“Erməni familiyalı hansısa Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyir? Allah xatirinə, qoy gəlsin!” - ELMAR MƏMMƏDYAROV

Baxış sayı:
10426

Azərbaycan erməni familiyalı Rusiya vətəndaşlarının ölkəyə gəlişinə qarşı deyil, amma onlar Azərbaycana gəlməzdən əvvəl öz planları barədə səfirliyi məlumatlandırmalıdır.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verilməməsi barədə guya mövcud olan təcrübə məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəzən erməni əsilli Rusiya vətəndaşları məsələnin həssaslığını bildiklərindən Azərbaycana gəldikdən sonra PR nöqteyi-nəzərdən bu barədə qalmaqal yaradırlar.

"Biz deyirik ki, erməni soyadlı hansısa Rusiya vətəndaşı Azərbaycana gəlmək istəyirsə, Allah xatirinə, qoy gəlsin! Amma, qoy heç olmasa səfirliyimizə məlumat versinlər, çünki Rusiya ilə vizasız gediş-gəlişimiz var. Mövcud münaqişə ilə bağlı Azərbaycandakı emosional fonu nəzərə alaraq, əvvəlcədən alınan məlumatlar məsələnin şişirdilməsinin qarşısını almağa imkan verəcək. Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda açıq danışırıq", - nazir əlavə edib.