Eldar Mahmudovun əmisi oğluna ƏLAVƏ İTTİHAMLAR VERİLDİ

Baxış sayı:
2644

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində əlavə ittihamlar elan edilib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində işi araşdırılan Vüqar Mahmudova Cinayət Məcəlləsinin 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə əlavə ittiham verilib.

Qeyd edək ki, iyunun 28-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində ötən ilin noyabrın da Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra bu ilin fevralında onun barəsində olan həsb müddəti daha 4 ay artırılıb.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur./teleqraf/