Elxan Məmmədovdan Elmar Qasımova CAVAB: — "Həmin hərəkətlə kim olduğunu göstərdi"

Baxış sayı:
11671

Cüdo üzrə dünya çempionu Elxan Məmmədov "CBC Sport" telekanalında Əminə Kazımovanın müəllifi və aparıcısı olduğu "İmza" verilişində şəxsi həyatı və karyerası barədə maraqlı fikirlər səsləndirib.
Muxalifet.az -ın məlumatına görə, 2013-cü ildə milli komandadan uzaqlaşdırıldığı üçün ölkədən getmək fikrinə düşdüyünü açıqlayan məşhur idmançı Cüdo Federasiyasının keçmiş katibi Elxan Camalxanov vasitəsilə baş məşqçi Zezenbayerdən bir şans istədiyini etiraf edib:
"Məhz həmin şansdan istifadə edərək 31 yaşımda dünya, 35 yaşımda Avropa çempionu oldum".
36 yaşlı Məmmədov 2017-ci ildə həmkarı, Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımova uduzduqdan sonra rəqibinin "mən Azərbaycanda bir nömrəyəm" deyə bağırmasına da münasibət bildirib:
"Həmin hərəkətlə o, kim olduğunu göstərdi. Halbuki ondan əvvəl də mən Elmara qalib gəlmişdim və o cür davranmamışdım. O zaman da mən kim olduğumu göstərmişdim. Bu barədə Elmarın özünə də fikrimi bildirmişəm".
Hazırda cüdo millimizdə məşqçi vəzifəsində çalışan veteran idmançı 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada birincilik qazanaraq karyerasını yekunlaşdırmaq istədiyini dilə gətirib.
Qeyd edək ki, Elxan Məmmədov müstəqil Azərbaycanın cüdo üzrə ilk və yeganə dünya çempionudur.