“Eldar Mahmudova rüşvət verməmişəm…” – Fərhad Əhmədov

Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədov MTN-in onun qohumunu həbs etdiyi və 200 min manat aldıqdan sonra buraxdığı barədə məlumatı təkzib edir. Bu barədə AzPolitika.info-nun dünənki buraxılışında yayımlanmış “Eldar Mahmudov milyarderi şantaj edib! – MTN-in “işgəncə kralı” həbs olunub!” adlı yazıda bildirilib.
Cənab Fərhad Əhmədovun imzası ilə redaksiyamıza daxil olan təkzib məktubunda bildirilir:
“Rəhbərlik etdiyiniz “AzPolitika” Gündəlik Siyasi-İctimai Onlayn Qəzetinin 19.10.2015- ci il tarixli buraxılışında saat 14:49-da “Eldar Mahmudov milyarderi şantaj edib! – MTN-in “işgəncə kralı” həbs olunub!” adlı məqalə dərc edilmişdir. Həmin məqalədə qeyd olunmuşdur ki, “…Məlumata görə, təxminən 5-6 ay əvvəl Eldar Mahmudov Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarder Fərhad Əhmədovu şantaj edərək, ondan 200 min manat rüşvət alıb. Belə ki, F.Əhmədovun Azərbaycanda yaşayan yaxın bir qohumu MTN tərəfindən qondarma narkotik ticarəti ittihamı ilə həbs olunub. F.Əhmədov 200 min manat ödədikdən sonra qohumu sərbəst buraxılıb. Lakin milyarder bu şantajla barışmayaraq, Azərbaycan Prezidentinə şikayət edib…”. Nəzərinizə çatdırıram ki, mənim adımla bağlı həmin məqalədə dərc olunanlar həqiqətə uyğun deyil və həmin hadisə baş verməmişdir. Belə ki, tərəfimdən heç kimə, o cümlədən Eldar Mahmudova rüşvət verilməyib və qohumlarımdan MTN tərəfindən “qondarma narkotik ticarəti” ittihamı ilə həbs olunan olmayıb.”
İş adamı bunu nəzərə alaraq, həmin məlumatı təkzib etməyimizi istəyir.
Xatırladaq ki, sözügedən məqalədə təxminən 6 ay əvvəl həbs olunmuş MTN-in İstintaq Baş İdarəsinin rəis müavini, polkovnik Sahib Ələkbərovun və bu idarənin iki müstəntiqinin cinayət işindən bəhs olunur. Bu adamların bir vətəndaşa şər ataraq həbs etdikləri və ondan 200 min manat rüşvət aldıqdan sonra buraxdıqlarına görə həbs olunduqları bildirilir. MTN-in “işgəncə kralı” kimi tanınan Sahib Ələkbərovun bir neçə aylıq həbsdən sonra ev dustaqlığına buraxıldığı, yaxın həftələrdə məhkəməsinin başlayacağı qeyd olunur.
Bu məlumatı çətin şərtlər altında saytımıza ötürən mənbə bu MTN əməkdaşlarının Fərhad Əhmədovun qohumunu saxladıqlarına görə cəzalandırıldıqlarını bildirmişdi.
Lakin biz hörmətli Fərhad Əhmədovun təkzibini şübhə altına almır, Sahib Ələkbərov və daha 2 MTN müstəntiqinin barəsində vəzifə səlahiyyətlərini aşma və tələbetmə maddələrilə cinayət işi açıldığına şübhə etməsək də, bunun məhz Fərhad Əhmədovun Prezidentə şikayətindən sonra baş verdiyi haqda iddiada israr etmirik. Görünür məlumatın bu hissəsində müəyyən yalnışlığa yol verilib.
Azpolitika.info