​Enerji içkilərini nə ilə əvəz etmək olar? - Məsləhətlər

Baxış sayı:
8050

Energetik içkilər qida bazarına daxil olmasıyla milyonlarla insanın rasionunda əhəmiyyətli yer tutub. Bu qrupa idmanla, ağır fiziki işlə məşğul olan şəxslər, hətta qadınlar və uşaqlar da daxil edilə bilər. Əsasən də isti havalarda energetik içkilərdən soyuq halda sərinləşdirici içki kimi istifadə edilir.
Muxalifet.az Medicina.az-a istinadən xəbər verir ki, energetik içkilərin gümrahlaşdırıcı xüsusiyyətindən faydalanan şəxslərin orqanizmi sonradan içkinin tərkibində olan kimyəvi maddələrə öyrəşir.
Belə olduqda içkinin xüsusiyyətlərinin azaldığı müşahidə edilir. Bu zaman orqanizmin tələbatı artır və insanlar ilk effekti əldə etmək üçün gündə bir neçə ədəd energetik içki qəbul etməli olurlar. Bu isə sağlamlıq üçün çox təhlükəlidir.
Ötən günlərdə energetik içkilərin qiyməti 2 dəfəyə qədər bahalaşdı. Bu, ucuz energetik içkilər qəbul edən şəxslər üçün əsl faciə hesab oluna bilər. Məsələn, əvvəl 80 qəpiklik energetik içkidən 3-ünü almağa pulu çatan şəxsin büdcəsi indi buna kifayət etməyə bilər. Siqaret kimi pis vərdiş olan enerji içkisi qəbulunu birdən-birə tərgitmək isə həmin şəxsin orqanizminə müxtəlif cür təsir göstərə bilər.
Bəs energetik içkilərdən istifadənin qəfil azaldılması və ya dayandırılması hansısa fəsada yol aça bilərmi? Bu fəsadlardan qorunmaq üçün nə etmək lazımdır?
Sayt bu suallara diyetoloq və Azərbacanda diyetologiya ilə bağlı kitabların yeganə müəllifi Leyla Zülfüqarlıdan cavab alıb. Həkim bildirib ki, energetik içkilərdən asılı insanlar qiymətinə baxmadan yenə də bunu almaqda davam edəcək:
"Əslində mən bu qiymət artımını öyrəndikdə çox sevindim. Çünki düşundum ki,  bunun sayəsində insanlar bu zərərli vərdişdən əl çəkəcəklər. Bu içkilər birmənalı olaraq insan orqanizmi üçün ziyandır. Mən daha əvvəllər də  belə bir fikir irəli sürmüşəm ki, bir çox avtomobil qəzalarının baş vermə səbəbi məhz energetik içkilərdən istifadədir. Fikir versək, avtomobil idarə edən, demək olar ki, bütün sürücülər energetik içkilərdən istifadə edirlər. Onlar hətta gün ərzində yemək yeməyə imkan tapmadıqları üçün energetik içkiləri ac qarına qəbul edirlər. Onların fikrincə qısa vaxtda münasib qiymətə yeməyi və çayı əvəz edə bilən, insana gümrahlıq verən ən yaxşı variant energetik içkilərdir. 
Onu da qeyd edim ki, bir sıra mənşəyi məlum olmayan ölümlərin səbəbləri məhz energetik içkilərdən sui-istifadədir. Çünki bu içkilərin tərkibində olan taurin kimi sintetik maddələr qan damarlarının tıxanmasına səbəb olur. Bundan başqa, onların tərkibində olan çox miqdarda kofeinin orqanzimin enerji resurslarını bir dəfəyə istismar etməsi nəticəsində insanın qəfil həyatını itirməsi yaşana bilər. Həmçinin də energetik içkilərin tərkibində stabilizatorlar və qida-dad artırıcıları var. Bütün bu sadalanan maddələr orqanizm tərəfindən mənimsənilmir. Onlar çöküntülər şəklində qan damarlarında, bağrsaqlarda yığılıb qalır. Hətta xərçəng xəstəliyinin də bu qədər cavanlaşmasının səbəblərindən biri məhz energetik içkilərdir”. 
L. Zülfüqarlı hesab edir ki, qiymətləri artırmaqdan əlavə energetik içkilərin təbliğatını da azaltmaq lazımdır: "Çünki fikir verirsinizsə, energetik içkilərin reklamları hər yerdə aparılır, bu reklamlara kifayət qədər çox miqdarda maliyyə vəsaiti də ayrılır. Bu isə heç arzuolunan bir hal deyil. Əksinə onun zərərli haqda daha çox danışmaq və təbliğat aparmaq lazımdır. Çünki qiymət artımı müəyyən kütləyə həmin içkiləri almaq üçün mane olmayacaq. Bundan əlavə, onların tərkibində olan taurin və kofein maddələri purin alkoloidləri qrupuna aiddir və  bu maddələr bədəndə asılılıq yaradır deyə, ondan istifadə edən insanlar maliyyətini nəzərə almadan yenə də alacaqlar. Bu maddələrin 1000 mq-dan çox qəbulu insanda artıq asılılıq yaradır”.  
Bəs baha olduğu üçün energetik içki alıb istifadə edə bilməyən insanlar onu nə ilə əvəzləyə bilərlər?
Diyetoloq bununla bağlı da məsləhətlər verib: "Yaxşı olardı ki, tərkibində doymamış yağ turşuları və D vitamini ilə zəngin olan qidalardan istifadə edilsin. Azərbaycan D vitamini defisiti yaşayan ölkələr siyahısındadır. Bu vitamin çatışmazlığı yaşayan insanlar apatiya, yorğunluq və yuxusuzluqdan əziyyət çəkirlər. Belə insanlarda qəfil enerji düşməsi yaşanır. Burdan belə çıxır ki, daha çox D vitamini defisiti yaşayan insanlar energetik içkilərə ehtiyac duyurlar. Bu zaman energetik içkilər tərkibində D vitamini olan təbii içkilər əvəz olunmalıdır. Bu içkilərdən ən uyğun gələn variant süddür. Südün tərkibində D vitamini, doymamış yağ turşuları, kalsium, zülal maddələri var. Sudan da bol miqdarda istifadə edilməlidir. Qida kimi isə çərəzlərdən istifadə edilsə, yaxşı olar. Çox yox, gündə hərəsindən 5 ədəd olmaqla qoz, fındıq, badam yeyilərsə o zaman orqanzimin enerjiyə olan tələbatı nisbətən ödəniləcək.