"EMOSİYALARINA HAKİM OLA BİLMƏYİBLƏR" - AFFA-dan futbolçular arasındakı davaya cavab

Baxış sayı:
6670

"Oyunçular arasında emosional vəziyyət olur və bu çox təbiidir".
Bunu Muxalifet.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Uels, Trnavada isə Slovakiya yığması ilə oyunda Azərbaycan millisinin futbolçuları arasında dava olması ilə bağlı iddialara cavab verərkən deyib:
"Məsələ ilə bağlı baş məşqçinin açıqlaması var və bildirilir ki, bu epizodda şişirdiləsi nəsə yoxdur. Yəni qorxulu heç nə baş verməyib. Haqqında danışılan söz-söhbət birinci hissədən sonra fasilədə baş verib. Paltardəyişmə otağında həmişə emosiyalar yüksək olur. Oyundan sonra da baş məşqçi mətbuat konfransında bildirdi ki, Eddi İsrafilov fasilədə emosional olduğuna görə onu ikinci hissədə meydana buraxmamaq qərarına gəldim və əvəzlədim. Yəni söhbət hansısa davadan getmir. Futbol emosiyaların oyunudur, həyəcanlı oyundur və burada futbolçular bir-birinə irad bildirəndə təbii ki, emosional şəkildə bildirir. Digər tərəflərə gəldikdə guya onlar dalaşıblar, digər futbolçular müdaxilə edib, kimsə kiminsə tərəfini tutub filan, bunların əsası yoxdur. Ramil Şeydayevin özü də bildirib ki, mən bu barədə danışmaq istəmirəm. Yəni burada şişirdiləsi heç nə yoxdur. Baş məşqçi Yurçeviç məsələyə bu baxımdan müdaxilə edib ki, futbolçunu əvəzləyib".