Eldəniz Quliyev: "Azərbaycan tamaşaçısı komediya və faciəyə meyllidir"

Baxış sayı: 144

Kinodramaturq Amerikanın Səsinə müsahibəsində ölkədə kino sənayesində durumdan danışıb
 
Amerikanın Səsi: Azərbaycan kino sənayesinin fəlsəfəsini necə xarakterizə edərdiniz?
 
İnsani münasibət, xoşbəxt, əxlaqlı, mənəviyyatlı insan yetişdirmək Azərbaycan kino sənətinin fəlsəfəsi kimi qəbul olunur.
Eldəniz Quliyev: Azərbaycan, kino istehsalatında bu gün özünün problemlər mərhələsini yaşayır. Sualdakı fəlsəfə sözü məni bir qədər çaşdırır. Hər bir ölkənin kino sənəti o ölkənin vətəndaşının ləyaqətli, əxlaqlı, vicdanlı və mənəviyyatlı yaşayışına prioritet verməlidir. Azərbaycan kinosu da istisna deyil. Ölkədə kino sənəti yarandığı ilk vaxtdan, 1895-ci ildə Parisdəki kafe Şantanda (Parisin Kapusinov bulvarında ilk ictimai baxış olub-red) Lümyer qardaşlarının şəkilləri hərəkətə gətirməsindən cəmi üç il sonra 1898-ci ildə Azərbaycanda kino yaranıb. Mişon adlı bir fotoqraf bir neçə sənədli film çəkib. Bununla da Azərbaycanda kino sənayesinin özülü qoyulub. O vaxtdan indiyədək kino Azərbaycan mədəniyyətinin, mənəviyyatının tərkib hissəsidir. Ona görə insani münasibət, xoşbəxt, əxlaqlı, mənəviyyatlı insan yetişdirmək Azərbaycan kino sənətinin, kino istehsalının fəlsəfəsi kimi qəbul olunur.
Amerikanın Səsi: Ölkənin kino sənayesi gəlir gətirirmi?
 
İstedadlı, peşəkar kino xadimləri pərən-pərən düşüb.
Eldəniz Quliyev: Təəssüf ki, hazırda ölkənin kino sənayesi gəlir gətirmir. Bəlkə də bu özəl fikrimdir. Çünki, ən əsas kino istehsal bazası olan “Azərbaycanfilm” Kino Studiyası bu gün kifayət qədər öz gücündə işləmir, dövlət sifarişləri demək olar ki, yox dərəcəsindədir. İstedadlı, peşəkar kino xadimləri pərən-pərən düşüb. Bəzisi işsizdir, bəziləri hansısa kino prodakşnlarda (kino istehsalı-red) işləyir. Amma, cəm halında kimsə hesablasın ki, istehsal olunan filmlər qazanc gətirir-gətirmir, - çox güman ki, yox. Çünki kinoteatrlarımızda bir çox hallarda zallar boş olur. Sosial şəbəkələr, internet tamaşaçıları kinoteatrlardan bir az uzaq salıb. Əgər tamaşaçı azdırsa, təbii ki, gəlirdən də danışmaq olmaz. Üstəlik çəkilən filmlərin səviyyəsi, - hər halda daha yüksək səviyyə arzu edərdik.
Amerikanın Səsi: Azərbaycan əhalisi daha çox hansı janrlı və məzmunlu filmlərə baxır?
 
Ta qədimdən Azərbaycan tamaşaçısnın mental şüurunda komediya və tragediyaya bir meyl olub.
Eldəniz Quliyev: Ta qədimdən Azərbaycan tamaşaçısnın mental şüurunda komediya və tragediyaya (faciəyə) bir meyl olub. Təsadüfi deyil ki, 1898-ci ildə çəkilən sənədli filmlərlə yaşaşı, həmin o fotoqraf Mişelin çəkdiyi filmlər arasında bir dənə komediya da var. Adı da “İlişdin ha”-dır. Yəni orada da qaçmaq, qovmaq, yıxılmaq, durmaq, - gülməli bir situasiya filmi idi. Həm komediya, həm tragediya. Bu da bizim mental şüurumuzdan xəbər verir.
Amerikanın Səsi: Azərbaycanın milli kinosu beynəlxalq arenada qəbul edilirmi? Hansı kino festivalları Azərbaycan filmlərinə daha çox maraq göstərir?
 
Azərbaycan milli kinosu düşünülərəkmi, düşünülməyərəkmi, qəsdənmi inkişafdan demək olar ki, dayanıb.
Eldəniz Quliyev: Bu ağrılı sualdır. Çünki, dünya kinosu artıq innovasiyalarla, böyük texniki uğurlarla, bədii səciyə ilə çox inkişaf edib. Amma, təəssüf ki, Azərbaycan milli kinosu düşünülərəkmi, düşünülməyərəkmi, qəsdənmi inkişafdan demək olar ki, dayanıb. Bunu təəssüf hissi ilə deyirəm. Odur ki, Azərbaycan filmlərinin son zamanlar hər hansı bir prestijli (nüfuzlu-red) festivallarda iştirakı demək olar ki, yoxdur. İştirak olunanlar ikinci dərəcəli festivallardır. Oraya da ikinci dərəcəli filmlər göndərilir. Müəllif filmləri yox, peşəkar peşə adamları, ssenaristlər, rejissorlar, aktyorlar, rəssamlar, bəstəkarlar və sair əksəriyyəti pərən-pərən düşdüyü üçün bu gün yaxşı kinodan, yəni hər hansı bir hörmətli festivala gedib çıxan filmlərdən danışmaq hələ tezdir.