Eldəniz Quliyev Nurəddin İsmayılı "zarafatcıl adam" adlandırdı

Milli Şura üzvü Sərdar Cəlaloğluna da tövsiyyə verdi: "Güzgüyə baxmayın, çünki..."

Bir neçə dəqiqə öncə ADP sədrinin müavini Nurəddin İsmayıl saytımıza açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevlə bağlı bəzi iddialar səsləndirib, onun "Azadlıq" qəzetindəki ittihamlarının əsassız olduğunu bildirib. Bununla bağlı Moderator.az-a açıqlama verən E.Quliyev N.İsmayılı tanımadığını, fəqət yazısından zarafatcıl insan olmasının sezildiyini vurğulayıb:

"Təəssüf ki, mən hörmətli Nurəddin bəyi tanımaq şərəfinə nail olmamışam, amma barəmdə dediklərini oxudum və açığı onun fikirləri mənə gülməli gəldi. Zarafatcıl adammış!.. Yazır ki, guya, bəzi adamlar kənarda dayanıb hər işə "mız" qoymağı xoşlayır... Təbii ki, ilk növbədə, məni nəzərdə tutur. Ay qardaş, bu səni narahat edirsə, onda zəhmət çək, yapış öz sədrinin yaxasından, soruş ki, ey mənim ağıllı-sayğılı, doktor-alim, ədəbiyyatçı- iqtisadiyyatçı, əmtəəşünas- teatrşünas, politoloq - antropoloq və üstə gəl digər 88 sahənin misilsiz mütəxəssisi sədrim Sərdar Cəlaloğli! Biz indi Eldəniz Quliyevə "mız qoyan" yarlıkı yapışdıracağıq, amma işdi-şaiyyətdi, birdən o, qayıdıb desə ki, bu məsələlərdə mən Sərdar "bəyin" yanından heç yel də olub keçə bilmərəm. Yəni hərşeyşünas S.Cəlaloğlu həm "mız", həm də qulp qoymaqda, həm vedrə bağlamaqda, həm fitə basmaqda, həm də hər şeyə və hamıya quyruq taxmaqda məşhuri-cahandır. Belə desə onda nə cavab verəcəyik?.. İkincisi, mən FB-dəki statusumda, siyasət aləmində çoxdan hörmətini salıb itirmiş Sərdar "bəy"in Milli Şura və şəxsən mənim ünvanıma dəfələrlə dediyi təhqiramiz fikirləri müqabilində çox yumşaq və həlim ifadılər işlətmişəm. Və: "satqın", "xəyanətkar", "yediyi qaba tüpürən", "xalqın inamını tapdayan", "tula payı dalınca qaçan","mandat süləngiləri" və s. və i.a. kimi sözlərdən uzaq qaçmışam. Amma uzaq qaçmamaq da olardı...

Bir də demək istəyirəm ki, Sərdar Səlaloğlu bu yaxınlarda mənə, gedib güzgüyə baxmağımı məsləhət görmüşdü. Qarşılıqlı olaraq, mən də ona tövsiyyə edirəm: Sərdar "bəy", güzgüyə baxmayın, çünki siz güzgüyə baxan kimi öz adınızı özgəyə qoyursunuz!"