​Ermənilərin 12 texnikasını məhv edən mayor... - Toplantı

Baxış sayı:
4846

Fevralın 2-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.
Muxalifet.az xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərliyi və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə TTM-in həyətində açılan fotosərgi və Heydər Əliyev lektoriyası ilə tanış olublar.
Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani sərgilər barədə ətraflı məlumat verib, Aprel zəfərinin qazanılmasında, Naxçıvanın Günnüt və digər strateji yüksəkliklərinin azad olunmasında xüsusi xidmətləri olmuş hərbi qulluqçuları rəsmi qonaqlara təqdim edib.
Abdulla Qurbani hər il ölkəmizdə geniş qeyd edilən 2 fevral - Azərbaycan Gəncləri Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə təsis olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu, Ulu Öndərimizin Azərbaycan gəncliyinə ali diqqət və qayğısının daha bir nümunəsidir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoyub. Gənclərə qayğı bu gün ölkəmizdə milli dövlət siyasətinin ən mühüm tərkib hissələrindən birinə çevrilib.
Toplantıda xalqımızın ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkə gənclərinə müraciətləri nümayiş olunub.
Tədbiri idarə etmək üçün toplantı iştirakçılarının seçimi ilə cəbhə bölgəsindən gəlmiş gənc zabit, mayor Orxan Rüstəmov Azərbaycan Ordusunun gənclərinin doğma Vətəni qorumaq üçün hər bir əmrə hazır olduqlarını qürurla bəyan edib.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi–şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək hərbçi gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Gəncləri Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə hələ 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildə isə ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalayıb.
Gənclərə xüsusi qayğının Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olduğunu qeyd edən Fuad Ələsgərov deyib ki, torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə görülmüş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin mayında aparılmış uğurlu əməliyyat Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Ordumuzun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirib.
Aprel döyüşlərinin qəhrəmanı, Prezidentin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülən, Lələtəpə zirvəsinin fatehlərindən olan gizir Tahir Misirxanov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Rasim İbrahimovun yolunu davam etdirən oğlu, Hərbi Hava Qüvvələrinin Aviasiya manqasının texniki istismar hissəsinin rəisi kapitan Nizami İbrahimov, Aprel döyüşləri zamanı ermənilərin təxribatlarının qarşısını alarkən düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv etdiyinə görə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunan, tank əleyhinə divizionun komandiri mayor Mirdamət Bağıyev ötən ilin mayında Günnüt zəfərinin qazanılmasında müstəsna xidmətləri olan Naxçıvanın qəhrəman müdafiəçilərindən kapitan Əlqəm Gözəlov, yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu, “Tərəqqi” medallı, Əməkdar idman ustası, Mərkəzi Ordu İdman Klubunun taqım komandiri, leytenant Həsən Əliyev, Hərbi Dəniz Qüvvələrində xidmət edən gənclərimizin nümayəndəsi baş leytenant Ariz Qəhrəmanov, ötən il keçirilən möhtəşəm hərbi paradlarda öz məharətlərini göstərən milli şahinlərimiz, kapitan Məzahir Səfərov, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Tapdıq Mansurov çıxış edərək Vətənimizin ərazi bütövlüyü uğrunda son nəfəslərinədək döyüşmək üçün Ali Baş Komandanın əmrlərinə daim hazır olduqlarını bildiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Ordusunun düşmənə ağır zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etməyə tam hazır və qadir olduğunu deyib. Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə əsasən, ordumuzun hərbi qüdrətinin daha da artırılması, şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Sonra Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciəti qəbul edilib.
Tədbir Ali Baş Komandana ünvanlanan “Zəfər marşı” ilə başa çatıb.