​"Ermənilər faktaraşdırıcı missiya aparmağa imkan vermir" - Hikmət Hacıyev

Baxış sayı:
154

"Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinin nəticəsində danışıqlar prosesində böyük problemlər yaranır və bu, ermənilərin maraqlarına cavab verir. Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağda bir neçə istiqamətdə qeyri-qanuni fəaliyyət göstərirlər. "Bura işğal altındakı ərazilərdə demoqrafiyanın dəyişdirilməsi, məskunlaşma siyasəti, təbii sərvətlərdən qanunsuz istifadə, çirkli pulların yuyulması, infrastrukturun dəyişdirilməsi, maddi-mədəni irsin məhv edilməsi, turizmin qurulması və işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər edilməsi aiddir", - o deyib.
H.Hacıyev qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə təbii sərvətləri məhv edərək və talan edərək orada faktaraşdırıcı missiya aparmağa imkan vermir, çünki bu, onlara sərf etmir.
H.Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini ermənilərin bu ərazilərdəki qanunsuz fəaliyyətinə yönəltmək vacibdir.