​Erməni deputatlar Bakıda - İÇKİ MƏCLİSİNDƏN FOTO PAYLAŞDILAR

Xəbər verdiyimiz kimi, bu gün Bakıda baş tutacaq “Avronest” Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Toplantıda Ermənistanı bu ölkənin “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. 
“Qafqazinfo” xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: “Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub”.
Sessiya qadın sağlamlığı və gender bərabərliyinə həsr olunub.

***
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin rəsmi “Facebook” səhifəsində məlumat qeyd edilib.
Xatırladaq ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.
Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.