“ELMAR MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” – “Bir gün Prezident əlini masaya möhkəm vura bilər…”

Baxış sayı:
775

Aqil Abbas: “Necə sevindimsə sıçrayıb çıxdım yemək stolunun üstünə və başladım oynamağa…”

“AzPolitika.info”-nun əməkdaşı Milli Məclisin deputatı, yazıçı Aqil Abbasla söhbətləşib. Bu dəfə siyasətdən kənar bir mövzu seçmişik – futbol!

- Aqil bəy, son zamanlar Azərbaycan futbolu ciddi şəkildə tənqid edilir. Siz, yəqin ki, “Avro-2020”-nin seçmə oyunları çərçivəsində milli komandanın matçlarına baxırsınız. Necə hesab edirsiniz, son uğursuzluqların kökündə nə durur?

– Mən Türkiyə millisinin və “Qarabağ”-ın oyunlarına baxmıram. Çünki həddən ziyadə həyəcanlanıram. Amma Azərbaycan milli komandasının oyunlarına ləzzətlə baxıram. Niyə? Çünki həyəcanlanmıram, uduzacaqlar.

İkincisi, futbol təsərrüfatında o qədər nöqsanlar var ki, bu da sonda gəlib milli komandanın oyunlarında özünü göstərir. Bu dəqiqə Azərbaycana kənardan məşqçi gətirmək lazım deyil. Bizim milli, yerli məşqçimiz olmalıdır. Azərbaycanın özünə uyğun futbol səviyyəsi var, bu səviyyəni yerli məşqçilər bilir, oyunçuları tanıyır, kimin nəyə qadir olduğunu anlayır. Yoxsa bir məşqçi gətiririk və ona 3 tərcüməçi tuturuq. Nəticə də odur ki, gəlib heç nə etmirlər, edə də bilməyəcəklər. Səbəb təkcə onlardan da asılı deyil. Təsəvvür edin ki, Azərbaycanın yüksək liqasında cəmi 8 komanda var. Bu komandalarda oynayan oyunçular 15 nəfərdir və yarısı da legionerdir. Yerdə qalır təxminən 60 yerli oyunçu. 60 oyunçudan 23 futbolçu seçmək lazımdır. Kimi seçəcəksən? Yəni seçim imkanları yoxdur. Əgər yüksək liqada 8 deyil, 16 komanda olsa, yerli futbolçuların sayı 120-yə çıxar, milliyə dəvət üçün seçim imkanları da artar, milliyə düşmək üçün rəqabət güclü olar. Azərbaycanda 2-3 komandadan başqa digərləri zəifdir. Görün “Keşlə” “Qarabağ”la necə oynayır, özünü cırır, amma “Keşlə” ilə “Sabah” arasında belə oyun olmur. Zəif komanda birinci diviziondan gələcək, başlayacaq yetişməyə, öyrəşməyə. Ancaq sən 8 komandadan futbolçu götürməyə məcbursan. Hətta ən güclü məşqçini də gətirsən nəticə olmayacaq.
Baxın, “Neftçi” Azərbaycanın flaqmanı deyil. Mən də nostalji ilə “Neftçi”yə azarkeşlik edirəm. SSRİ vaxtı “Neftçi” Azərbaycanın milli komandası olub, Bakının komandası olmayıb. Neftçiyə oyunçu haradan gəlirdi? Əsasən Gəncədən, Tovuzdan, Ağdamdan, Mingəçevir və Lənkərandan. Bu 5 rayon futbolçu yetişdirirdi. “Ağdam” təkcə Azərbaycan çempionatında oynasaydı futbolçu verə bilməzdi. Eləcədə “Kəpəz”. O vaxt SSRİ regionlara bölünmüşdü, ikinci divizion vardı, SSRİ çempionatı keçirilirdi. Məsələn, burada “Toxucu”, “Qarabağ”, “Xəzər”, “Kəpəz” və digərləri, güclü komandalar oynayır, nəticədə oyunçu yetişirdi. Bu oyunçuları isə “Neftçi” götürürdü. İndi bu yoxdur və həmin rayonlarda futbol ölüb. Tovuz qədim futbol məktəbidir. Ağdamda 1953-cü ildə “Qarabağ” komandası yaradılıb və Azərbaycan çempionatında oynayıb. Əgər regionlarda futbol yoxdursa sən futbolçunu haradan yığacaqsan, Bakıdan? Bakı futbolçu yetişdirə bilməz. Keçmişdə bir rayon, bir də Bakı futbolu vardı. Bakıda meydança yox idi, məhəllə futbolu idi. Məhəllə futbolunda isə texnik olmaq, qarşıdakını aldatmaq lazım idi. Rayonlarda isə bəzən 110 metrlik stadion tikirdilər. Bax bu iki futbol məktəbi sintez olunanda futbol mədəniyyəti yaranırdı.

- Bəzi klubların uşaq futbolunu çıxsaq, ölkədə ümumiyyətlə uşaq futbolu mövcud deyil…

– Bəli, uşaq futbolu vardı, Sünbül kuboku keçirilirdi. Bütün rayonlarda uşaq futbolu mövcud idi. İndi Bakını qoyduq kənara. Məsələn, Ağdamda 10 orta məktəb və onun kimi peşə məktəbləri vardı. Həmçinin 30-40 məhəllə vardı. Məktəblərarası futbol yarışı keçirilirdi. Stadiona da bu gün “Neftçi”nin oyunundan çox azarkeş gəlirdi. Eləcədə məhəllələr arası futbol yarışı olurdu. İndi bunlar faktiki yoxdur. Arada Ağdamda açdılar, amma laqeydlik oldu. İndi mən Ağdama gedəndə icra başçısından bircə xahişim olur ki, Ağdamda futbolu inkişaf etdir.

- Deyirsiniz ki, sovet dövründən fərqli olaraq artıq məktəb, məhəllə futbolu yoxdur və futbol uşaqların həyatının bir hissəsi deyil. Nədir bunun səbəbi?

– Sizə qəribə bir fakt deyim. İsgəndərov Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri idi. İsgəndərovun yaxın qohumu Şəfəq Hümbətəliyev Ağdamda futbolçu idi, komandanın kapitanı idi. “Neftçi” onu gətirdi, amma sonra çıxardı və dedilər ki, komandaya uyuşmur. İsgəndərov demədi ki, ay əclaf, mənim qohumumdur, niyə onu komandadan çıxardınız. Hansı ki, həmin dövrdə “Neftçi”ni İsgəndərov saxlayırdı və istəsəydi Şəfəq komanda da qalardı. Ancaq Hüseyn Əhmədovu, Elbrusu “Neftçi”yə götürdülər. Futbola bu dərəcədə diqqətlə yanaşılırdı.
Azərbaycan futbolunu məhv edənlərdən biri də komandaların prezidentləridir. Onlar məşqçinin işinə qarışmamalıdır. Məşqçi komandanın sahibidir, deyər ki, get filan oyunçunu al. Prezident də gedib alıb gətirər və məşqçinin işinə qarışmaz. Daha prezident deməz ki, Rusiyada filan oyunçu xoşuma gəldiyi üçün onu komandaya gətirirəm.

- Maraqlıdır, demək futbolun inkişafı qarşısındakı maneələrdən biri də klub prezidentləridir…

– Məsələn, ən çox xoşuma gələn Gözəl bəydir (“Qarabağ” klubunun prezidenti Abdolbari Gözəl). Mənim onunla söhbətlərim olub. Qətiyyən Qurban Qurbanovun futbol işlərinə qarışmaz, pulunu buraxar, futbol təsərrüfatına kömək edər. Daha deməz ki, filan futbolçu xoşuma gəlir, hökmən “Qarabağ” da oynamalıdır.

İkinci ciddi məsələ odur ki, Azərbaycanda futbol klubları yoxdur. Nə “Neftçi”, nə də “Qarabağ” futbol klubu deyil. Prezidentləri də təyin edilər. Normalda klubun tərəfkeşləri, üzvləri 400-500 nəfəri qurultay nümayəndəsi seçir və onlar da prezidenti seçirlər. Amma bizdə görürsən ki, dünən Sumqayıtda klubun prezidenti idi, bu gün götürüb atırlar Səbailə. Belə futbol olmur. Klub olmasa futbol inkişaf etməyəcək. Klubun üstün cəhətləri çoxdur. Məsələn, bu gün “Fənərbaxça” maliyyə baxımından pis vəziyyətdədir. Klub prezidenti müraciət edir və klubun 10 minlərlə üzvü və tərəfkeşi hərəyə 50 dollar ortaya atanda bu 10 milyon dollar edir. Bizim “Qarabağ” Azərsun Holdinqə gedənə qədər klub olub. Nümayəndə heyətimiz vardı və ağdamlılardan tələb edirdi ki, “Qarabağ”ı saxlamaq üçün səhər 100 dollar göndərməlisən, bəzisinə deyirdik ki, sənin pulun çoxdur, 200 dollar göndər. Komandanı sevirsənsə canın çıxsın yardım elə.

- Slovakiya ilə oyundan sonra sosial şəbəkələrdə ciddi müzakirələr getdi, hətta həm meydanda, həm də daha sonra istefa şüarları səsləndirdi. Sizcə, kiminsə istefaya getməsi ilə futbolumuzun işləri düzələcəkmi?

– Lap məni gətirin qoyun AFFA prezidenti vəzifəsinə. Mən nəsə edə biləcəyəm? Bəyəm mən çıxıb futbol oynayacağam? AFFA-nın səhvi odur ki, regionlarda, rayonlarda futbol inkişaf etmir. Onların günahı budur. Ya bu işi gör, ya da çəkil dur kənara. Məsələn, Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Məmmədyarov heç bilmir futbol nədir…

- Amma deyirlər ki, nazir güclü futbol azarkeşidir…

– Tutaq ki, mənim nənəm də azarkeşdir. Amma azarkeş futbol oynaya bilməz. Ora mütəxəssislər yığılmalıdır, necə ki, içində mütəxəssislər də var. Prezident futbolun inkişafı ilə bağlı sərəncam verdi, pul buraxdı.

- Səhv etmirəmsə, həmkarınız Zahid Oruc demişdi ki, bu illər ərzində futbola bir milyard pul buraxılıb…

– Yox, bu səhv rəqəmdir. Futbolu əsəsən SOCAR, Gilan Holdinq, Azərsun və digərləri maliyyələşdirir. SOCAR haradasa 5 komandanı maliyyələşdirir. Hər komandanın da 5-6 milyon büdcəsi var. “Qarabağ”da 15 milyon idi, indi düşüb 9 milyona. Mən dəqiq rəqəm deyə bilmərəm, amma bu illər ərzində çox olsa 40 milyon buraxıla bilər. Mən Prezidentin məlum sərəncamından sonranı deyirəm. Hazırda rayonlarda Olimpiya Mərkəzləri tikilir. Elə rayon var ki, orada 15 ildir stadion tikilib. Amma deyə bilmərsiniz ki, hansısa bir rayondan bir güləşçi, üzgüçü çıxıb. Mən hələ futbolçu demirəm. Hansı ki, dövlət Olimpiya Komplekslərini tikmək üçün milyardlar xərcləyib. Deməli, iş mexanizmi düzgün qurulmayıb. Vitse-prezident Rauf Əliyevlə çox səfərdə oluram. Birdən rayonlara gedirik, 500-dən çox top, forma aparıb məktəblərdə paylayır, futbol yarışı keçirirlər. Amma peşəkar məşqçilər yoxdur. Məşqçi olanda da maaş almalıdır. Mən, dost icra başçılarına deyirəm ki, cibindən 300 manat çıxar məşqçiyə pul ver. Məşqçi də həvəslə gəlib işləsin. Elxan Məmmədov futbolu bilir, amma nə qədər ürəyi yanan adam olduğunu deyə bilmərəm…

affa

- Elə futbolumuzun durumuna görə ən sərt tənqid edilən şəxsdir…

– Bəli, ən çox onu tənqid edirlər. Əslində AFFA-nın prezidenti Elxan Məmmədovdur. Bir icraçı var, bir də sədr var. Rövnəq müəllim AFFA prezidentidir. Amma onun işləri çoxdur, Milli Məclis var, SOCAR var. İşi icraçı həyata keçirir. Futbol təsərrüfatında olan adam təkcə mütəxəssis olmalı deyil, həm də buna ürəyi yanmalıdır. Mən futbolda dəfələrlə ağlamışam. Udanda ağlamışam, uduzanda ağlamışam. Bir dəfə Türkiyə millisi dünya çempionatında oynayır. Mən də evdə futbola yerdən oturub baxıram. Qəfildən evə 10-15 nəfər qonaq gəldi. Məcbur olub masa açdıq. Məcburam, bunlarla oturmuşam və futbola baxa bilmirəm. Qəfildən Türkiyə qol vurdu. Necə sevindimsə, sıçrayıb çıxdım yemək stolunun üstünə və başladım oynamağa. Demək istəyirəm ki, futbola gərək yanasan. Dərdi, ağrını və ya sevinci çəkmirsənsə daha nə oldu? Məsələn, Yurçeviçin nə vecinə, udsa da, uduzsa da gəlib maaşını alıb gedir. Berti Foqts 5 il işlədi, bizə nə verdi? Amma gedib Avropada bizi biabır elədi, maaş məsələsini qaldırdı və s. İndi Yirçeviçə deyilməlidir ki, hələlik səndən heç nə tələb etmirik, birinci il uyğunlaşmalısan, amma ikinci ildə bu nəticəni verməlisən. Demirik ki, bizi Avropa çempionu et. Heç olmasa qrupdan xal yığa bilək. Bu nəticəni vermirsənsə müqaviləmiz pozulur və pul da olmayacaq. Amma müqavilələr də bu cür bağlanmır.

- Sizcə, AFFA-dan istefalar olacaq?

– Bizdə istefa mədəniyyəti yoxdur, vardırsa da mən görməmişəm. Ancaq hər oyuna, uğursuzluğa görə də istefa verilməz. Bu uğursuzluq davam etsə mütləq istefalar olmalıdır. Demirəm ki, Elxan Məmmədovu çıxarın. Elxanı FİFA-da, UEFA-da tanıyırlar, bir neçə dil bilir, münasibətləri yarada bilir. Onu bu sahə üzrə təyin etmək olar. Başqa bir futbolu biləni gətirib futbol təsərrüfatını ona tapşırmaq olar. Belə uğursuzluq davam edə bilməz. Çünki bir gün Prezident əlini masaya möhkəm vura bilər, deyər bu qədər əziyyət çəkilir, stadionlar tikilir, bəs nəticə hanı?

- Həmkarınız Ağacan Əbiyev etiraz edən azarkeşlərə deyib ki, bəyənmirsiniz, özünüz gəlib futbol oynayın…

– Təəssüflər olsun ki, Ağacan müəllim belə deyib. Özü də peşəkar idmançıdır. Mən belə yanaşmanı ayıb hesab edirəm. Futbol azarkeşlər üçündür. Futbolu qaldıran onun azarkeşidir. Mən bəzən “Zirə”nin, “Sumqayıt”ın, “Səbail”in oyunlarına baxmağa gedirəm. Sumqayıtda normal azarkeş var. Stadionda istefa səslənə bilər, bu normaldır. Futbolun dərdi çoxdur, amma dərmanı da var. Mən futbol xəstəsiyəm. Dünyada bütün xəstəliklərin müalicəsi var, futbol xəstəsini heç nə ilə müalicə etmək mümkün deyil. Mən universitetdə oxuyanda hər zaman 15-ci sektora biletimiz olurdu, müəllimlərlə birlikdə oyunlara baxmağa gedirdik. Tovuzlu güləş müəllimi vardı, məndən 5-6 adam o tərəfdə əyləşmişdi. “Neftçi” “Ararat”la oynayırdı və birdən “Ararat” qol vurdu. Qəfildən “bunlar nə edir” deyib yerə yıxıldı. Təsəvvür edin ki, təcili tibbi yardım gəldi və biz güləş müəlliminin cəsədini avtomobilə qoyduq. Elə stadionda da ürəyi partladı…

- Ermənilərin və gürcülərin futbolu sanki daha irəlidədir kimi görünür. Buna səbəb nədir?

– Erməni futbolu hər zaman olub. Ermənilər SSRİ kubokunu alıb, SSRİ çempionu olub. O zaman UEFA-ya gedib. SSRİ yığmasında erməni futbolçular oynayıb. Azərbaycanın ən yaxşı futbolçusu Markarov erməni idi. Gürcülərdə də futbol güclü olub. Mənim sadəcə olaraq ən çox cırnadığım qardaş Türkiyədir. Bu saat Avropada oynayan gürcü futbolçularının hamısı Türkiyə vasitəsilə gediblər. Demirəm ki, bizim futbolçunu “Fənər”ə və ya “Qalatasaray”a apar, amma “Trabzon” və ya “Rizə”də oynatmaq olar. Bizim Qara Qarayevi götür apar o liqada yetişsin. Bir az ziyan çək, qoy formalaşsın. Orada oynayanda Avropa da görür. Bizdə ancaq “Qarabağ”, “Neftçi”, və ya “Qəbələ” Avropaya gedəndə bizim futbolçuları görürlər. Ancaq avropalı futbol menecerləri Türkiyə futbolunun hətta birinci divizionunu izləyir. Türkiyə bu məsələdə bizə dəstək olmalıdır. Təkcə bu deyil, Türkiyədə idman kanalları var və bütün dünya futbolu haqqında xəbər verirlər. Amma “Neftçi”, “Qəbələ” və ya “Qarabağ” haqqında bir kəlimə də kəsmirlər. Yalnız bir dəfə “Qarabağ” haqqında qısa danışılıb. Bizə dəstək olmalıdırlar, mən bunu umuram. Bütün bunlarla yanaşı birinci özümüzə, öz məşqçilərimizə arxayın olmalıyıq. Çünki onların ürəyi daha çox yanır. Qurban Qurbanovu gətirib 6 illik müqavilə bağladınız. Bəlkə də Qurbanı ona görə gətirdilər ki, başı milliyə qarışsın və “Qarabağ” çempion ola bilməsin. Adamın ağlına yüz fikir gəlir. Foqtsa 5 il imkan verirsən, Qurbana da 2 il imkan ver. Belə şeylər vəziyyəti daha da çətinləşdirir. Mən nikbinəm və bildiyim qədər komandaların sayı artacaq. Birinci divizionda futbolçu 300 manat alır. Kim gəlib futbol oynayar? Ona görə də gedib “Topazla” əlaqəyə girib uduzurlar. Çünki oradan 2 min alacaq. Bəzi oyunların üstü açıldı. Bunlara normal maaş verməliyik, heç olmasa 800-1000 manat.