​Eldar Sabiroğlu prokurorluğa çağırıla bilər

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından olan Eldar Sabiroğlu prokurorluğa çağırıla bilər.
“Azadlıq”a daxil olan məlumata görə, buna səbəb YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamalarıdır.
Xatırladaq ki, Eldar Sabiroğlu partiyadaşlarını ünvansız tənqid edərkən Siyavuş Novruzov ona ad çəkməyi tövsiyyə etmişdi. Eldar Sabiroğlu da növbəti açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə Siyavuş Novruzovu hədəf almışdı. Bundan sonra YAP-çı deputat Eldar Sabiroğlu barəsində kəskin ittihamlar səsləndirmişdi. O, hətta partiyadaşını vətənə xəyanətdə ittiham etmişdi. “Uzun müddət tüfeyli həyat sürən, özünə ünvan tapa bilməyən Eldar nəhayət, 7 ildən sonra hansısa yollarla Müdafiə Nazirliyinə gəlib çıxıb. Əslində, Eldar Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür (Yeri gəlmişkən, Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa, yaxşı olar). Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir”, – deyə Siyavuş Novruzov vurğulamışdı.
Məlumata görə, YAP-çı deputatın Eldar Sabiroğlunu düşmənə məlumat ötürməkdə ittiham etməsi və Müdafiə Nazirliyinin bu məsələni araşdırmağa çağırması prokurorluğun diqqətini çəkib. Bildirilir ki, bu məsələnin araşdırılması müzakirə olunur və mümkündür ki, yaxın vaxtlarda Eldar Sabiroğlu prokurorluğa çağırılsın.