"Ermənilər o torpaqlarda çox qala bilməz" — "Rəhbərlik etdiyim bölmə hər an döyüşə hazırdır"

Baxış sayı:
15519

Aprel döyüşlərində qazanılan qələbə Qarabağ müharibəsində Azərbaycan Ordusunun zəfər tarixinin başlanğıcını qoydu. 4 günlük bir tarix Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində dönüş nöqtəsi oldu. Yad torpaqda döyüşən işğalçı erməni əsgəri qaçmağa məcbur oldu. Ermənilərin bu illər ərzində qurmağa, yaratmağa çalışdıqları, əslində yalanlardan ibarət mif bütün dünyanın gözü qarşısında 4 gündə dağıldı. 
Muxalifet.az
xəbər verir ki, həmin döyüşlərin canlı şahidi olan Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov xatirələrini moderator.az-la bölüşüb:
"Aprelin 1-də ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə düşmən qəfil hücum etdi. Şəxsi heyətimiz düşmənin müqavimətini qırdı. Onlar müqavimət göstərməyə çalışsa da, döyüşçülərimizin gücünü gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladı. Ermənilər təşviş içində idi. Bölmələrimiz əks-hücum ilə düşməni geri otuzdurdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edildi. Çox gözəl bir tarixi an yaşandı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu  ortaya çıxdı. 
Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımızı sancdılar. Aprel döyüşləri Azərbaycan Ordusunun yazdığı zəfər tarixidir. Azərbaycan Ordusu öz şücaət və məharətini həmin tarixdə düşmənə bir daha göstərdi. Düşmən xeyli sayda itki verdi. Bir zabit kimi Ali Baş Komandanı və bütün komandir heyətini əmin etmək istəyirəm ki, mən və mənim rəhbərlik etdiyim bölmə hər an döyüşə hazırdır. Hər an torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Düşmən o torpaqlarda çox qala bilməz".