​Eldar Namazovun təşkilatının üzvləri İlham Əliyevi dəstəklədilər

Baxış sayı:
3094

ATƏT və AŞ PA seçkiyə müşahidəçi göndərəcək; politoloq: “Məni daha çox maraqlandıran seçkidən sonra olacaq proseslərdir”
 
“Deportasiya” İctimai Birliyi Ermənistandan azərbaycanlıların deportasiyasının il dönümünə həsr olunmuş növbəti iclasını keçirib. Birliyin yaydığı press-relizdə deyilir ki, birliyin sədri, politoloq Eldar Namazov həmvətənlərimizin Qərbi Azərbaycandan deportasiyasına, bizim xalqa qarşı soyqırım aktlarının törədilməsinə və Qarabağdakı torpaqlarımızın işğalına birliyin fəaliyyətində daimi əsas diqqət yetirildiyini qeyd edib: “Əslində bu problemlərin hamısının kökü birdir-erməni millətçilərinin əlləri ilə həyata keçirilən Rusiyanın regiondakı imperiya siyasəti. Məhz bu siyasətin nəticəsində bizim ərazilərdə müharibələr və münaqişələr baş verib, yerli sakinlər - azərbaycanlılara qarşı soyqırımı və deportasiya aktları baş verib. Bu baxımdan, 1997-ci ilin dekabrında imzalanan Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası haqqında mərhum prezident Heydər Əliyevin fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla ilk dəfədir ki, bir əsrdən artıq həyata keçirilən anti-Azərbaycan siyasətinə tarixi və siyasi qiymət verilib”.
Sonra görüş iştirakçıları birliyin idarə heyətinin üzvü, elmlər doktoru Əziz Ələkbərlinin həmvətənlərimizin tarixi torpaqlarından deportasiya olunmalarının tarixi və siyasi aspektlərinə həsr olunan məruzəsini dinləyib.
Bundan sonra yığıncaq iştirakçıları üçün “Deportasiya” Birliyi Şurasının üzvü olan şair Vahid Əzizin “Qərbi Azərbaycanım” adlı yeni mahnısının videoklipi təqdim olunub.
Yekun məruzə ilə sabiq təhsil naziri, professor Firudin Cəlilov çıxış edib. O, ölkəmizin çətin bir dövrdə inkişaf etdiyini, regional münaqişələrin ətrafımızda cərəyan etdiyini və bu münaqişələrin, xüsusən İsrail-İran münaqişəsinin sərhədlərimizə yaxınlaşma tendensiyasını vurğulayıb. Eyni zamanda erməni millətçiləri tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı nəticəsində Qarabağda hərbi əməliyyatların bərpa edilməsi ehtimalının yüksək olduğunu nəzərə çatdırıb. F.Cəlilov deyib ki, qeyd olunanlar hamısı bizdən xüsusi sayıqlıq, ümummilli birlik, cəmiyyətin və dövlətin səylərini birləşməsini tələb edir.
Firudin Cəlilov bu çətin geosiyasi şəraitdə daxili sabitliyin təmin edilməsi naminə hazırkı prezident İlham Əliyevin namizədliyini qarşıdakı prezident seçkilərində dəstəkləməyə çağırıb.
Müzakirələr zamanı danışan Qaçqınlar Cəmiyyətinin sədr müavini Cümşüd Dərələyəzli, “Deportasiya” birliyinin idarə heyətinin üzvləri Nurəddin Osmanlı və keçmiş baş prokuror Əli Ömərov da qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməyi vacib sayıblar.
Yayılan xəbəri dəqiqləşdirmək üçün “Yeni Müsavat”ın əməkdaşı birliyin sədri Eldar Namazovla əlaqə saxlayıb. Eldar Namazov bildirib ki, rəhbərlik etdiyi “Deportasiya” İctimai Birliyinin bir neçə tanınmış üzvləri İlham Əliyevin namizədliyinin müdafiə olunması ilə bağlı öz fərdi mövqelərini çıxışlarında ifadə ediblər: “Bizim toplantı barədə media üçün yaydığımız press-relizdə üç məsələyə baxıldığı qeyd olunub. Birincisi, deportasiyanın ildönümü ilə bağlı məruzə, ikincisi, hörmətli şairimiz Vahid Əzizin sözlərinə yazılmış mahnının videoklipinin təqdimatı, üçüncüsü, ölkədə yaranmış durum, görüləcək işlərlə bağlı məruzə. Həmin məruzələri dinlədik, müzakirələr keçirdik. Firudin müəllimin məruzəsində İlham Əliyevin dəstəklənməsi çağırışı oldu. O əsaslandırdı ki, hansı arqumentlərlə bu təklifi irəli sürür. Müzakirələr zamanı bir neçə ziyalımız da bu təklifi dəstəklədilər. Biz hamının mövqeyinə hörmətlə yanaşaraq bu fikirlərin hamısını öz press-relizimizdə əks etdirdik və yaydıq. Təbii ki, bu, seçkiqabağı yığıncaq deyildi. Bu, növbəti iclaslardan biriydi. Bizim qərarımız var ki, yaxın zamanlarda bu cür silsilə tədbirləri davam etdirək. Hər bir ziyalıya da öz mövqeyini ifadə etmək üçün şərait yaradacağıq. O ki qaldı seçki ilə bağlı mənim şəxsi mövqeyimə, mən bu yaxınlarda bəyan etmişəm ki, seçkilərin nəticəsi mənim üçün bəllidir və dəyişiklik olmayacaq, İlham Əliyev prezident seçiləcək. Məni daha çox maraqlandıran seçkidən sonra olacaq proseslərdir-islahatlar necə gedəcək, olacaqmı, Qarabağ məsələsində hansı addımlar atılacaq”.
Bu arada məlum olub ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasının göndərilməsi ilə bağlı qərar verib. Bürodan APA-ya verilən məlumata görə, missiya fevralın 21-22-də Bakıda olacaq.
Avropa Şurası Paprlament Assambeyası (AŞ PA) isə Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı martın 15-də qərar verəcək.
AŞ PA Bürosunun martın 15-də keçiriləcək iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunacaq, seçki ilə bağlı xüsusi komitənin (müşahidə missiyası) sədri və üzvləri seçiləcək.
 
Seçkiyə qatılanların sayı isə daha bir nəfər artıb. Belə ki, fevralın 18-də Vətəndaş və İnkişaf  Partiyası (VİP) Məclisinin iclası keçirilib. İclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak məsələsi ilə bağlı Məclisdə fevralın 11-də başlanan və konsensus əldə olunmaması səbəbindən bir həftə müddətinə ertələnən müzakirələr davam etdirilib. Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, ötən həftə olduğu kimi, bu iclasda da gərgin müzakirələr aparılıb və VİP-in 11 aprel seçkilərində iştirak tərəfdarları ilə əleyhidarları arasında qızğın, bəzən isə kəskin mübahisələr yaranıb. Bununla belə, VİP sədri Əli Əliyevin və partiya rəhbərliyində təmsil olunan veteran üzvlərin çıxışlarından sonra tərəflər öz  mövqelərini uzlaşdırmağa razılıq veriblər. Keçirilən səsvermədən sonra VİP sədri Əli Əliyevin prezidentliyə namizəd irəli sürülməsi haqqında qərar qəbul edilib. Seçki prosesinin gedişində qəbul edilməsi zəruri olan qərarların, o cümlədən VİP namizədinin növbədənkənar seçkilərdə iştirakını dayandırmaq haqqında mümkün qərarın qəbulu  partiyanın Siyasi Şurasına həvalə olunub.
 
“Cəbhəçilər” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Razi Nurullayevə isə MSK  imza vərəqələri verib. Yeni AXCP-nin Ali Məclisinin sədri Rafiq Daşdəmirli prosesin gedişatı ilə bağlı bildirib ki, fevralın 20-dən etibarən Razi Nurullayevin imzatoplama kampaniyasına start veriləcək: “İmza vərəqələrini fevralın 18-də götürmüşük. Fevralın 19-da imzatoplama kampaniyası ilə bağlı partiyanın qərargahında iclas keçirmişik. Artıq 20 fevral tarixindən imzatoplama kampaniyasına başlayacağıq. Namizədimiz Razi Nurullayevin adına bank hesabı açılandan 24 saat sonra prosesə start verəcəyik”.
R.Daşdəmirli qeyd edib ki, imzaların 60 dairədən toplanması nəzərdə tutulub: “Qanunvericiliyə görə, respublika üzrə minimum 60 dairədən imza toplamaq lazımdır. Artıq bu istiqamətdə bütün məsələlər həll olunub. Son məsləhətləşmələr aparılır. Hesab edirəm ki, imzatoplama kampaniyası çətin olmayacaq. Çünki biz partiyayıq və bir partiya üçün 45 min imza toplamaq çətin  olmamalıdır”.
 
Böyük Quruluş Partiyası isə prezident seçkisi ilə bağlı dünən yekun qərar verib. Partiyanın sədri Fazil Mustafanın verdiyi məlumata görə, rəhbəri olduğu siyasi təşkilat seçkiyə konkret namizədlə getməyəcək. Seçkiyə qatılan iddiaçılar rəsmi namizəd kimi təsdiq olunduqdan sonra Böyük Quruluş Partiyası müxalif düşərgəni təmsil edən, xüsusilə parlamentdə yer alan partiyaların namizədlərindən birini dəstəkləyəcək./musavat.com/