“Elmarın yolunu davam etdirəcəyəm” - MEHMAN HÜSEYNOV / YENİLƏNİB

Baxış sayı:
14818

Bloger Mehman Hüseynov iki il həbs cəzasından sonra azadlığa çıxıb. O, 14 il öncə öz evinin yaxınlığında qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun anım tədbirinə gedib. Aksiyada jurnalistlər, ictimai-siyasi xadimlər iştirak ediblər.

M.Hüseynov xatırladıb ki, iki il öncə E.Hüseynovun məzarı önündə çıxışından sonra həbs olunub.

"Mən Elmar kimi azad jurnalistika yolunu davam etdirəcəyəm", - bloger vurğulayıb.

Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, Elmarın ölümü azad jurnalistikanı susdurmağa yönəlmişdi. Ancaq bu məqsədə nail olunmadı, baxmayaraq ki, qətlin təşkilatçıları və icraçıları tapılmadı.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, jurnalistin qətlinin açılmamasında hakimiyyət günahkardır.

Müsavat Partiyasının sədri Arif Hacılı media azadlığının məhdudlaşdırılmasına və siyasi motivli həbslərə görə hakimiyyətin siyasətini tənqid edib, bütün jurnalistlərin və blogerlərin azadlığa buraxılmasının vacibliyini qeyd edib.

*Elmar Hüseynov öz parlaq siyasi məzmunu ilə seçilən, siyasi sistemi, hakimiyyətin korrupsiyasını, insan hüquqlarının pozulmasını tənqid edən bir sıra media-layihələrin rəhbəri idi.

2005-ci il martın 2-də öz evinin girəcəyində güllələnib. 14 il keçməsinə baxmayaraq, qətlin sifarişçiləri və icraçıları hələ də tapılmayıb.

Azərbaycan hakimiyyəti qətldə şübhəli bilinənlərin adlarını açıqlasa da onların Gürcüstandan Azərbaycana gətirilməsilə bağlı heç bir tədbir həyata keçirilməyib.-06D--

* * *

13:08:41

Mehman Hüseynov azadlıqda

Bloger Mehman Hüseynov iki il həbs cəzasından sonra martın 2-də azadlığa buraxılıb. O, koloniyadan çıxıb anasının məzarını, oradan isə jurnalist Elmar Hüseynovun məzarını ziyarətə gedib. Bu gün Elmar Hüseynovun ölümünün növbəti ildönümü qeyd olunur./Turan