​Elşad Abdullayevin qardaşı Baş Prokurorluqdan qovuldu

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elsevər Abdullayev bu gün baş prokuror Zakir Qaralovun əmri ilə vəzifədən azad edilib və prokurorluq orqanlarından xaric olunub.
Bu barədə hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən məlumat daxil olub.
Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsi virtualaz.org saytının prokuror Elsevər Abdullayevin vəzifəsindən azad olunmasına dair informasiya ilə bağlı sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Qeyd edək ki, Elsevər Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, 2011-ci ildə Fransaya qaçan və hazırda da orada yaşayan Elşad Abdullayevin qardaşıdır.
Elşad Abdullayev mətbuatda Azərbaycanın bir sıra yüksək rütbəli dövlət məmurlarına qarşı geniş kampaniya aparıb. Elşad Abdullayevin bu hay-küylü bəyanatlarını şərh edən əksər ekspertlər belə güman edirdilər ki, sabiq rektorun fəallaşaraq bir çox yüksək rütbəli məmurlara hücuma keçməsinin arxasında MTN rəhbərliyi dayana bilərdi.
Daha sonra Elşad Abdullayevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 137.3 (insan orqanlarının alınıb-satılması) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb. Buna görə də E.Abdullayev Fransaya sığınaraq orada gizlənməyə məcbur olub. Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Elşad Abdullayev beynəlxalq axtarışa verilib(virtualaz.org).