​Eldar Mahmudovun atasının Naxçıvandakı abidəsi söküldü

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk liseyinin önündəki abidə sökülüb.
Bu barədə musavat.com məlumat yayıb.
Saytın yazdığına görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkət edən fəhlələr tanınmış alimin büstünə ip bağlayaraq, texnikanın gücü ilə dartıb yerə sərib, demontaj ediblər.
Qeyd edək ki, sabiq nazirin atası Əhməd Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, Akademiyanın həqiqi üzvü olub.
Onu da qeyd edək ki, Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.