Erməni oliqarxlar sərvətlərini İrəvandan çıxarır – SƏBƏB

Ermənistan keçmiş baş naziri Ovik Abramyan öz biznesini Ermənistandan çıxarır.
 
Muxalifet.az xəbər verir ki, bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
“Dünən Ovik Abramyanın ailəsinin özünün Artaşat Konserv Zavodundakı səhmlərinin 50%-ni satdığı bəlli oldu. Xatırladım ki, bu zavodun səhmlərinin bir hissəsi keçmiş kənd təsərüffatı naziri Serqo Karapetyanın oğlu Vaçaqan Karapetyana, digəri isə Ovik Abramyanın oğlu deputat Arqam Abramyana məxsusdur. Ovik Abramyanı Ermənistandakı siyasi sistem çox yaxşı tanıyır. Əgər o, biznesini satırsa, demək ki, siyasətə hansısa statusda qayıtmaq məsələsini özü üçün artıq bağlayıb. Abramyanın geri dönüşünə prezident Serj Sərkisyanın özü də qadağa qoya bilər. İstənilən halda Ermənistanda hökumətin əsası biznesdir. İnsanlar öz bizneslərini qorumaq üçün vəzifə əldə etmək istəyirlər.
Keçmiş baş nazir ölkədəki iqtisadi böhranın səviyyəsini çox yaxşı bilir və şübhəsiz ki, ölkənin vəziyyətinin 2019-2020-ci illərdə daha da fəlakətli vəziyyətdə olacağını proqnozlaşdırır. Belə ki, artıq ölkə büdcəsi hətta xarici borcu ödəmək iqtidarında deyil. Görünür, Abramyan öz kapitalını risk zonasından, yəni Ermənistandan çıxarır və onu daha faydalı yerə yönəldir. Deyilənə görə, o, Almaniyada özünə daşınmaz əmlak almağa başlayıb. Ermənistan siyasətində artıq Ovik Abramyan səhifəsi qapanır. Bu isə onun ürəyinə yaxın olan kriminal oliqarxiyasının qürubunda simvolik rol oynaya bilər”, – deyə məqalədə bildirilib.