Elman Rüstəmovun dünya şöhrətli MODELYER QIZI: “Azərbaycanda heyran olduğum...” - MÜSAHİBƏ

Baxış sayı:
583

"Azərbaycan qadınları müstəqildir, onlar demokratik respublikanın vətəndanşlarıdırlar. Siyasi, iqtisadi, sosial və mədəni sferalarda gender bərabərliyinə malikdirlər. Düşünürəm ki, onların geyim üslubları Avropa qadınlarının geyim üslubundan fərqlənmir. Əgər onlar Avropalı həmcinsləri ilə müqayisədə bəzən daha konservativ görünmək istəyirlərsə, bu, onların öz seçimləri olmalıdır, cəmiyyət və ailə tərəfindən diktə edilməməlidir. Öz yaradıcılığımda həmişə Azərbaycan mədəniyyətindən bəhrələnirəm. Mənim qadınım müstəqil və müasir ölkədə yaşayır".

Bu sözləri yaratdığı geyimlərlə dünyanın bir çox ölkələrində şöhrət qazanan dizayner Günel Rüstəmova Publika.az-a verdiyi müsahibəsində deyib.

Azərbaycanlı modelyer Günel Rüstəmovanın geyim kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Londonda, Parisdə kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli dəb şouları keçirilən G.Rüstəmova Oman şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir. Günel Rüstəmova modelyer olmaqla yanaşı, həm də rəssam kimi fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova 2005-ci ilin mayında Londonda “Gyunel Limited” şirkətini quraraq, onun direktoru olub.

Günel xanım, siz Birləşmiş Krallığın nüfuzlu universitet və moda məktəblərində təhsil almısınız. Mən söhbətimizə bu nöqtədən başlamaq istərdim. Modelyer olmanıza nə səbəb oldu və bu sahədə təhsil almaq qərarına necə gəldiniz?

- Bütün bunlar mən hələ uşaqkən çəkdiyim rəsmlər, eləcə də, uşaqlıq xatirələri ilə başladı. Mən o vaxtdan bəri şəkil çəkməyi sevirəm, həmişə özümü geyindiyim qiyafətlər və zahiri görünüşümlə ifadə etməyə çalışmışam. Bu həvəs mənə anamdan keçib, o, hobbi olaraq özü, rəfiqələri və ailə üzvləri üçün paltar modelləri çəkər və tikərdi. Odur ki, ölçüyə görə hazırlanmış geyimlərlə böyüdüm. İlk olaraq təsviri incəsənət və fotoqrafiyanı öyrənməyə başladım, daha sonra moda istiqamətində yönəldiyimi hiss etdim və mümkün qədər daha çox bilik əldə etmək üçün Birləşmiş Krallığın ən yaxşı moda institutlarında təhsil almaq qərarına gəldim.

Siz 14 ildən artıqdır ki, Londonda yaşayırsınız və sizin kolleksiyalarınız bu günə qədər dünyada bir çox moda nümayişlərində təmsil olunub. Siz London və Parisdə yüksək səviyyəli nümayişlərdə iştirak etmisiniz. Bu cür nüfuzlu tədbirlərdə iştirak etmək üçün bir modelyerdən nələr tələb olunur? Təcrübələrinizi və təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?

- Moda nümayişlərində iştirak edə bilmək üçün bir modelyerin qarşısında duran əsas tələb göstərilməyə dəyər məhsuldur və belə nəticənin əldə edilməsi uzun günlər, habelə gecələrdən ibarət, ağır zəhmətli, yaradıcı fikirlərlə dolu və peşəkar heyətin cəlb olunduğu uzun bir proses tələb edir.

- Bir çox Avropa və Asiya ölkələrindən olan yüksək vəzifəli şəxslər, o cümlədən Oman şahzadəsi və dünya ulduzları sizin yaradıcılığınıza müraciət etmişlər. Bəlkə uğur düsturunuzu bizimlə paylaşasınız...

- Uğur həyatda qarşına qoyduğun məqsədə çatmaq, sevdiyiniz işlə məşğul olmaqdır.

“Gyunel” brendinin tarixçəsini bilmək maraqlı olardı...

- Londonda moda məktəblərini bitirdikdən sonra öz brendimi yaratmazdan öncə 360 dərəcəli perspektiv əldə etmək üçün moda sahəsində müxtəlif rollarda çalışdım.

- Öz işini qurarkən nadir hallarda bütün işlər rəvan gedir. Bu işə başlayarkən hansı çətinliklərlə üzləşdiniz?

- Öz brendimi yaratmaq barədə xəyallar qururdum və bu arzu ilə öz üzərimə böyük məsuliyyət götürdüm. Çünki geyim brendi yaratmaq müəyyən bilik və bacarıqların tələb olunduğu prosesdir. Moda sahəsində yeni bir brend yaradarkən xəbərdar olmalı olduğunuz bir sıra problem və təhlükələr var. Bu proses yüksək öhdəlik, müəyyən material və vaxt sərfiyyatı tələb edir. Bu, çox mühüm məsələdir. Artıq beş ildir ki, mən və mənim dəyərli komandam bu işin öhdəsindən uğurla gəlirik.

Hər hansı bir modelyerin üslubunu təkrarlamadan unikal olmaq çox çətindir. Bu məsuliyyətin öhdəsindən necə gəlirsiniz? Ümumiyyətlə, brendinizin tərzi və fəlsəfəsi nədən ibarətdir?

- Mən adətən insanların mənim üslubumu “romantik qotik” adlandırdıqları çox sayda rəy alıram. Geyimlərimdə qotik memarlıq elementlərindən, qorqulya təsvirlərindən, Azərbaycan milli geyimlərinin ənənəvi detallarından, öz rəsmlərimdən, uşaqlıq xatirələrim və sürrealistik baxışdan istifadə edirəm.

Valideynlər bir qayda olaraq öz övladlarının onların yolunu davam etdirmələrini arzulayırlar. Bunu bilmək maraqlı olardı ki, valideynləriniz, xüsusilə atanız cənab Elman Rüstəmov sizin seçiminizi necə qarşıladı?

- Moda sahəsində təhsil almazdan öncə valideynlərimin arzusuyla Azərbaycan Dövlət İqtisad Universitetini bitirdim. Onlar mənim belə bir yaradıcı sferaya daxil olma seçimimi hörmətlə qarşıladılar. Geriyə baxdığımda, iqtisadi təhsilimin olmasından məmnunluq duyuram, çünki bu, öz biznesimin idarə olunmasında mənə çox kömək edir.

Son illərdə ölkəmizdə moda biznesi ilə məşğul olan xanımlarımızın sayı durmadan artır. Biz bu trendi müsbət qiymətləndirə bilərikmi?

- Tamamilə. Mən onların hər birinə uğurlar arzulayıram.

İncəsənət və idarəetməni bir-birinə necə uyğunlaşdırmaq olar?

 

- Yuxarıda qeyd etdiyim kimi, iqtisadi təhsilim öz brendimin idarə olunmasında mənə daha çox peşəkarlıq qatdı.

Moda əfsanəsi Canni Versaçe demişdir: “Trendlər arasında itib-batmayın. Dəbin sizi idarəetməsinə icazə verməyin, kim olduğunuza, geyiminiz və həyat tərzinizlə nə ifadə etmək istədiyinizə özünüz qərar verin”. Qadınlarımızın saysız-hesabsız moda brendləri arasında nə istədikləri barədə doğru qərar verə biləcəklərini düşünürsünüzmü?

- Azərbaycan qadınları həmişə zövqlə geyinirlər. Ölkəmi ziyarət edən əcnəbi dostlarımdan bizim xanımların geyim tərzi barədə eşitdiyim xoş sözlər məni sevindirir.

Hər bir qadının qarderobunda mütləq olması gərəkən əsas geyimlər hansılardır?

- Vintaj geyim, dəri gödəkçə, rahat hündür daban ayaqqabılar və sözsüz ki, kiçik qara don.

Hazırda hansı layihələr üzərində çalışırsınız?

- Mən hazırda növbəti kolleksiyam üzərində işləyirəm. Həmçinin çox yaxın gələcək üçün nəzərdə tutulmayan bəzi layihələrim var. Ümid edirəm ki, onlar haqqında tezliklə duyacaqsınız.

- Moda sizin üçün gəlir mənbəyidir, yoxsa ideya və fantaziyalarınızı gerçəkləşdirmək, özünü ifadə etmək yolu?

- Hər ikisi.

Dəb trendləri yalnız cəmiyyətin əhval-ruhiyyəsi ilə üst-üstə düşdükdə mövcud olur, süni şəkildə yaradılmış dəb trendləri məhvə məhkumdur. Sizcə, Azərbaycan qadınları süni və təbii trendləri ayıra bilirlərmi?

- Prinsip etibarilə, qəribəlikləri və tendensiyaları qəbul etmək və ya rədd etmək hər kəsin şəxsi seçimidir. Zənnimcə, Azərbaycan qadınları ümumiyyətlə, gözəl zövqə malikdirlər və fərq yaradabilirlər. Bununla belə, hamımızın yaşamış olduğumuz utandırıcı moda eksperimentləri var ki, bu da təbiidir.

Sizcə “fashionista” olmaq üçün dekolte və yarıqlı geyimlərin olması vacibdirmi?

- Modanı təqib etmək vacib deyil, lakin individual seçimlərə hörmətlə yanaşmaq lazımdır.

- Bir qayda olaraq, Azərbaycan mentaliteti qadınlarımızın geyim tərzinə bu və ya digər formada təzyiq edir. Bu amil sizin yaradıcılığınıza necə, təsir göstərirmi?

- Azərbaycan qadınları müstəqildir, onlar demokratik respublikanın vətəndanşlarıdırlar və siyasi, iqtisadi, sosial, mədəni sferalarda gender bərabərliyinə malikdirlər. Düşünürəm ki, onların geyim üslubları Avropa qadınlarının geyim üslubundan fərqlənmir. Əgər onlar Avropalı həmcinslərilə müqayisədə bəzən daha konservativ görünmək istəyirlərsə, bu onların öz seçimləri olmalı, cəmiyyət və ailə tərəfindən diktə edilməməlidir. Öz yaradıcılığımda həmişə Azərbaycan mədəniyyətindən bəhrələnirəm. Mənim qadınım müstəqil və müasir ölkədə yaşayır.

Azərbaycanda geyindirmək arzusunda olduğunuz bir qadın varmı?

- Əlbəttə, Azərbaycanda heyran olduğum çox sayda gözəl, zəkalı, güclü, uğurlu qadınlar var.

- Müsahibə üçün sizə təşəkkür edir və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

- Çox sağ olun!

Aytən Məftun