlədilən səbəbi də var. Başlıca səbəb isə bu xəbər portalının fəaliyyətindən uzun müddətli kəşfiyyat pozuculuq fəaliyyəti aparmaq üçün istifadə etməkdir.

Biz “Yüksəliş naminə” qəzeti (www.yukselis.info) olaraq, Azərbaycanda istənilən halda söz və ifadə azadlığının boğulmasına qarşıyıq. Amma əgər ölkəmizin ərazisində Rusiyanın adından ermənilər informasiya fəaliyyəti göstərirsə, buna yol verilməsi heç cür anlaşılan deyil.
Qeyd edək ki, “Sputnik” İA “Rossiya seqodnya” informasiya agentliyinin tərkib hissəsidir. 2014-cü il noyabrın 14-də fəaliyyətə başlayan “Sputnik” xəbər portalı olmaqla yanaşı, həm də radio məkanında yayımlanır. 30-dan artıq dildə xəbər yayımı ilə məşğul olan “Sputnik” keçmiş Sovet respublikalarının əksəriyyətində şöbəsini aça bilib. Hətta separatçı Abxaziya, Cənubi Osetiyada təbliğat aparmaqla məşğul olan “Sputnik” İA kürd dilində radio və sayt açmaqla PKK terrorçuları ilə də daimi əlaqə saxlayır.
 
Ümumiyyətlə isə “Sputnik”in əslində Rusiya xüsusi xidmət orqanlarının layihəsi olması barədə məlumatlar üstünlük təşkil edir. Ona görə də belə bir qurumun Azərbaycanda fəaliyyətinə icazə verilməsi ölkənin milli təhlükəsizliyi baxmından kifayət qədər həssas məsələdir. 3 ilə yaxındır Bakı şəhərində ermənilərin rəhbərlik etdiyi bir kütləvi informasiya vasitəsinə Rusiyanın rəhbər dairələrinə sədaqət xatirinə şərait yaradılıb. Azərbaycanın işğalçı Ermənistanla həm də informasiya  müharibəsi apardığını nəzərə alsaq, belə bir adddımın atılması yalnız düşmənin maraqlarına xidmət edə bilər.  
Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İA-nı “Rossiya seqodnya”nın baş direktoru, tanınmış rusiyalı jurnalist və analitik Dmitri Kiselyov idarə edir. Onun müavini isə ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır. Marqarita Simonyan Ermənistanda güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Marqarita Simonyan mütəmadi olaraq, “Vestnikkafkaz.ru”, Ermənistanın “Verelq.am”, “Tert.am” xəbər portallarında dağlıq Qarabağ münaqişəsinə dair analitik məqalələrlə çıxış edir. O, həmin məqalələrdə öz erməni mənafeyindən çıxış edərək Dağlıq Qarabağdakı separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. Təbii ki, Ermənistan rəhbərliyi də onun bu “xidmətlər”ini unutmur. 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.

2014-cü ildən sonra M.Simonyan baş redaktorun müavini olaraq “Sputnik”in digər ölkələrdəki şöbələri kimi Azərbaycan nümayəndəliyini də idarə etməyə başlayıb. Maraqlıdır ki, bir tərəfdən “Sputnik.az”a rəhbərlik edən Simonyan eyni zamanda, Erməstan mediasında Azərbaycan əleyhinə məqalələr yazır, müsahibələr verir.
Ən dəhşətli faktlardan biri isə “RİA Novosti” İA-nin baş direktoru və “Sputnik.az”a da rəhbərlik edən Əziz Əliyevlə bağlıdır. Kiselyovla yanaşı, Simonyana yaxın münasibəti ilə seçilən Əziz Əliyev Moskvada imkanlı iş adamlarındandır. Ancaq “Sputnik.az”a rəhbər posta gəldikdən bir müddət sonra Əziz Əliyevin anasının erməni olmasına dair mətbuatda məlumatlar ortaya çıxmağa başladı. Əziz Əliyevin Rusiyadakı erməni diasporu ilə yaxın münasibətdə olması da bununla izah edilir. Xatırladaq ki, Əziz Əliyevin erməni və Qarabağ mövzusunda yazıların saytda getməsinə əngəl törətməsi kollektivdə böyük narazılığa səbəb olmuş və bir qrup əməkdaşın istefası ilə nəticələnmişdi. Jurnalistlər Ə.Əliyevin açıq şəkildə Qarabağ mövzusunda Azərbaycanın mövqeyini işıqlandırmağı, ermənilərin əleyhinə yazılar yazmağı qadağan etdiyini  bildirirdilər. Onun bu davranışı anasının erməni olması ilə əsaslandırılsa da sonradan Moskvadan  gələn siyasi sifariş əsasında belə bir addım atdığı barədə xəbərlər açıqlandı. Çox gümün ki, bu göstəriş yalnız Marqarita Simonyandan deyil, həm onun xidmət etdiyi Rusiya xüsusi xidmət orqanlarından gəlir.
Təəssüf ki, müstəqil jurnalistləri qondarma ittihamlarla həbsə atan, xəbər saytlarının yayımına qadağa qoyan, hətta başqa dövlətin ərazisindən jurnalisti əli-qolu bağlı ölkəyə gətirən Azərbaycan hakimiyyəti bu qədər təhlükəli bir faktı görməzdən gəlir.
Ancaq rəsmi Bakıdan fərqli olaraq, Ukrayna hökuməti milli təhlükəsilik maraqlarını əsas götürərək “Sputnik”in ölkə ərazisində fəlaiyyətinə və yayımına icazə vermir. Çünki media adı altında pərdələnən bu qurumun əslində separatizmə, Rusiyanın imperiya maraqlarına xidmət edən kəşfiyyat-informasiya təbliğatına xidmət etdiyini yaxşı anlayır.
 
Səbinə MƏMMƏDLİ, 

Yukselis.info