“Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlməsi düzgün deyil”

Baxış sayı:
7813

Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir.
“Azərbaycanın sərhəd xidməti birbaşa və ya dolayı olaraq erməni millətinə aidiyyat əlamətləri olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq, ölkə ərazisinə buraxmaqdan imtina etməkdə davam edir. Səbəb kimi bu cür şəxslərin təhlükəsizliklərinin təminatının mümkünsüzlüyü göstərilir. Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının ernik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır”,- Rusiya XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir.
Məlumatda deyilir ki, bu xüsusatlar nəzərə alınaraq XİN Rusiya vətəndaşlarına Azərbaycana səfərləri planlaşdırarkən “mümkün riskləri hərtərəfli ölçüb-biçməyi” təkidlə tövsiyə edir.
Rusiya XİN-nin bəyanatı ilə bağlı keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl “Hürriyyət”ə deyib ki, həmin bəyantın verilməsində erməni xətti var: “Bununla bağlı dəfələrlə bizim Xarici İşlər Nazirliyi ilə aralarında söhbət olub. Azərbaycan Xarici İşlər Nazirliyi hər dəfə deyir ki, biz onların təhlükəsizliyinə qarant dura bilmərik. Söhəbt erməni əsilli Rusiya vətəndaşlarından gedir. Yəni ölkəmiz ermənilərlə müharbə vəziyyətindədir deyə, onların təhlükəsizliyinə qarant verilmir. Rusiya son aylar bu məsələni xüsusi qabartmaqla məşğuldur. Burada bir erməni xətti var. Bunlar maksimum çalışırlar ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar getdiyi yerdə bizi daha pis obrazda göstərsinlər, desinlər ki, bəs, bunlar irqi ayrıseçkilik edirlər, heç bir erməninin Azərbaycana gəlməsinə dözmürlər. Yəni, əgər Rusiya vətəndaşı olan erməniləri Azərbaycana qoymurlarsa, Dağlıq Qarabağda ermənilər bunlarla necə bir yerdə yaşaya bilər? Bu mənada bu xüsusi bir göstərişin əsasında fəallaşmadır. Bir növ start verilib ki, bu işləri görsünlər.
Rusiya, ümumiyyətlə, son vaxtlar Azərbaycana qarşı bu cür addımlar atır. Vətəndaşları olmayan azərbaycanlıların sıxışdırlması, ölkədən çıxarılması kimi məsələlərə girişiblər. Görünür ki, münasibətlərdə müəyyən soyuqluq var, ondan irəli gələn məsələdir. Yoxsa onlar dəqiq bilirlər ki, erməni əsilli Rusiya vətəndaşının Azərbaycana gəlməsinin doğrudan təhlükəsizliyinə qarantiya yoxdur. Kim bilir ki, hansısa ermənin qonaq gəldiyi yerin qonşusu hansısa şəhid ailəsidir, qonşusu onu görsə, tamam başqa münasibət göstərəcək. Onlara bunun dəfələrlə izah olunmasına baxmayaraq, yenə də öz bildiklərini edirlər”.

“Erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasını düzgün hesab edirəm”

İ. İsmayıl vurğuladı ki, sözün həqiqi mənasında təhlükəsizlik nöqteyi-nəzərindən erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana gəlməsi düzgün deyil: “Düzdür, yeri gəlib ki, erməni vətəndaşı bura gəlib, amma müəyyən qoruma altında gəlir, tədbirdə iştirak edir, çıxıb gedir. Amma erməni əsili Rusiya vətəndaşı olan bir şəxs qoruma ilə gəlmir və yaxud biz ondan ötrü xüsusi öhdəlik götürümürk, axı. Doğrudan da, 10 nəfər gələr, onun biri kifayətdir ki, başına iş gəlsin, öldürülsün. Bu, tamamilə mümkün olan bir şeydir. Ondan sonra hay-küy daha pis çıxar, Azərbaycana münasibət daha da pisləşər. Ona görə də Azərbaycan onların gəlişi ilə bağlı xəbərdarlıq edir. Ya gərək, birbaşa deyə ki, mən sənin təhlükəsziliyinə qarant vermirəm, ya da gəlmələrinə icazə versə və burada da bir hadisə olsa, deyəcəklər dövlət bunu öz qəsdən öldürtdürüb, yaxud xəsarət yetirib. Ona görə də erməni əsilli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasını mən düzgün hesab edirəm”./Hurriyyet.org