ELM SAHƏSİNDƏ DƏ “YAŞ İSLAHATI” APARILACAQMI? – Ekspert siyahını açıqladı

Baxış sayı:
4543

Ölkə başçısının vəzifədən azad etdiyi baş nazirin müavinlərilə görüşləri zamanı hakim komandanın pensiya yaşına çatmış üzvlərinə etdiyi çağırış və yeni, gənc nəslə yol açılmasına dair səsləndirdiyi fikirlər cəmiyyətin əsas müzakirə mövzusuna çevrilib. Gəncləşməyə, müasir yanaşmaya tələbat isə təkcə siyasi hakimiyyətdə deyil, cəmiyyətin, idarəetmənin digər sahələrində də ehtiyac duyulur. Və bunların sırasında elm sahəsinin xüsusi rolu var. Tanınmış təhsil eksperti Etibar Əliyev öz sosial şəbəkə səhifəsində bu məsələ ilə bağlı maraqlı fikir paylaşıb. “AzPolitika.info” həmin yazını təqdim edir: “Elmdəki qocalmadan başqa bütün sahələrdən danışırıq. AMEA prezidenti Akif Əlizadənin 85, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyevin 80, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyevin 72, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun 73, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun 73 yaşı var. 71 yaşının 23 ilini Tibb Universitetinə həsr etmiş Əhliman Əmiraslanov isə görün nə deyib: “Bu gün dünyada orta yaş həddi 70 və ondan yuxarı hesab olunur. Lakin bir sıra ölkələr var ki, orada orta ömür 84 yaş həddindədir, yaxın onilliklərdə həmin rəqəmin 90-a çatacağı güman edilir. Herontoloqlar dünyaya gələn hər üç uşaqdan birinin 100 il yaşamaq ehtimalı olduğunu söyləyirlər.” Bir sözlə, vəziyyət sabit ağır olaraq qalır! P.S. Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun da 80 yaşı var…”