“Eldar Mahmudov Londondadır” iddiası

Baxış sayı:
7216

Sabiq nazirin “Dumanlı Albion”a səfərinin məqsədi haqda məlumatlar yoxdur, amma... 10 gün sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasının və məlum MTN çetesinin ifşasının 4-cü ili tamamlanır. 2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudovun və dəstəsinin MTN-də hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib. Ötən müddət ərzində sabiq nazir özünün azadlığını qorumağı bacarıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, Eldar Mahmudov hazırda Londondadır. Onun “Dumanlı Albion”a səfərinin məqsədi haqda məlumatlar yoxdur. Sabiq nazirin azadlıqda qalması və xaricə səfərlərinin məqsədi haqda ehtimalları gücləndirən fikirlərlə parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc “Yeni Müsavat”a 2 il əvvəl verdiyi geniş müsahibədə tanış olmaq mümkündür. Deputat demişdi ki, Eldar Mahmudov və dəstəsinin əməlləri Cinayət Məcəlləsinin onlarla maddəsinin təsiri altına düşür. Deputatın qəzetimizə verdiyi müsahibəsində “Eldar Mahmudov nə üçün həbs olunmur” sualına belə cavab vermişdi. Sitat: “Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni ”toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları idarə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm, digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük “akulalara” çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur". Deputat Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa səbəblər haqda danışarkən demişdi ki, sabiq nazir faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamaqdadır: “Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrupsiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə, dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır. Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi ”repressiya qurbanı" kimi tanımaq lazımdır". Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. Ötən müddət ərzində baş verənlər onu deməyə əsas verir ki, Eldar Mahmudov həbs edilməyəcəyinə arxayındır. Onun işdən çıxarılmasından sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov istintaqçıların diqqət mərkəzində idi. Vidadi Məmmədovla Eldar Mahmudovun “işgüzar” əlaqələri sabiq nazir “OBXSS”də işlədiyi dövrə təsadüf edirdi. Belə ki, onlar bu qurumda birgə işləmişdilər. Eldar Mahmudov nazir olandan sonra isə kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlamışdı. 2007-ci ildə Vidadi Məmmədov da Vergilər Nazirliyinə gəldi və 5 il sonra, yəni 2012-ci ildə Eldar Mahmudovun dəstəyi ilə o, artıq vergi generalı oldu. Vidadi Məmmədovun Vergilər Nazirliyində uzun illər MTN şefinin adamı kimi fəaliyyət göstərməsi heç kimə sirr deyildi. Amma onun MTN-də daha bir güclü arxası da vardı: general Sübahir Qurbanov. MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Sübahir Qurbanovla Vidadi Məmmədovu birləşdirən təkcə 2011-ci ildə rəsmiləşən qohumluq telləri deyildi. Tezliklə məlum oldu ki, MTN çetesi və Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə əlbir işləyirmiş, “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edir, sonra isə külli miqdarda pul alaraq azadlığa buraxırmışlar. Bildirilirdi ki, Vidadi Məmmədov iş adamlarının dosyesını general qudasına verirdi ki, həmin iş adamlarının yalnız bir qismi məhkəmədə bunu etiraf etməli oldular. Bir çoxu isə külli miqdarda pulunu itirsə də, məhkəməyə üz tutmadı. Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, həbsdən qurtula bildi. V.Məmmədov həbsdən qurtula bilsə də, Sübahir Qurbanov məsuliyyətdən yayına bilmədi. Ötən il Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edildi. V.Məmmədov da qudasının məhkəməsində konkret iş üzrə ifadə verdi. Bir müddət əvvəl musavat.com Eldar Mahmudovla bağlı da maraqlı xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. “Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var”, deyə xəbərdə bildirilirdi. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev 10 gün əvvəl Səbayel Rayon Məhkəməsində iddiaçı olduğu bir iş üzrə qalib olub. Bəli, Mahmudovun ən yaxın adamı 2019-cu ilin sentyabrında Səbayel məhkəməsindən qalib çıxıb. Mahmudovun digər silahdaşı Ayaz Elxan oğlu Kərimovu da Azərbaycanın hüquq-mühafizə orqanları 4 ilə yaxındır ki, axtarırlar. Eldar Mahmudovun həbs ediləcəyi haqda xəbərlərə daha inanan qalmayıb. Özü və yaxın çevrəsinin dirçəlməsi fonunda başqa cür ola da bilməzdi./musavat